“Oğlumu şərləyib tutduranlar indi mənə böhtan atıb 1 milyon manat təzminat istəyirlər” - Prezidentə şikayət olundu
Şəki rayon Qoxmuq kənd sakini, təqaüdçü müəllim Hacər Hüseyn qızı Maqsudi tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!
Mənim 69 yaşım var, 4 övlad anasıyam. 43 ilin tarix müəllimiyəm. Övladlarıma daim vətəninə, xalqına, dövlətinə layiqli övlad olmağı aşılamışam.
1974-cü il təvəllüdlü böyük oğlum Azad Əsgər oğlu Məmmədov BDU-nun Beynəlxalq Hüquq-Beynəlxalq Münasibətlər fakultəsinin magistraturasının məzunudur. 3 məktəbli uşaq atasıdır.
O, Azərbaycanın idman tarixində Pankration (qaydasız) döyüşünün əsasını qoyub, bu döyüş növü üzrə Rusiyanın mütləq çempionu, Avropa yarışlarının mükafatçısı, Yaponiyada “Samuray“ qılıncına layiq olan ilk Azərbaycan oğludur.
Qarabağ döyüşlərinin könüllü iştirakçısı, müharibə veteranıdır.
2009-cu ildə Sahibə Həsənova soyadlı bir qadının şər-böhtanına tuş gələrək 178.3.2 (dələduzluq) maddəsi ilə 10 il azadlıqdan məhrum edilib. Müstəntiqin verdiyi arayışda qeyd edilir ki, iş üzrə maddi sübut yoxdur. Lakin üzə duran şahid ifadələrinə görə o, məhkum edildi. Hələ oğlumun həbsindən 2 il keçməmiş onun üzünə duran şahidlər Həsanova Sahibə tərəfindən aldadıldıqları üçün məhkəmələrə müraciət edərək oğlum Azadın üzünə yalandan durduqlarını etiraf ediklərini bildirdilər ki, Sahibə onları 2 dəfə aldadıb. Dedilər ki, əvvəl aldadıb pulumuzu aldı, sonra da söz verdi ki, əgər Azadın üzünə dursanız sizdən aldığım pulların hamısını qaytaracam. O, nəinki pulumuzu qaytardı , əksinə 3 azyaşlı uşaq atasının həbsinə səbəb olmaqla qanun və Allah qarşısında bizi günahkar etdi. (Həmin şahidlərin notarial qaydada təsdiq olunmuş izahatlarını da əlavə edirəm).
2015- ci ilin yazında İsmayılova Bəsdi adlı, Həsənova Sahibə tərəfindən aldadılan naxçıvanlı qadın mənə zəng edib dedi ki, ANS kanalında Həsənova Sahibənin öldürdüyü Əliyev Elsevərin işi gedir. Mən verlişə baxdıqdan sonra studiyaya getdim. Orada vəkil kimi oturan Adəm Məmmədovdan oğlumun işi ilə məşğul olmağı xahiş etdim və müqavilə bağladıq. Veriliş efirə gedəndən sonra ayrı-ayrı yerlərdən Sahibədən narazı olan onlarla adam 29 yanvar 2016-cı il BMM-də mətbuat konfransı keçirir. Konfransda Elsevər Əliyevin atası Əliyev İsmayıl və anası Əliyeva Səfurə oğlanlarının ölümündə Həsənova Sahibə Mahmud qızının, Sahibənin vəkil işləyən oğlu Sadıqov Elçin Əli oğlunun və Sahibənin kürəkəni olan Yusubov Vüqarın birbaşa əlləri olduğunu deyərək onların məsuliyyətə cəlb edilməsini tələb edirdilər, konfransın gedişində bu qadının cinayətlərinin tək Elsevərlə məhdudlaşmadığını Azad Məmmədov adlı bir idmançının da onun tərəfindın şərlənərək həbs edildiyi səsləndirildi. Qeyd edim ki, mən həmin konfransda iştirak etməmişəm və bu konfransı internetdə görmüşəm. Belə olan halda mən də 8-ildir 3 azyaşlı “nənə, atam nə vaxt gələcək” deyərək yatıb-duran uşağın əlində aciz qaldığıma görə, 8-ildir öz haqqını gözləyən balam üçün Cənab Prezident Sizə, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevaya, bütün hüquq-mühafizə orqanlarına videomüraciət etdim: 69 yaşlı təqaüdçü müəllim, 4 övlad anası kimi məni, dünya ölkələrində vətən bayrağını dalğalandıran, Tərtər, Ağdərə, Qubadlı döyüşlərinin könüllü iştirakçısı, müharibə veteranı, erməni kürəyini yerə qoyub onun bayrağını BDU-da ayaqlar altına salan oğlum Azadı nəzərə alıb köməklik etməyinizi xahiş etdim.
Bu müraciətdən sonra Həsənova Sahibə və oğlu Sadıqov Elçin öz əməllərini ört-basdır etmək üçün məni və vaxtı ilə Həsənova Sahibənin təhrikiylə oğlumun üzünə yalandan duran Bəsdi İsmayılova, öz qızı Gülxar Sadıqova, ona borc verib geri ala bilməyən Gülxarə Səfərova, Həqiqət Yusubovanı əvvəl Göy-göl Məhkəməsinə, indi isə Gəncə Apellyasiya Məhkəməsinə verərək bizdən hər biri üçün (500.000 +500.000) olmaqla 1 milyon manat pul istəyir. Məhkəmə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun rəhbərliyi ilə 30 mart 2017-ci ildə saat 15:00-da Gəncə şəhərində olacaq.
Video-müraciətimdən sonra Həsənova Sahibə adlanan bu qadın vəkil işləyən oğlu Sadıqov Elçinlə günümü qara edib ki, mənim şərəf–ləyaqətimi təhqir etmisən. 8-ildir oğul həsrətilə, çox böyük çətinliklərlə 3 atasız uşağı zülümlə dolandırmağım bir yana, bu ana-baladan Həsənova Sahibə və Elçin Sadıqovdan can qurtara bilmirəm.
Mən mətbuat konfransının və mənim Sizə ünvanladığım video-müraciətin diskini də məktuba əlavə edirəm. Özünüz baxın və şahid olun, məni və balamı şər-böhtana salan bu ana-balanıın şərəf-ləyaqətini təhqir edəcək nə demişəm?
Möhtərəm prezident!
Siz dəfələrlə çıxışlarınızda bildirirsiniz ki, məmur vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Mən bilmirəm bu ailə hansı məmurlara arxalanır, yaxud onların adından sui-istifadə eləyir ki, bu qədər özbaşınalığa yol verib həm suçlu, həm də güclü olur? Onlar hansı qüvvəyə güvənib bu qədər zülmə məruz qoyduğu adamlardan təkrarən xəyala gəlməsi mümkün olmayan təzminat istəyir.
Əminəm ki, xalqın içində ümidsizlik yayan, cəmiyyətə pis nümunə olan belə adamlar haqqında məlumat alsanız onlar haqqında dərhal tədbir görülməsi haqqında sərəncam verəcəksiniz.
Cənab Prezident!
Sizdən övladı haqsız yerə qazamata düşən bir ana, 3 nəvəsini ovuda bilməyən nənə, 43 ildir cəmiyyətə savadlı tarixçi hazırlayan bir müəllim kimi xahiş eləyirəm, mənim harayıma yetişin, bu haqsızlığa, bu zülmə son qoyulsun”.
Redaksiya qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırdır.