Jirinovskidən şok sayıqlamalar: “Türkiyə parçalanacaq”
Fərəc Quliyev: “Jirinovskinin istəkləri Rusiyanın rəsmi arzularıdır”; Əhəd Məmmədli: “10-15 ilə Rusiyanın özü parçalanacaq”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə sarsaqlayıb. O bildirib ki, ABŞ ermənilərin və kürdlərin əli ilə Türkiyədə narahatlıq yaratmaq niyyətindədir.
Sitat: “İrəvan Qərbi Ermənistanın onlara verilməsi qarşılığında ABŞ-a yardım edəcək. Kürdlər və ermənilərin vasitəsilə onlar 10-15 il sonra Türkiyəni parçalayacaqlar. Ona görə ki, Ermənistan amerikalılara İrana qarşı əməliyyatlarda yardım edəcək, əvəzində Qərbi Ermənistanı alacaq. Kürdlər isə birləşmiş Kürdüstan yaratmaq istəyirlər. Kürdlərin böyük hissəsi Türkiyədədir. Yekunda Türkiyə və İranın yerdə qalan hissəsi Rusiyanın tərkibinə daxil olacaq”.
Kremlin “danışan dili” sayılan Jirinovskinin bu açıqlamalarının təsadüf olmadığı, əslində onun Rusiyanın niyyətini ifadə etdiyi, bu yolla mesajlar verdiyi bildirilir. Partiya sədri nə qədər qeyri-ciddi siyasətçi sayılsa da, onun fikirlərinin Türkiyə və İran tərəfindən etiraz doğuracağı gözləniləndi. Görünən odur ki, Jirinovski açıq şəkildə hər iki dövlətin yer üzündən silinəcəyi barədə danışır, Qərbi Ermənistan və Kürdüstan məsələsini məqsədli şəkildə gündəmə gətirir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Jirinovskinin dedikləri Rusiyanın rəsmi fikridir: “O, tez-tez bu cür sərsəm fikirlər səsləndirir. Bu, Rusiyanın sarsaq siyasətidir. I Pyotrdan bu tərəfə sarsaq siyasəti davam etdirirlər. Onların burada Amerikanın adını çəkməkdə məqsədləri odur ki, bu siyasəti başqalarının həyata keçirmək istədiyi görüntüsünü yaratsınlar, ”bu siyasəti biz aparmırıq, sadəcə, bu dövləti dağıdacaqlar, biz də payımızı götürürük" kimi mesajlar verirlər. Rusiya-Türkiyə arasındakı son zamanlardakı yaxınlıq səmimi deyil. Necə səmimidir ki, Rusiyada PKK-nın ofislərini saxlayırlar. Səlahəddin Dəmirtaş ora gedəndə xüsusi bir qarşılanma orada oldu. Jirinovskinin istəkləri Rusiyanın rəsmi arzularıdır. Təbii ki, onlar hələ arzularına çatmayıblar, amma ayıq olmalıyıq ki, bizim bölgədə Türkiyə, türk dünyası üzərində qurduqları planları həyata keçirə bilməsinlər. Onlar türk dünyasının ayaqlarının bir az büdrəməsini gözləyirlər. Bu məsələlər ciddiyə alınmalıdır. Bunu bir sarsağın fikirləri kimi qəbul etmək olmaz. Mütləq Rusiyadan bir dövlət rəsminin bu açıqlamalarla bağlı mövqe bildirməsi tələb olunmalıdır. 2010-ci ildə parlamentdə ilk çıxışımı Türkmənçay və Gülüstan müqavilələrinin qüvvədən düşməsi ilə başlatdım. Dedim ki, biz bu müqavilələrin qüvvədən düşməsini tanımalıyıq. Çünki belə olan halda avtomatik olaraq İrəvanın, Ermənistanın özünün statusu haqqında danışa bilərik. Azərbaycanı bölən Rusiya və İran idi. Artıq subyektlərdən biri ortada yoxdur. Azərbaycanın Şimalı isə müstəqildir. Deməli, bu müqavilə qüvvədən düşüb. Tarixçilərimiz, diplomatlarımız, Xarici İşlər Nazirliyi, siyasi partiyalar üzərlərinə düşən məsələləri informasiya maşınında ortaya qoymalıdırlar. Jirinovskinin axmaq-axmaq danışdığını söyləmək düzgün taktika deyil. O, çox ağıllı düşməndir. Birmənalı şəkildə Rusiyanın mövqelərindən çıxış edir. Amerika tərəfindən İran üzərində sıxlaşan buludları Rusiya da görməmiş deyil. İranın dəyişməsi ilə bağlı ortada layihələrin olduğu görünür. Rusiya da qonşu dövlətlərə qarşı bir yerə qədər sadiq olub. İndiyə qədər bunun şahidi az olmamışıq. Bu ölkənin dostu yoxdur. Ukrayna kimi yaxın qardaş saydığı dövlətin belə nəinki arxasında durmadı, əksinə, ərazisini parçaladı. Kreml hətta bununla Amerikaya da mesaj verir ki, biz onun nəinki arxasındayıq, siz dağıdın, amma bizim də payımızı verin. Bu gün Rusiyanın heç bir müttəfiqi yoxdur. Belə açıqlamalar Rusiyanın yoxlama siyasətidir. Bu siyasətə uyğun siyasət yürüdülür".
Politoloq Əhəd Məmmədli 10-15 il sonra Rusiyanın özünün parçalanacağını bildirdi: “Rusların özlərinin bir deyimi var: ”Arzu etmək ziyan deyil". 10-15 ilə Rusiyanın özü parçalanacaq. Dünya xəritəsində Rusiya adlı dövlət olmayacaq. Türkiyəyə qarşı Amerikanın, Avropanın, Rusiyanın, İranın da həmlələri olub və olacaq da. Amma həmişə olduğu kimi düşmənlərin bütün həmlələrini qardaş ölkə dəf edəcək. Hazırda parçalanmağa meylli birinci ölkə Rusiyadır. Rusiyada rus sayılan kazaklar artıq özlərini fərqli xalq sayaraq muxtariyyət tələb edirlər. Dünyada ən çox tərkibində milli muxtar respublika olan dövlət Rusiyadır. Və bu muxtariyyətlər hər an başlarını qaldıra bilərlər. Əslində kürdlər türklərə ən yaxın xalqdır. Antanta ordularını türklərlə bərabər kürdlər də Anadoludan qovublar. Türk xalqının ən çətin dönəmində qardaş kürd xalqı yanında oldu. Sadəcə, sonradan bir qisim ateist-marksist kürdü əvvəl SSRİ, sonra da ABŞ müsəlman Türkiyəyə qarşı istifadə etdilər. AK Partiya iqtidara gələndən sonra qardaş türk və kürd xalqları daxili xainlər və xarici düşmənlərə qarşı birlikdə cavab verdilər və yenə də birlikdə bütün xain planlara cavab verəcəklər. Rusiyaya gəldikdə isə bu dövlət əsrlərdir arzulayır, planlar qurur ki, İstanbulu paytaxtı etsin. İndiyə qədər bütün planları da iflasa uğrayıb. Ruslar yenə bu illüziyalarından əl çəkməyiblər. Türklərin Qızıl Orda imperiyasının qalıqları üzərində dövlət quran Rusiya özü qalıqlara çevriləcək və bu qalıqlar üstündə yeni türk, müsəlman dövlətləri qurulacaq".