Putindən Qarabağ əvəzinə Suriya təklifi
Ankarada Rusiya - İran - Türkiyə görüşünün arxa planı
Rusiya, İran və Türkiyə münaqişədən sonrakı Suriyanı birgə bərpa etmək barədə anlaşıblar.
İstiPress-in məlumatına görə, bu barədə “TASS” agentiliyi Ankarada Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş görüşdən sonra Rusiya liderinə istinadən bildirib.
“Biz Suriyanın münaqişədən sonrakı bərpası üzrə səylərin birləşdirilməsi barədə razılaşdıq. Söhbət hər şeydən öncə sosial və infrastruktur obyektlərinin tikilməsindən gedir”,- deyə Vladimir Putin görüşdən sonra vurğulayıb.
Beləliklə, Rusiya prezidenti dolayısı ilə Suriya məsələsində Türkiyəyə güzəştə gedildiyini vurğulayıb. Əvvəllər isə nə İran, nə də Rusiya Türkiyənin Suriya barədə iddialarını qəbul etmirdilər və Suriyanın bütünlüklə Bəşar Əsəd rejiminə tabe edilməsinin vacibliyini vurğulayırdılar. Amma indi vəziyyət dəyişib və Rusiyanın hakimiyyət yönümlü mətbu orqanları Türkiyədə suriyalı qaçqınlar probleminin ciddi olduğunu, buna görə də Türkiyənin həmin qaçqınları yerləşdirmək üçnü Suriyanın müharibədən sonrakı bərpasında iştirakının vacibliyini vurğulayırlar. Bu isə o deməkdir ki, Türkiyənin müəyyən əraziləri öz nəzarətində saxlayaraq suriyalı qaçqınları repatriasiya etməsinə və sonradan həmin ərazilərin federal Suriya hökumətinin qurulmasında iştirakına Moskva və Tehran razılıq verir.
Maraqlıdır ki, Rusiyanın “Regnum” portalı bu varianta Ankara görüşündən bir gün qabaq - aprelin 3-də toxunmuşdu və gündəmə İran - Türkiyə münasibətlərini gətirmişdi. Azərbaycan bayrağının kollaj materialı kimi istifadə edildiyi həmin məqalədə iddia edilirdi ki, Ankarada İranla Türkiyə ənənəvi təsir dairələrinə qayıtmaqla bağlı anlaşacaqlar - Türkiyə sünni zonalarına, yəni Suriyaya, İran isə öz ənənəvi şiə zonalarına, yəni Azərbaycana dönəcək. Bu, isə Türkiyənin Qarabağ məsələsində İrana güzəştə getməsi deməkdir. İranın münaqişə ilə bağlı kimin yanında olması göz qabağındadır, indi ələ keçən faktlarda hətta 25 il qabaq Kəlbəcərin işğalı zamanı Ermənistan tərəfdən vuruşan erməni və PKK-çı kürd hərbçilərə rəhbərliyin həmədanlı İran zabiti tərəfindən edildiyi ortaya çıxır. Yəni İran variantı Azərbaycan üçün heç arzu olunan deyil.
Politoloq Elxan Şahinoğlu isə İstiPress-ə müsahibəsində Ankara görüşünün ümumiyyətlə Qarabağ münaqişəsinə dəxli olmadığını, yalnız Suriya nizamlanması ilə məhdudlaşdığını vurğulayır:
“Əslində, Suriya məsələsindən sonra üç ölkənin Qarabağ münaqişəsinin həlli üzərində danışıqlar aparması daha məqsədə uyğun olardı. Hər halda, hər üç ölkənin Azərbaycanla sərhəddi var və Ermənistanı işğaldan əl çəkmiəyə məcbur edə bilərdilər. Lakin belə görünür ki, Rusiya hələ münaqişənin həllini istəmir. Əksinə Ermənistana S-400 raketləri verərək Azərbaycanla sərhəddə yerləşdirir, Xəzər donanmasını Dərbənd yaxınlığına gətirir və s. Yəni Rusiyanın belə fikri yoxdur”,- deyə Elxan Şahinoğlu vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə də bu məsələnin həlllinə israr etməz: “Ərdoğan bu məsələni bir dəfə Putinə dedi, Putin isə münaqişənin həllinin yetişmədiyin bildirdi. Bundan sonra Türkiyə məsələnin üstünə bir də getməz”.
Belə çıxır ki, Rusiya Suriyadan çıxmaqla Cənubi Qafqazda möhkəmlənməyi qərara alıb. Bu isə Moskvanın Azərbaycanı öz orbitinə - Avrasiya İttifaqına və KTMT-yə salmaq niyyətini gücləndirəcəyi anlamına gəlir. Yəni rəsmi Bakı indən belə Moskvanın bu istiqamətdə təzyiqlərinə hazır olmalıdır və Azərbaycanın suverenliyini maksimum qorumağa çalışmalıdır.