İsrailin Qəzzaya hücumları davam edir
Səhər saatlarından etibarən Qəzzanın müxtəlif bölgələrində həyata keçirilən hava hücumlarında aralarında qadın və uşaqların da olduğu 43 fələstinli həyatını itirib. Çox sayda insan yaralanıb.
Məlumatda xüsusilə yaralıları xilas etməyə çalışan təcili yardım işçiləri və həkimlərin hədəf alındığı bildirilir.
Bununla da İsrail ordusunun 18 martda yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 792-dən çox fələstinli həlak olub, 1663-dən çox insan isə yaralanıb.
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və ABŞ prezidenti Donald Tramp arasında Qəzzada atəşkəslə bağlı telefon danışığı olub.
Tərəflər Qəzza zolağında atəşkəsə nail olmaq üçün səyləri müzakirə ediblər.
Bin Zayed Qəzza xalqına lazımi humanitar yardımın göstərilməsinin və regiondakı bütün ölkələrin və xalqların təhlükəsizliyini və sabitliyini təmin edəcək hərtərəfli, ədalətli və davamlı sülhün əldə edilməsinin əsasını təşkil edən iki dövlətli həll yolunun dəstəklənməsinin vacibliyini vurğulayıb.
Həmçinin Telefon danışığı zamanı iki ölkə arasında strateji əlaqələr və onların ümumi maraqlara xidmət etmək üçün bütün sahələrdə gücləndirilməsi səyləri müzakirə olunub.
Tərəflər BƏƏ-nin milli təhlükəsizlik müşaviri Təhnun bin Zayed Əl Nəhyanın bir neçə gün əvvəl ABŞ-a rəsmi səfərinin nəticələrini müzakirə ediblər və burada iki ölkə arasında bir çox sahələrdə mühüm razılaşmaların və tərəfdaşlıqların əldə olunduğu açıqlanıb.
BƏƏ prezidenti Bin Zayed BƏƏnin regionda və dünyada sülhün bərqərar olması üçün ABŞ ilə əməkdaşlığı gücləndirməyə davam etməyə önəm verdiyini deyib.