AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ–Azərbaycan strateji tərəfdaşlığında yeni mərhələnin geosiyasi konturları

  • + A
  • - A
  • 10-02-2026, 21:37

    ABŞ–Azərbaycan strateji tərəfdaşlığında yeni mərhələnin geosiyasi konturları


    Məşhur Məmnədov,
    Milli Məclisin deputatı

    Bu gün Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
    Rəsmi qarşılanma mərasimi, məhdud və geniş tərkibdə keçirilən görüşlər, həmçinin dövlət başçıları səviyyəsində aparılan danışıqlar göstərir ki, tərəflər münasibətlərin gələcək inkişafına xüsusi önəm verirlər. Bu səfər sadəcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda regional və qlobal proseslər fonunda strateji məzmun daşıyır.
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. ABŞ ilə münasibətlərin bu səviyyədə inkişafı ölkəmizin artan siyasi nüfuzunun və diplomatik uğurlarının göstəricisidir.
    Xüsusilə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da gücləndirir. Bu sənəd mühüm sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsinə zəmin yaradır.
    Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biri kimi çıxış edir. ABŞ ilə strateji əməkdaşlıq bu sahədə yeni layihələrin və investisiyaların reallaşmasına imkan yaradacaq. Eyni zamanda, “yaşıl enerji” sahəsində birgə təşəbbüslər ölkəmizin dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək.
    Regional təhlükəsizlik məsələləri də bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması, post-münaqişə dövründə quruculuq işlərinin dəstəklənməsi, kommunikasiyaların açılması kimi məsələlər ABŞ–Azərbaycan dialoqunda xüsusi yer tutur.
    Mətbuata birgə bəyanatlarda da tərəflər qarşılıqlı hörmət, suverenlik və milli maraqlar prinsiplərinə əsaslanan əməkdaşlığın davam etdiriləcəyini vurğuladılar. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursuna verilən beynəlxalq dəstəyin bariz nümunəsidir.
    Bütün bu faktlar göstərir ki, bu gün baş tutan səfər və imzalanan sənədlər Azərbaycan–ABŞ münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə müsbət təsir göstərəcək.
    Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı, sözünə və öhdəliyinə sadiq tərəfdaş kimi qəbul olunur. ABŞ ilə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq da bu uğurlu siyasətin növbəti təzahürüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR