Sarkisyan pis vəziyyətə düşdü - O, unutmuşdu ki...
"Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasını şər-böhtan vasitəsinə çevirməklə prezident deyil, hərbi xunta rəhbəri olduğunu bir daha sübut etdi".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışına münasibətində bildirib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan prezidentinin yalan dolu bu çıxışı anti-Azərbaycan kampaniyasının bir hissəsidir: "BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Sarkisyan öz terrorist xislətinə uyğun olaraq erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri azərbaycanlıların ermənilərə qarşı törətdiyi cinayət kimi təqdim etməyə çalışdı. Bu, uzun illərdir informasiya savaşında ermənilərin sistematik olaraq Azərbaycana qarşı apardığı şər kampaniyasının tərkib hissəsi idi. BMT kimi mühüm bir beynəlxalq təşkilatın tribunasından öz yalanlarını dünyaya çatdırmaq istəyən Sarkisyan unutmuşdu ki, məhz bu tribunanın sahibi olan BMT-nin Təhlükəsizlik Şurası erməniləri işğalçı kimi tanıyan və onların Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmasını tələb edən dörd qətnamə qəbul edib".
Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər
Politoloq hesab edir ki, əslində Sarkisyan bu çıxışı ilə özünü pis vəziyyətdə qoyub: "Baş Assambleyanın sessiyasında iştirak edənlər isə siyasi aktorlar kimi öz ölkələrində qərar qəbul edən milli strukturların rəhbərləridir ki, onları bu yalanlara inandırmaq olmaz. Ona görə də erməni xunta rəhbəri əslində sadəcə olaraq özünü aldatmağa çalışdı və ifşa olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə manipuliyasiya edən Sarkisyan gah dünya erməniliyindən, gah "Artsax"dan, gah da xalqların öz müqəddəratını təyinetmə hüququndan danışdı. Amma heç bir halda mötəbər auiditoriyaya məntiqli bir fikir çatdıra bilmədi. Əksinə, ev sahibi ölkənin prezidentinin fikirlərinin əleyhinə fikirlər söyləməklə siyasi-diplomatik nöqteyi-nəzərdən pis vəziyyətə düşdü. Çünki ondan bir qədər əvvəl çıxış edən ABŞ Prezidenti Donald Tramp demişdi ki, hazırki vəziyyətdə xalqların öz müqəddəratını təyinetməsi adı altında sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Sessiyada iştirak edən hər kəs yaxşı bilir ki, ermənilər öz müqəddəratlarını Azərbaycanın onlara icarəyə verdiyi tarixi torpaqlarında öz milli dövlətlərini qurmaqla çoxdan təyin ediblər. İkinci erməni dövlətinin qurulmasına isə Azərbaycan əsla icazə verməyəcəkdir".
H.Babaoğlunun fikrincə, bu çıxış Ermənistanın küncə sıxışdırıldığının göstəricisidir: "Əgər diqqət etsək, görərik ki, ermənilər küncə sıxışdırıldıqda daha çox şər-böhtana əl atırlar. Hazırda ölkəmizin hərbi-siyasi və diplomarik səyləri nəticəsində ermənilər küncə sıxışdırılıblar. Hər gün daha çox başa düşürlər ki, işğal etdikləri torpaqları gec-tez azad etməlidirlər. Bu gerçəklik onları daha da aqressiv edir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan mütləq öz suveren hüquqlarını bütün ərazisi üzərində bərpa edəcəkdir".
Xatırladaq ki, S.Sarkisyan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisini müstəqil respublika kimi qələmə verib, oradakı xalqın öz müqəddəratını təyin edə bilməsindən, erməniliyin hüquqlarının qorunmasından danışıb və Azərbaycanı "inkişaf edən Artsax" üçün təhlükə adlandırıb.