Qərbi Azərbaycanda kütləvi etiraz: həbs olunanlar və yaralananlar var
İyunun 15-də İran polisi Qərbi Azərbaycan əyalətində qızıl çıxaran Ağdərə şirkətinin etiraz aksiyası keçirən işçilərini amansızcasına qovub
Bu barədə İranın müxalif Milli Müqavimət Şurası məlumat yayıb.
Etiraz aksiyasının keçirildiyi şaxta Qərbi Azərbaycanda Takab şəhərinin Taxt-e-Soleyman rayonu ərazisindədir. İşçilər bildiriblər ki, onların etirazı dinc xarakter daşıyıb, amma İran polisinin əməkdaşları onlara hücum ediblər.
Polis hücumu nəticəsində bir neçə qadın ciddi xəsarət alıb və huşunu itirib, on nümayişçi isə həbs olunub.
Etiraz edənlərin sözlərinə görə, onların yeganə tələbi şaxtaya işə qayıtmaq olub.
"Yerli sakinlər tam yoxsulluq şəraitində yaşayırlar, amma bu azmış kimi, şaxtanın rəsmi şəxsləri indi yerlilərin yerinə xariciləri işə götürürlər", - deyə aksiya iştirakçılarından biri vurğulayıb. (Virtualaz.org)