AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan–Almaniya münasibətləri yeni strateji mərhələdə

  • + A
  • - A
  • Bu gün, 14:42

    Azərbaycan–Almaniya münasibətləri yeni strateji mərhələdə

    Akademik İbrahim Cəfərov

    2026-cı il iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar göstərir ki, Bakı və Berlin əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur.

    Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Dövlət başçısı bildirib ki, strateji dialoqun başlanması hər iki tərəfin uzun müddətdir qarşıya qoyduğu məqsəd idi və bu məqsədə nail olunub. Onun sözlərinə görə, ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

    Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq artıq möhkəm təmələ malikdir. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

    Səfər zamanı qarşılıqlı investisiyaların artırılması, Almaniya şirkətlərinin Azərbaycanın müxtəlif iqtisadi sahələrində iştirakının genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb. Bu isə ölkəmizin əlverişli investisiya mühitinin və iqtisadi sabitliyinin beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini göstərir.

    Enerji əməkdaşlığı münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev qeyd edib ki, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Eyni zamanda, Azərbaycan Almaniyanı neftlə də təmin edir və gələcəkdə yaşıl enerji ixracını genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın strateji rolunu bir daha nümayiş etdirir.

    Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır.

    Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun modernləşdirilməsinə böyük sərmayələr yatırıb və Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Orta Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır və bu mövqe getdikcə daha da güclənəcək. Almaniyanın bu sahədəki qabaqcıl texnologiyaları və təcrübəsi gələcək birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

    Səfər zamanı regional təhlükəsizlik və sülh prosesi də əsas müzakirə mövzularından olub. Prezident İlham Əliyev bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə Ermənistan–Azərbaycan münaqişəsinin başa çatmasının siyasi təsdiqi kimi tarixə düşüb. Dövlət başçısı Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək qeyd edib ki, Almaniya danışıqlar prosesində, o cümlədən xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər vasitəsilə mühüm rol oynayıb.

    Prezident həmçinin diqqətə çatdırıb ki, Azərbaycan sülh razılaşmasından sonra dərhal praktiki əməkdaşlığa başlayıb. Hazırda Azərbaycanın Ermənistana yanacaq təchizatı həyata keçirməsi və Azərbaycan ərazisindən tranzit daşımaların artması regionda etimadın və iqtisadi əməkdaşlığın formalaşmasına xidmət edir.

    Avropa İttifaqı ilə münasibətlər də Prezident İlham Əliyevin çıxışında mühüm yer tutub. Dövlət başçısı bildirib ki, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri Bakı ilə Brüssel arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə xüsusi rola malik olduğu vurğulanıb.

    Səfərin ən mühüm nəticələrindən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanması olub.

    Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə də imzalanaraq iqtisadi əlaqələrin institusional əsasları daha da möhkəmləndirilib.

    Bütün bunlar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri artıq təkcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, investisiyalar, regional sabitlik və Avropa ilə əlaqələrin inkişafı istiqamətində qurulan yeni strateji tərəfdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də Cənubi Qafqaz və Avropa məkanında sabitlik və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR