AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞOK: Paşinyan böyük dövlətlərə qarşı “HÜCUMA” KEÇDİ - İran, Rusiya və Türkiyə TƏHLÜKƏDƏ

  • + A
  • - A
  • 1-06-2018, 12:46

    ŞOK: Paşinyan böyük dövlətlərə qarşı “HÜCUMA” KEÇDİ - İran, Rusiya və Türkiyə TƏHLÜKƏDƏ













    Milli.az xəbər verir ki, bu ilin aprel ayının sonlarında Ermənistanda kütləvi etiraz aksiyaları nəticəsində Serj Sarqsyanın baş nazir postundan istefa vermək məcburiyyətində qalması onun hakimiyyətlə vidalaşması idi.
    "Haykakan Jamanak" qəzetinin sabiq baq redaktoru, bir zamanlar keçmiş prezident Levon Ter-Petrosyanın yanında yavərlik etmiş Nikol Paşinyan Ermənistanın baş naziridir.
    Prezident Armen Sarkisyanı nəzərə almayaq, çünki qonşu ölkədə Konstitusiyaya edilmiş əlavələr və dəyişikliklərdən sonra Ermənistan artıq parlament üsul-idarəli ölkədir. Bu səbəbdən də baş nazirin real səlahiyyətləri hətta prezidentin deklarativ funksiyaları səlahiyyətlərindən də dəfələrlə artıqdır.
    Nikol Paşinyanın yürütməyə başladığı siyasət, xüsusilə də xarici siyasətdəki vurnuxmalar Ermənistanda fərqli xuntanın bərqərar olmağa başladığını göstərir.
    Olmayan kimi görünən olanlar
    Ermənistandakı hakimiyyət dəyişikliyinə səbəb olmuş genişmiqyaslı xalq etirazlarının, narazılıq dalğasının sırf "erməni məhsulu", ermənilərin mövqeyi və az qala kollektiv şüuru olduğu deyilir.
    Qərb mediası, ABŞ və Britaniyanın nəhəng informasiya korporasiyaları N.Paşinyanı "Ermənistanın xilaskarı" kimi təqdim edir, onun az qala Robin Hud xislətli olduğunu yazır və xüsusi vurğulayırlar ki, Ermənistanın üzləşdiyi problemləri həll edə biləcək yeganə siyasi fiqur məhz odur.
    O məqam da ön plana çəkilir ki, Ermənistandakı aksiyalarda ABŞ və Avropa əsla iştirak etməyib, heç bir "rəngli inqilab" ssenarisi reallaşdırılmayıb və s.
    Rusiya da eyni bəyanatlar verir.
    İlk baxışdan belədir: Qərb də, Rusiya da Ermənistandakı proseslər zamanı sadəcə, ölkənin daxili siyasətinə, "bütün problemlərin dinc yolla həllinin məqbulluğu"nun önəmli olmasına yönəlmiş çağırışlar səsləndirdilər.
    Hər hansı şüar olmadı.
    Rusiyanın XİN-i Ermənistandakı etiraz aksiyalarını dəstəklədi. Rusiya prezidenti Vladimir Putin isə N.Paşinyan baş nazir seçilən kimi onu təbrik etdi.
    Daha sonra isə Moskvada Putinlə Paşinyan arasında görüş oldu. Rusiya prezidenti həmin görüşdə səmimi təsir bağışlayırdı.
    Fəqət, bir məqam var.
    Ermənistanda etiraz aksiyaları başlanmazdan üç gün əvvəl prezident Armen Sarkisyanın andiçmə mərasimi keçirildi.
    Həmin mərasimin qonaqları arasında isə yetərincə maraqlı fiqurlar vardı.
    İnauqurasiya mərasiminin canlı yayımında Ermənistan və Rusiya vətəndaşlarının tam əksəriyyətinin əsla tanımadıqları üç nəfər simalarını nə qədər gizlətməyə çalışsalar da, kameralara düşdü.
    Onlar Harri Bernşteyn, Martin Silverşteyn və Rocer Noryeqa idilər.
    Harri Bernşteyn ABŞ-ın Müdafiə və Maliyyə nazirlikləri, Dövlət Departamenti, Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsi ilə yanaşı, 4 transmilli korporasiyanın müşaviridir.
    Əvvəllər MKİ-nin polkovniki olmuş bu şəxs bir sıra çox önəmli antiterror əməliyyatlarına, o cümlədən 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktların, habelə 1998-ci ilin avqustun 7-də ABŞ-ın Keniyadakı və Tanzaniyadakı səfirliklərinə terror hücumlarının araşdırılmasına rəhbərlik etmişdi.
