AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Gürcüstan tərəfdaşlığı regional sülh və sabitliyə böyük töhfə verir

  • + A
  • - A
  • Dünən, 21:26

    Azərbaycan-Gürcüstan tərəfdaşlığı regional sülh və sabitliyə böyük töhfə verir

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Gürcüstanla Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və bu münasibətlər xalqlarımızın mədəni, tarixi və iqtisadi sahələrdə sıx əməkdaşlığına əsaslanır.

    Bu əlaqələrin təməli qədim dövrlərə gedib çıxır və bu müddət ərzində iki xalq arasında mədəniyyət, ticarət və humanitar sahələrdə geniş əməkdaşlıq qurulub. İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan ticarət yollarının kəsişməsində dayanaraq həm tarixi, həm də iqtisadi baxımdan bir-birinə dəstək olmuşdur.

    Ulu Öndər Heydər Əliyev Gürcüstanla dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət vermişdir. Onun rəhbərliyi dövründə Azərbaycan və Gürcüstan arasındakı münasibətlər daha da möhkəmlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Heydər Əliyev Gürcüstanla olan əlaqələrin tarixi köklərə əsaslandığını və bu dostluğun xalqlarımızın ümumi maraqlarına xidmət etdiyini dəfələrlə vurğulamışdır.

    Ümummilli Lider Heydər Əliyev iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfə vermişdir. Onun təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri təkcə iki ölkə arasında deyil, ümumilikdə regionda əməkdaşlığın inkişafında mühüm rol oynamışdır. Bu layihələr, həmçinin, Azərbaycanın və Gürcüstanın iqtisadi müstəqilliyini gücləndirmiş və onları beynəlxalq enerji bazarında mühüm tərəfdaşlara çevirmişdir.

    Heydər Əliyev Gürcüstanın milli maraqlarını həmişə yüksək qiymətləndirir, bu ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirdi. Onun bu prinsipial mövqeyi iki ölkə arasında qarşılıqlı etimadın və dostluğun əsasını təşkil edirdi.

    Ulu Öndərin siyasi irsində Gürcüstanla mehriban qonşuluq münasibətlərinin qorunması və inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olmuşdur. Bu gün də Azərbaycan-Gürcüstan dostluğu Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf etməkdədir.

    Yanvarın 17-də Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulaması buna sübutdur.

    Dövlət başçısı bildirdi ki, Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfərinin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Baş nazirin ilk xarici səfəridir. “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, bütün komandasına uğurlar arzulayan cənab İlham Əliyev qeyd etdi ki, onun parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.

    İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı, xüsusilə, nəqliyyat və enerji layihələrinin əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılması və yaşıl enerji layihələrinin həyata keçirilməsinin önəmini ifadə edərək Azərbaycan və Gürcüstanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdiriləcəyini bildirdi.

    Bu bəyanatlar Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Müasir dövrdə isə iki ölkə arasında strateji tərəfdaşlıq daha da möhkəmlənmiş, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində birgə layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələr Azərbaycan və Gürcüstanın əməkdaşlığının bariz nümunələridir.

    Həmçinin, mədəni əlaqələr də ön plandadır. Azərbaycan və gürcü xalqları arasında mədəni mübadilə, təhsil və turizm sahələrində əməkdaşlıq inkişaf edir. Bu əlaqələr hər iki xalqın bir-birini daha yaxından tanımasına və dostluq bağlarının güclənməsinə töhfə verir.

    Gürcüstanla Azərbaycanın dostluğu, mehriban qonşuluğu və strateji tərəfdaşlığı qloballaşan dünyada regionun sülh və sabitliyinə də böyük töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR