Zaur Hüseynovla bağlı ilginc iddialar - FOTOLAR
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində özbaşınalıq davam edir. İndiyə qədər QSC-yə rəhbərlik edən Zaur Hüseynovun metronu şəxsi biznes məkanına çevirməsi, təcrübəli işçiləri işdən çıxararaq, özünə yaxın şəxsləri işə götürməsi, həmçinin, onun fəaliyyəti nəticəsində Bakı metrosunun sərnişinlər üçün təhlükəli vəziyyətə düşməsi haqda məlumatlar vermişdik.
Miq.az-a daxil olan yeni məlumatda isə "Bakı Metropoliteni”ndə birbaşa dövlət başçısının əleyhinə addımlar atıldığı faktı ortaya çıxıb.
Prezidentin əleyhinə deyilən sözlər
"Bakı Metropoliteni” QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kalonunun kollektivinin 20 nəfərin imzası ilə redaksiyamıza göndərdiyi şikayətdə kifayət qədər ciddi faktlar yer alır.
Şikayətdə bildirilir ki, 2017-ci ilin 30 yanvar tarixində Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kalonun rəisi Səbuhi Tağıyev və kalonun mühəndisi Kəmənd Qasımovun iştirakı ilə iclas keçirilib.
S.Tağıyev iclas zamanı ölkədə iqtisadi vəziyyətin pis olduğunu əsas gətirərək, pulun yoxluğundan danışıb. Lakin iştirakçılar buna etiraz edərək, Prezident İlham Əliyevin iqtisadi vəziyyətin stabil olması, qeyri-neft sektorunun inkişaf etdiyi, xüsusilə büdcədən maliyyələşən təşkilatların əmək haqlarının verilməsində heç bir problemin olmayacağı haqda dediyi sözləri xatırladıblar.
"Səbuhi Tağıyev isə ümumili liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin çıxışını şou adlandırdı. Hətta düşmən ölkənin prezidenti ilə müqayisə etdi”, - deyə şikayət ərizəsində iddia edilir.
Zaur Hüseynov cavab əvəzinə hədə-qorxu gəlir
Şikayətçilər qeyd edirlər ki, Səbuhi Tağıyevin bu sözlərini hüquq şöbəsinin rəisi Adil Atakişiyeva bildiriblər. Lakin ondan da bir xəbər çıxmayıb.
Fevralın 9-da baş verənlərlə bağlı "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova da ərizə ilə müraciət ediblər.
Ərizədə baş verənlər bir-bir qeyd olunmaqla deyilir: "Cənab sədr! Tələb edirik ki, bir həftə içində Tağıyev Səbuhi öz cəzasına çatmasa və ərizəmizə cavab olmasa Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Obdusman Aparatına müracət edəcəyik”.
Lakin şikayətçilər bildirirlər ki, sədrə yazdıqları ərizəyə cavab almaq əvəzinə, hədə-qorxu və işdən uzaqlaşdırmaq haqda xəbərdarlıq alıblar.
Hüquq şöbəsinin rəisi Adil Atakişiyev ərizədə adları olan işçilərə hədə-qorxu gələrək, bildirib ki, "ağ kağıza qol çəkdiyinizi yazın, əks halda işdən çıxarılacaqsınız”.
Məcburi köçkünlər təhqir edildi
Metropolitendə işləyən məcburi köçkünlər iclas zamanı Səbuhi Tağıyevə bildiriblər ki, onların müəyyən imtiyazları var.
"Oturun yerinizdə, 25 il qaçqın olmaz. Hamınız "zır paket”dən qorxub qaçmısınız. Hara istəyirsiniz şikayət edin. Bizim arxamız möhkəmdir”, - deyə Səbuhi Tağıyev cavabında bildirib.
S.Tağıyev bununla yanaşı, illərdir metroda əməyi olan işçilərə bildirib ki, "kim istəyirsə, çıxıb getsin. Sizin kimilər körpünün altında çoxdur, gətirib işlədəcəyik”.
Şikayətçilər sözügedən iclasın səs yazısının da olduğunu deyirlər.
Prezidentə müraciət
Onlar sadəcə, öz haqlarının təmin edilməsini istəyirlər. Həmçinin, S.Tağıyevin xüsusilə də dövlət başçısı haqda dediyi sözlərə görə cəzalandırılmasını tələb edirlər.
"Bakı Metropoliteni Tikinti Departamenti mexanizmlərin istismar sahəsinin işçiləri olaraq, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən kömək istəyirik. Cənab prezident dəfələrlə bildirib ki, hər bir məmur xalqın qulluqçusudur. Şərəflə xalqa xidmət etməlidir. Heç bir məmur toxunulmaz deyil”, - deyə onlar vurğulayıblar.
Dövlətin texnikası özəl şirkətlərə icarəyə verilir
Son dövrlər "Bakı Metropoliteni” haqda kifayət qədər şikayətlər yayılmaqdadır.
Əldə etdiyimiz məlumatlara görə, hazırda Metropolitendə tikinti işləri dayandırılıb.
Əvəzində QSC-yə aid texnika başqa şirkətlərə icarəyə verilir. Misal üçün, qiyməti milyonlarla manat olan LİBERR 28 Svay maşın qurğusu Cəlilabadda xarici işlərin işlərini yekunlaşdırıb. Hazırda isə həmin texnika Bərdədə Tərtər çay üzərində tikiləcək körpünün təməlinin qoyulmasında istifadə edilir. Metropoliten əməkdaşları deyirlər ki, hazırda həmin texnikaya B-3 stansiyasında ehtiyac var. Zaur Hüseynov isə dövlət büdcəsindən ayrılan pullarla alınan texnikanı özəl şirkətlərə icarəyə verərək, külli miqdarda gəlir əldə edir.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rayonlara "ezam olunmuş" texnikalarının fotoloranı təqdim edirik:
Yazıda adları çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.