    Mərkəzi Kəşfiyyat İdarəsində indi həmin problemlərin həlli ilə H.Bernşteynin şagirdləri məşğul olurlar. Bu səbəbdən ABŞ-ın kəşfiyyat və güc strukturlarında Bernşteynin nüfuz imkanları yetərincədir.
    2001-2005-ci illərdə ABŞ-ın Uruqvaydakı səfiri işləmiş Martin Silverşteyn prezident Donald Trampın administrasiyasında mühüm yer tutur. O, Ağ Ev administrasiyasının kadr siyasətinə birbaşa təsir imkanlarına malik olmaqla yanaşı, Donald Trampın özü və onun kürəkəni Cared Kuşnerin ailəsi ilə çox yaxın əlaqələrə malikdir.
    Donald Trampın qızı İvankanın əri Cared Kuşnerin özü və ailəsi isə ABŞ-ın xarici siyasətində qərarların qəbulunda heç də son sıralarda durmurlar.
    Rocer Noryeqaya gəldikdə isə o, ABŞ Dövlət Departamentinin "boz kardinal"larından biri kimi tanınır. Departamenti tərk edəndən sonra o, Latın Amerikası ölkələrnində Vaşinqtonun maraqlarının təminatı sahəsində çalışmağa başlayıb.
    Venesuela, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya, Argentina, Çili və Surinamdakı etiraz aksiyalarının təşkil olunması, habelə müxalifətin dəstəklənməsi Noryeqanın səlahiyyət dairəsindəki məsələlərdir.
    O, əslən Latın Amerikasından olan ən nüfuzlu respublikaçılardan biri olmaqlda yanaşı, Dövlət Departamentinin nəhbəri Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə D.Trampın köməkçisi Con Boltonla çox sıx, intensiv işgüzar təmaslardadır.
    Digər maraqlı fakt odur ki, Böyük Britaniyada bizneslə məşğul olduğu illərdə ABŞ-da geniş əlaqələr qurmasına rəğmən Ermənistan prezidenti Armen Sarkisyan bu adamlardan heç birini tanımırdı.
    "Trio"nu Ermənistana ABŞ vətəndaşı olan erməni Armen Melşikyan dəvət etmişdi.
    İnauqurasiya mərasimində fəxri qonaq kimi davranan A.Melikyan sonradan ABŞ-a yollanmadı, İrəvanda qaldı.
    Harri Bernşteyn, Martin Silverşteyn və Rocer Noryeqanın Ermənistandakı kütləvi etiraz aksiyalarının başlayacağından xəbərsiz olduqlarını düşünmürük.
    Bundan başqa, Nikol Paşinyanla "dost" olduğunu çox sonra, hakimiyyət dəyişikliyindən sonra açıqlamış Armen Melikyanın da İrəvandakı proseslərə soyuqqanlı müşahidəçi qaldığını fərz etmək sadəlövhlük olardı.
    Ən azı ona görə ki, Melikyan ABŞ-dakı erməni diasporunda "çevrilişlərin pul kisəsi" ləqəbi ilə tanınır.
    Paşinyanın sorosçu komandası
    Cənubi Qafqazda birbaşa strateji, siyasi, iqtisadi, maliyyə, hərbi və s. maraqları olan Qərb ilk əvvəl Gürcüstanda hakimiyyət dəyişiklikliynə nail olandan sonra eyni ssenarini Ukraynada tətbiq etdi.
    2014-cü ilin "Maydan"ı Ermənistanda təkrarlandı.
    Postsovet məkanında kütlənin təzyiqi ilə hakimiyyət dəyişikliyi prosedurlarına çox soyuq, hətta pis baxan Rusiya məhz bu səbəbdən Ermənistandakı proseslərin arxasında kimlərin durduğunu bilsə də, hadisələrə sərt reaksiya verə bilmədi.
    Halbuki Gürcüstan və Ukraynadan fərqli olaraq, Ermənistan Rusiyanın forporstu, vassalı, bütünlüklə asılı "müttəfiq"i və müstəqilliyini "böyük qardaş"a hədiyyə etmiş köləsidir.
    Moskva indi İrəvandakı prosesləri sanki acizliklə müşahidə edir, Paşinyanı ələ almağa, onu Qərbin "qucağından çıxarmağa" çalışır.
    Lakin artıq gecdir.
    Ermənistanda Müdafiə və Xarici İşlər nazirliklərinin rəhbərləri postuna, sonra da Təhlükəsizlik Şurasının sədri vəzifəsinə təyinatlar, Paşinyanın "seçim"i Moskva üçün həyacan siqnalı olmalıydı.
    Olmadı.
    Halbuki bu təyinatlar Ukraynadakı "Maydan"dan sonrakı vəzifə bölgüsünün sanki tam bir təkrarıdır və paralelləri görməmək mümkün deyil.
