Yunan nazir Ankaranı hücumla hədələdi, sərhədə 7 min əsgər çıxardı: "Türkləri əzərik, cəsarətləri varsa..."
Türkiyə ilə Yunanıstan arasında Egedəki ada və ehtimal olunan qaz yataqları ilə bağlı gərginlik savaş həddinə çatıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 3 ayda xeyli gərginləşən münasibətləri bu gün Yunanıstanın müdafiə naziri Panos Kammenos verdiyi açıqlama ilə daha da alovlandırıb.
O, Türkiyəni Yunanıstanı təxribata çəkməyə davam edən düşmən adlandıraraq, deyib ki, mübahisə doğuran Egey dənizindəki adalara və Türkiyə ilə sərhədə hazırlıqlı böyük ordu göndərib: "Əmr verdim, Egeydəki adalara və Türkiyə ilə sərhədə 7 min hazırlıqlı döyüşçü çıxarıldı. İndi türklərin cəsarətləri varsa, bir qarış torpağımıza göz diksin, onları əzərik".
Müdafiə naziri bəyan edib ki, Ankaranın təhdidindən qorxmurlar, əksinə daha da qəti addımlar atmaqda qərarlıdırlar: "Biz türklərin təxribatlarında qorxmuruq, onların qarşında geri çəkilməyəcəyik".
Sonda isə o, bir qədər də irəli gedərək, ötən ay dumanlı hava səbəbindən azaraq, Türkiyə sərhədini keçən və buna görə həbs edilən iki yunan əsgərinin də hücumla azad edilə biləcəyini bəyan edib.
Onu da qeyd edək ki, iki dövlət arasındakı gərginlik Avropa İttifaqı səviyyəsində ötən ay müzakirəyə çıxarılıb və Ankaraya xəbərdarlıq edilib. Lakin Türkiyə heç bir halda geri çəkilməyəcəyini bəyan edərək, hər dəfə Yunanıstana tarixi dərsləri xatırladıb.
Elə ötən gün Baş nazir Binəli Yıldırım "Yunanlar təxribatdan əl çəksin, onlar heç vaxt 1922-ci ildə dənizə necə töküldüklərini unutmasınlar" deyə, növbəti xəbərdarlıq edib.
Bu gün isə yunan ordusunun rəhbərinin verdiyi bəyanatın elə buna cavab olduğu da iddia olunur.
Yunanıstan müdafiə nazirinin bu bəyanat və addımlarından sonra gözlər Türkiyəyə dikilib.
Maraqlıdır, rəsmi Ankara yunanların ordu həmləsinə qarşı hansı addımı atacaq?