
Bakı, 2 mart — Azadmedia.az
Azad fəaliyyət göstərmək istəyən Assosiasiyalarımız niyə dəstəksiz qalır?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri kimi təəssüflə qeyd edirəm ki, ölkəmizdə bir çox peşəkar sahəvi assosiasiyalar maliyyə dayanıqlılığı problemi ilə üz-üzədir. Digər ölkələrdə assosiasiyalar dövlət və özəl sektorun dəstəyi ilə inkişaf edir. Bizdə isə bu dəstək yox səviyyəsindədir və süni şəkildə yaradılan assosiasiyalarla rəqabət aparmaq getdikcə çətinləşir.
Amma bir məsələ daha var: müstəqillik! Təəssüf ki, bəzi hallarda qurumlar səni ya “öz istədikləri” kimi görmək istəyirlər, ya da ümumiyyətlə dəyər vermirlər. Bir çox halda müstəqil, azad fikirli insanlara yer yoxdur — ya onların istədiyi kimi olmalısan, ya da kənarda qalmalısan. Yaxşı bir işə başlasan, ya səni kənara çəkib uğuru öz adlarına çıxarlar, ya da heç nə olmamış kimi davranarlar. Bu yanaşma potensialı boğur — uğurlu layihələr həyata keçirsən belə, dəyər görmürsən.
Məsələn, illərdir yenilikçi təkliflərlə çıxış edirəm. Bir neçəsinə “söz verilib”, 2 ildən çoxdur ki, “bu gün-sabah” start gözləyirik. Böyük layihələri çətinliklə irəli sürürdük. Hər zamankı kimi, sonradan görürsən ki, layihələr daxildə icra olunmağa başlayıb. Belə çıxır ki, sahəvi assosiasiyalarımız heç kəsə lazım deyil. Hətta gördüyümüz işlər faydalı olsa belə, əgər təşəbbüs bizdən gəlirsə, qəbul edilmir.
İllərdir davam edən bir yanlış yanaşma var: ən yaxşı işlər yalnız dövlətdə çalışanlar tərəfindən görülə bilər. Sanki kənarda edilən uğurlu işlər diqqətdən kənar qalmalıdır. Bu, potensialı məhdudlaşdırır və ölkənin innovativ inkişafına mane olur.
Dövlətin assosiasiyaların iqtisadiyyatdakı rolunu dərk etməsinin vaxtı çoxdan ötüb keçib. Assosiasiyalar startaplara dəstək verir, sektora töhfə qatır və innovasiyaları təşviq edir. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müstəqil assosiasiyalara maliyyə mexanizmləri yaradılmalıdır.
Gəlin, müstəqil assosiasiyalara dəyər verək, onlara dəstək olaq və bu əməkdaşlıq sayəsində iqtisadi inkişafı birlikdə sürətləndirək. Bu, təkcə assosiasiyaların deyil, bütün ölkənin gələcəyinə fayda verəcək!
Sual budur əslində: sahəvi assosiasiyalar lazımdırmı? Bəlkə biz əngəl oluruq dövlətdə yaxşı gedən işlərə!
Elvin Abbasov
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.