Azərbaycanın qədim şəhəri, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Prezident İlham Əliyev sammitdəki çıxışında Təşkilatın güclənməsi, işlək quruma çevrilməsi, Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, güclənməsi, hərbi və müdafiə sahəsində əməkdaşlığın artması, təlimlərin keçirilməsi kimi məsələləri vurğulayıb, bu istiqamətlərdə TDT üzvlərinə çağırış edib çağırış edib.
Dövlət başçısının çıxışında Qəbələnin və Qafqaz Albaniyasının tarixi ilə bağlı verdiyi kiçik arayış Azərbaycanın dövlətçilik tarixinə bir işarədir. Bu, həm də albanlara aid mədəniyyətə iddia edənlərə zirvə toplantısından cavab idi.
Prezident İlham Əliyev TDT-nin əməkdaşlıq təşkilatı deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını deməklə onun nüfuzunun artmasından da bəhs edib. Çünki əsasında ancaq əməkdaşlıq dayanan qurumların çərçivəli, istiqamətli maraqları olur. Ancaq TDT-də əməkdaşlıqla yanaşı, mənəvi dəyələrə də üstünlük verilir. Dövlət başçısı bununla bağlı deyib: "Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir".
İlham Əliyev təşkilatın işinə dəstək məqsədilə Azərbaycanın Katibliyin hesabına iki milyon dollar məbləğində ianə köçürdüyünü bildirib. O, bununla qurumun davamlı, fasiləsiz, peşəkar səviyyədə fəaliyyət göstərməsi üçün məsələyə diqqət yetirilməsinə çağırıb.
Yeri gəlmişkən, qurumun Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə çıxışı zamanı həmin maliyyə vəsaitinin xərclənəcəyi istiqamətlə bağlı məlumat verib. Onun sözlərinə görə, TDT ölkələrinin təhsil nazirləri və aidiyyəti strukturları Türk Universitetləri Birliyi və "Orhon" mübadilə proqramı üçün daimi katiblik formalaşdırmaq üçün lazımi addımlar atır: "Azərbaycan tərəfindən büdcəyə köçürülən iki milyon dolların bir hissəsi bunun üçün xərclənəcək".
Türk dövlətləri Avrasiya materikinin ortasında yerləşir. Buna görə də o, Avropa İlə Asiyanın birləşməsində, əlaqələrində aparıcı rola malikdir. Orta Dəhlizin indiki və gələcək fəaliyyəti buna əyani sübutdur.
Prezident vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. O, Azərbaycanın Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynadığını deyərək, 2022-ci ildən Orta Dəhlizlə yükdaşımaların təqribən 90 faiz artdığını Zirvə Görüşü iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı deyib ki, Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması həm də TDT-nin cəlbediciliyini artırır.
Təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik, sülh, əməkdaşlıq dünyanın vacib klassik məsələlərindəndir. Ona görə də ortaq maraqları və mövqeləri olan ölkələr bir-biri ilə hərbi sahədə əməkdaşlıq edir, bir sıra tədbirlər keçirirlər.
Dövlət başçısı regional sülh və təhlükəsizlik mövzusundan bəhs edərək Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğulayıb: "Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir".
Son zamanlar Azərbaycan da daxil olmaqla Türk dövlətlərini müxtəlif hərbi bloklarda və müqavilələrdə görmək istəyənlər arzularını gizlətmirlər. Bu baxımdan da Prezident Türk dövlətlərini hərbi sahədə əməkdaşlığı genişləndirməyə, gücləndirməyə çağırıb. Türkiyə ilə Azərbaycanın bu sahədə fəaliyyəti bir mərkəzin yaranması üçün nüvə təşkil edə bilər.
"Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm", deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev bu çağırışı və təşəbbüsü ilə Türk dövlətlərinin bir-birinin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyinin qorunması, bu istiqamətdə əlaqələrin, əməkdaşlığı qurulması, genişlənməsinə diqqətin vacibliyi vurğulayıb.
Azərbaycan torpaqlarının vaxtilə uzun müddət işğal altında qalması səbəblərindən biri kimi Türk dövlətləri arasında işğalçıya bir mövqedən cavab verilməməsini saymaq olar. Türkiyə-Azərbaycan əlaqələri və Özbəkistanın Ermənistana münasibəti istisna hal təşkil edir.
Prezidentin çıxışında ərazi bütövlüyü, suverenlik kimi məsələləri önə çəkməsi həm də istənilən dövlətin bu problemlə mümkün qarşılaşması, belə arzuedilməz hadisələrin qarşısının alınması, onlara yol verilməməsi üçün vahid mərkəzin yaradılması təklifi günün vacib problemlərinin həllinə rəsmi Bakının mövqeyidir.
Sammitdəki çıxışında dövlət başçısının 44 günə əldə edilmiş Zəfər, 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasından danışmasını təşkilat üzvlərinə hərbi sahədə əməkdaşlıqla bağlı ismarış saymaq olar.
Dövlət başçısı bu uğurun yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə olduğunu da bildirib.
Prezident nəqliyyat və kommunikasiya əlaqələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malik olması ilə bağlı danışarkən deyib ki, Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. O, Vaşinqtondakı Zirvə görüşündə əldə edilmiş razılaşmaya əsasən, Zəngəzur dəhlizinin açılacağını vurğulayıb.
Zəngəzur dəhlizinin açılması Türk dövlətləri arasında əlaqələrin güclənməsinə təkan verəcək.
Türk dövlətlərinin, demək olar ki, hər biri zəngin yeraltı və yerüstü, o cümlədən karbohidrogen yataqlara malikdir. Dövlət başçısı bildirib ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Prezident bu sahədə görülən işlərdən danışarkən deyib ki, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir.
Prezidentin çıxışında vurğuladığı məsələlər TDT-nin Qəbələ Zirvə Görüşünün yekun sənədi olan Bəyannamədə də öz əksini tapıb.
Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının fəaliyyətinin artmasının vacibliyini isbatlayıb. Təşkilatın Mərkəzi Asiya, Afrikada əlaqələrinin genişlənməsi, habelə beynəlxalq qurumlarda iştirakçılığı bir daha vurğulanıb.
"TDT+"a razılıq verilməsi də Zirvənin uğurlarından, onun perspektivdə güc mərkəzi olaraq beynəlxalq arenada çıxış etməsi imkanlarından xəbər verir. Prezidentin çıxışında təşkilatın praktik qurum olaraq fəaliyyət göstərməsinə də çağırış var.
Təşkilat öz gücü və təsirini üzv ölkələrin vətəndaşlarının həyatında, o cümlədən rifahında hiss etdirəndə qüdrətli olacaq.(Report)