Bakı, 2 dekabr — Azadmedia.az
Əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar – daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir? Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir.
Uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir. Erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir. Böyüklər belə səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır.
Məktəblərin dərs saatlarının daha gec başlanması həm uşaqların rifahını yaxşılaşdırar, həm də onların məktəbdə daha diqqətli və motivasiyalı olmasına kömək edər. Təhsil təkcə bilik vermək deyil, həm də uşaqların fiziki və psixoloji ehtiyaclarını nəzərə alaraq onları gələcəyə hazırlamaqdır.
Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar.
Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur.
Bəlkə qış aylarında dərsləri 1 saat gec başlayaq? Bu addım:
• Uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar;
• Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar;
• Həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər.
Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.