    Ermənistanın baş naziri Nikol Paşinyanın komandasında indi "rəngli inqilab"lar ssenariləri üzrə ustalaşmış Corc Sorosun yetirmələri, Vaşinqton və Londonun bilavasitə nəzarətindəki adamlar üstünlük təşkil edir.
    Məsələn, Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan milyarder Corc Sorosun fondunun maliyyələşdirdiyi "Transparency International" təşkilatında koordinator işləyib.
    Ermənistanın yeni təhsil və elm naziri Araik Harutyunyan əvvəllər Helsinki Komitəsində və "Transparency International"da çalışıb.
    Ermənistanın Dövlət Nəzarət Xidmətinein rəhbəri təyin olunmuş David Sanasaryan həmişə aşkar, qatı anti-Rusiya mövqeyi ilə seçilib. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması tələbi ilə Rusiyanın İrəvandakı səfirliyi önündəki istisnasız olaraq bütün etiraz aksiyalarında D.Sanasaryan fəal iştirak edib, proseslərin rəhbərllərindən biri olub.
    ABŞ-da doğulmuş Raffi Hovannisyanın sədr olduğu Ermənistan İrs Partiyasında funksionerlik etmiş D.Hovannisyan təyinatından bir qədər əvvəl "Partiyanın bayrağını bir kənara atdım - bizə birlik lazımdır" deyərək güya Paşinyanın dəstəsinə keçdiyini bəyan etmişdi.
    Ermənistanın müdafiə naziri David Tonoyan 1990-cı illərin sonlarında ölkəsinin NATO-dakı təmsilçisi olub. 2005-ci ildə birmənalı olaraq NATO-nun "Ermənistandakı adamı" kimi tanınan D.Tonoyan ötən aya qədər ABŞ-ın Ermənistandakı hərbi attaşesi, polkovnik Erik Larssenin göstərişləri əsasında hərəkət edib.
    Ermənistanda diaspora ilə iş üzrə baş nazir müavini isə təbii ki, Parisdə doğulan, ABŞ-da təhsil alan və "Sorosun əsgəriyəm" ifadəsi ilə məşhurlaşan Babken Ter-Qriqoryan olmalıydı. Soros Fondunun Ermənistanda proqram koordinatoru olmuş Ter-Qriqoryan həm də "Transparency International"ın yetirdiyi "qiyam+inqilab qvardiyası"nın mənsublarından sayılır.
    O, İrəvandakı etiraz aksiyalarından birində Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış söyüş yazılmış plakat tutaraq qürurla kameralar qarşısında pozalar vermişdi.
    İrəvanda Qərb oyuncaqları
    Beləliklə, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın və onun komandasının, nazir postlarına təyin olunmuş insanların keçmişi, habelə siyasi mövqeləri baxımından Qərbin, daha doğrusu, ABŞ-ın xüsusi xidmət strukturlarının, xüsusilə də Soros Fondunun postsovet məkanında hazırlayıb maliyyələşdirdiyi, "yeni layihə" adlandırılan konqreqasiyanın üzvləri olduğu aşkarlanır.
    Buna xüsusi diqqət yetirmələri gərəkən ölkələr Türkiyə və Rusiyadır. Çünki bugünkü Ermənistanda baş verən proseslər ölkəni Rusiyanın forpostu statusundan tədricən kənarlaşdırmaqda, İrəvanı Moskvanın nəzarətindən çıxarmaqdadı.
    Bəhs etdiyimiz məsələ orta perspektivdə, daha konkret olsaq, hətta yaxın gələcəkdə Türkiyə üçün çox ciddi problemlər yarada bilər və yaradacaq da.
    Nikol Paşinyan baş nazir seçiləndən sonra Ermənistanla Türkiyə arasındakı münasibətləri heç bir ilkin şərtlər olmadan qurmağa hazır olduğunu, Dağlıq Qarabağ münaqişəsinin də "İrəvan-Ankara münasibətlərində heç bir halda müzakirə predmeti ola bilməyəcəyini" bəyan edib. Qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyinin də Ermənistanın əvvəlki iqtidarlarından əsla fərqlənmədiyini xüsusi vurğulayan Paşinyan "soyqırım"ın dünya birliyi tərəfdən tanınması üçün əlindən gələni edəcəyini deyib.
    Belə davam edərsə, N.Paşinyan Ağrı dağını "gerit almaq" sevdasına da düşə bilər.
    Təbii, bu gün kiçik əraziyə, darmadağın olmuş iqtisadiyyata və zəif hərbi potensiala malik Ermənistan heç bir halda Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edə bilməz, hərbi avantüraya da başlamağa cəsarət etməz.
    Fəqət Ankara anlamalıdır: Türkiyə üçün real təhlkə mənbəyi N.Paşinyan və Ermənistan yox, Paşinyanı idarə edən, Türkiyədə 2015-ci ilin 15 iyulunda prezident Rəcəb Tayyib Ərdoğanı devirmək, bu da alınmasa qətlə yetirmək planlarını reallaşdırmağa çalışan qüvvə və qüvvələrdir.
