Suriyanın İdlib vilayətində artan gərginlik hələ davam edəcək.
Bu sözləri Axar.az-a Yaxın Şərq üzrə ekspert doktor Əyyub Ərsoy deyib.
Ekspertin sözlərinə görə, gərginliyin davam etməsinin 3 əsas səbəbi var:
“Birinci səbəb Əsəd rəhbərliyinin nəzarətindən kənarda yalnız iki bölgənin qalmasıdır. Əsəd hökuməti ilk hədəf olaraq İdlib bölgəsini seçib. İdlib bölgəsi Hələb-Şam və Hələb- Latakiyanı birləşdirir. Bu səbəblə bu bölgə Əsəd rejimi üçün çox əhəmiyyətlidir. Əsəd rəhbərliyi bu bölgəyə qarşı hərbi əməliyyatlarını davam etdirəcək”.
Əyyub Ərsoyun fikrincə, ikinci əsas səbəb Türkiyənin İdlib bölgəsini öz milli təhlükəsizliyi üçün olduqca əhəmiyyətli hesab etməsidir:
“Bu səbəbdən Türkiyə Əsəd qüvvələrinin İdlibə hakim olmasını istəmir. Bu faktor son üç gündə sözügedən bölgədəki hərbi əməliyyatları daha da gücləndirdi. Türkiyənin bu bölgədən çəkilməsi hərbi mübarizədə məğlub olması kimi şərh olunacaq. Bununla yanaşı, bu ərazidə yaşayan çox sayda insanın Türkiyəyə qaçqın olaraq gəlmə ehtimalı var. Bütün bu faktorlar Türkiyənin İdlibdəki hərbi mövcudluğunu davam etdirməsinə gətirib çıxarır”.
Politoloqun sözlərinə görə, İdlib bölgəsində gərginliyi davam etdirəcək üçüncü səbəb Rusiya faktorudur:
“Üçüncü faktor Rusiya üçün İdlib bölgəsindəki gərginliyin davam etməsinin önəm kəsb etməsidir. İdlib bölgəsində gərginlik davam etdikcə Rusiyanın həm Əsəd rəhbərliyi, həm də Türkiyəylə “bazarlıq” imkanları artır. Rusiyanın İdlib bölgəsində gərginliyin davam etməsində marağı var.
Beləliklə, İdlib bölgəsindəki üç əsas gücün strateji hədəfləri bir-birinin tam əksinədir. Buna görə bölgədəki gərgin mühit davam edəcək”.
Ekspert bu gərginliyin azalıb və ya çoxalmasını şərtləndirəcək əsas amilin Rusiya və Türkiyə liderlərinin 5 mart tarixində baş tutacaq görüşü olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.