Ukraynanın Azov dənizindəki blokadası Rusiyanın taxıl ixracına ciddi zərbə vurur

Ukraynanın son 9 gün ərzində Azov dənizində 100-dən çox Rusiya gəmisinə endirdiyi zərbələr nəticəsində Azov və Taman limanlarının fəaliyyəti demək olar ki, iflic olub. Bu isə Rusiyanın taxıl ixracının təxminən 20 faizini risk altına salıb.
Məlumata görə, Azov və Taman limanları Rusiyanın ümumi taxıl ixracının 15 faizini, bitki yağlarının ixracının isə 17-21 faizini təmin edir. "SovEkon" analitikləri isə bu göstəricinin taxıl və günəbaxan yağı ixracında 25 faizə qədər çatdığını bildirirlər. Həmin limanlar əsasən Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə taxıl daşınmasında mühüm rol oynayır.
"Reuters"in məlumatına əsasən, Rusiya hakimiyyəti ötən həftənin sonunda Kerç boğazından keçidlə bağlı yeni müraciətlərin qəbulunu dayandırıb. Rostov vilayətinin Nəqliyyat və Kənd Təsərrüfatı nazirlikləri isə ixracatçılar üçün alternativ marşrutların axtarıldığını açıqlayıb.
Ekspertlərin proqnozuna görə, məhsul yığımının gec başlaması və logistika problemləri səbəbindən iyul ayında taxıl ixracı planlaşdırılan 2,5 milyon ton əvəzinə təxminən 2 milyon ton olacaq. Dərin sulu limanlar müəyyən həcmdə yükü qəbul edə bilsə də, avqust ayında ixrac mövsümünün pik dövründə bu gücün kifayət etməyəcəyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, logistikanın mövsümün ən gərgin vaxtında yenidən qurulması olduqca çətin olacaq. Dəmir yolu tarifləri, vaqon çatışmazlığı və yanacaq böhranı isə vəziyyəti daha da ağırlaşdırır. Aqrar sektorda fəaliyyət göstərən şirkətlər məhsulu müvəqqəti olaraq anbarlarda saxlamağa məcbur qala bilər ki, bu da daxili bazarda taxıl bolluğuna və qiymətlərin enməsinə səbəb ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.