    Türkiyə NATO ölkəsi və ABŞ-ın strateji müttəfiqi olsa da, Vaşinqtonun son illərdə Ankara ilə bağlı yürütdüyü siyasət, xüsusilə də 15 iyuldakı çevriliş cəhdində amerikalı siyasətçilərin müstəsna rolu Ankaranı daha diqqətli davranmağa vadar etməlidir.
    Onillərdən bəri müxtəlif terror qruplaşmaları və dəstələri vasitəsilə Türkiyəyə mümkün qədər ağır zərbələr vurmağa çalışan ABŞ-dakı erməni diasporu həmişə Türkiyə əraziləri ilə yanaşı, Türkiyə ilə qonşu olan bəzi dövlətlərin torpaqlarından istifadə edib.
    Türkiyənin öz ərazisində terrorla mübarizədə ciddi uğurlar əldə etməsindən sonra Suriyada PYD, YPG və PKK terrorçularının aktivləşməsi bilavasitə Ankaraya qarşı yeni cəbhənin açılmasıdır.
    PKK terrorçularının Suriyanın şimalındakı bölgələri ələ keçirməsi, ABŞ-ın bu terrorçuları ən müasir silah, hərbi texnika və əsləhə ilə təmin etməsi də yazdıqlarımıza dəlalət edir.
    Türkiyə "Fırat qalxanı" və "Zeytun budağı" hərbi əməliyyatları ilə Suriyanın şimalındakı həmsərhəd bölgələri PKK terrorçularının nəzarətindən çıxardı, amma problem çözülməyib.
    Suriyada məğlub olmuş həmin güclər məhz Corc Sorosun idarə etdiyi Nikol Paşinyanın administrasiyasının marionetkalardan ibarət olması səbəbindən Ermənistana "köç" edə bilər.
    Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərinə PKK terrorçularını sürəkli yerləşdirməsi ilə bağlı iddiaların səngimədiyini nəzərə alsaq, yüzlərlə PKK terrorçusunun Ermənistan-Türkiyə sərhəddi boyunca "fəaliyyətə hazır" vəziyyətə gətirilmələri də real təsir bağışlayır.
    İllah da ki, Ermənistan siyasətçiləri və mediası 1990-cı ildə Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı döyüşlərdə PKK terror dəstələrinin iştirakını etiraf ediblər.
    Sadəcə, Ermənistan indiyədək Rusiyanın tam nəzarətində olduğundan bu ölkə ərazisindən Türkiyəyə qarşı PKK-ının təxribatlarına və avantüralarına imkan verilməmişdi.
    Çünki Rusiya hərbçilərinin qoruduqları Ermənistan-Türkiyə sərhədində gərginliyin yaranması Moskvanın maraqlarına cavab vermir.
    Di gəl, N.Paşinyanın hakimiyyəti dövründə hər şey dəyişə bilər. Ən azı ona görə ki, Ermənistanda "düşmən Türkiyə" ideoleqemini kimsə dəyişməyib, unutdurmayıb, gündəmdən də çıxarmayıb.
    N.Paşinyan iqtidarının çoxsimalı olması İran üçün də təhlükə mənbəyidir.
    Ermənistanın baş naziri xaricə ilk səfəri qismində Gürcüstana yollandı və orada apardığı danışıqlarda İrəvanın "NATO ilə əlaqələrini mümkün qədər sürətlə inkişaf etdirəcəyini" vurğuladı.
    Gürcüstan "ərazilər əvəzinə avrointeqrasiya" prinsipi xarici siyasətinə inikas etdirdiyindən, Cənubi Osetiya və Abxaziyanın separat rejimlər tərəfindən idarə olunduğunu, o rejimlərin də Rusiyanın nəzarətində davrandıqlarını fakt kimi qəbul edərək barışıb. Məqsəd NATO-ya üzv olmaq, Rusiyanı potensial təhdid istiqaməti qismində zərərsizləşdirməkdir.
    Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya üzv qəbul ediləcəyini bəyan edib və həmin bəyanat N.Paşinyanla görüşdə də təkrarlanıb. Məhz bu səbəbdən N.Paşinyanın Tiflisə səfəri Rusiya və İrana meydan oxumaqdı.
    ... Türkiyə, İran və Rusiya indi Ermənistan adlı yeni təhlükə mənbəyi ilə üzləşiblər. Bu üç ölkə situasiyanı dərhal dəyərləndirməli, gərəkli addımlar atmalıdır.
    O da unudulmamalıdır ki, Ankara, Tehran və Moskvanın bölgədə ən önəmli, həm də yeganə strateji və geosiyasi tərəfdaşı indi sadəcə, Azərbaycandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR