Eldar Mahmudova sensasion ittihamlar - İntihar edən MTN polkovnikinin qardaşından
“Bizi heç yerə çağırmayıblar, cinayət işinə də xitam verməyiblər. Bacım cinayət işinə xitam verilməsi haqda xəbəri oxuyub və prokurorluqdan soruşub, ona deyiblər ki, düz xəbər deyil, cinayət işinə xitam verilməyib” - bu sözləri “Yeni Müsavat” əməkdaşına MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin qardaşı İsmayıl Əliyev deyib. Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik İlqar Əliyevin barəsində cinayət işinə xitam verilməsi xəbəri yayılıb. Xəbərdə qeyd olunurdu ki, bu barədə cinayət işini aparan istintaq orqanı qərar qəbul edib.
İ.Əliyev əlavə edib ki, əgər belə bir şey olsaydı, onlara dəqiq məlumat verilərdi.
İsmayıl Əliyev digər suallarımızı da cavablandırıb:
- İşlə bağlı gedən araşdırmalar haqda məlumatlısız?
- Bu adam işə düşdü və getdi. İlqar həbs olunanda heç bir istintaq aparılmamışdı. Müstəntiq demişdi ki, bu işlərdə suçlanırsan. Ona demişdilər ki, sən bu işlərə görə istintaqa cəlb olunmusan. O da özünün günahsız olduğunu demişdi. Orada başqa söhbət olmamışdı. 2 ay həbsdə qaldı, həmin 2 ayda, müstəntiq 2 dəfə onun yanına gedib. Vəssalam...
- Hansı məsələləri ondan soruşurdular?
- İlqar deyirdi ki, mənim heç bir günahım yoxdur. Nə əmr veriblər, onu da icra eləmişəm. Ora hərbi sistemdir, o verilən əmri icra etməyə bilməzdi. Əmr verilirsə, icra olunmalıdır. İlqar da əmrləri icra etmişdi. Sizə tapşırılan işi görməsəz, hər halda, işdə çox qala bilməzsiz. İlqar da həmçinin. Əmr verilib, icra edib.
-Həbsindən sonra sizinlə danışanda nə deyirdi?
- Əsəbiləşmişdi. Deyirdi ki, mənim bu işlərdə heç bir təqsirim yoxdur. İnanırdı ki, bu işdən təmiz adı ilə çıxacaq. O, ölkə rəhbərliyinə məktub da yazmışdı. Məktubunda qeyd etmişdi ki, verilən əmrləri icra edib. Bu hadisə oldu, həmin müraciətdən də bir xəbər çıxmadı.
- Hadisə deyəndə yəqin ki, İlqar Əliyevin ölümünü nəzərdə tutursuz.
- Elədir.
- Ötən müddət ərzində sizin baş verənləri bir daha saf-çürük eləmək imkanınız olub. İlqar Əliyev özünü öldürəcək qədər gərgin idi? Belə bir addım atacağı haqda ehtimala belə yol açan nələrsə deyirdimi, hiss elətdirirdimi?
- Mən qardaşımın özünü öldürməsinə inanmıram. İlqar dünyanın hər üzünü görən adam idi. Dünyanın hər işindən xəbərdar idi. Onun böyük həyat təcrübəsi var idi. Türmə, həbs onun üçün sadə, adi bir məsələ idi. Orada nə baş verdi, nə oldu, nə etdilər ... bəlkə ailəsi ilə təhdid ediblər. Mən inanmıram ki, o, özünü asıb. Bu ola bilməzdi. O, kənddə böyüyən insan idi. Öz bacarığı ilə ora gedib çıxan insan idi. Yazırlar ki, guya atam ona köməklik edib, pul verib, işə qoyub. İlqar öz yolunu özü seçmişdi və öz bacarığı ilə də gedib həmin vəzifəyə çıxmışdı.
- Həbsindən sonra ona ailəsinə qarşı addımlar atılacağı haqda xəbərdarlıq, hər hansı bir işarə verilmişdi?
- Bu haqda konkret nəsə demirdi. Bizə tapşırırdı ki, ehtiyatlı olun. Dönə-dönə bunu deyirdi. Deyirdi ki, hər şey ola bilər. Konkretləşdirmirdi.
- İlqar Əliyevin ölümündən dolayı başlanan işlə əlaqədar zərərçəkən tərəf kimi işin gedişatı haqda məlumat ala bilirsiz?
- Yox, məlumat verilmir. İlqarın günahı yox idi. Hamı da bilir ki, cinayətkar kimdir. Cinayətkar çöldədir. Əmrləri verən çöldədir. İcraçıları tutmaqla, həbs etməklə nəyə nail olacaqlar? İlqar neyləmişdi? Əmr vermisiz, hərbi sistemdir, o da yerinə yetirib. Vəssalam. İlqarı həbs edib deyirlər ki, İlqar rüşvət alıb. Harada alıb, kimdən alıb? Həmin sözləri deyənlərə tapşırıblar ki, belə desinlər, onlar da deyirlər. İlqar vətənpərvər insan idi.
- Bu, günlərdə İlqar Əliyevin birbaşa rəisi olmuş Elçin Quliyevin məhkəməsi başlayacaq. Həmin prosesə qatılacaqsız?
- Elçin Quliyevi yaxşı bir insan kimi tanıyıram. İlqarla evimizdə dəfələrlə olub. Onlar qardaş kimi idilər. Elçinlə həmişə bir yerdə idilər. O, İlqardan həmişə 1 addım irəlidə idi. Elə həmin axarla da gedib həmin vəzifələri tutmuşdular. İşə bir yerdə qəbul olunmuşdular. Elçinlə İlqar o vaxt 1 çekist vardı, Seyfulla müəllim, onun tələbəsi olmuşdular. Seyfulla müəllim onlara peşəni dərinliklərinə qədər öyrətmişdi. Onlar ora işə düzəlmək üçün 1 il get-gəldə qaldılar. Nəhayətdə qəbul olundular. Bu adamların günahı verilən əmrləri icra etmələridir. Əgər əmrlər qanunsuz olubsa, İlqar və ya Elçin nə edə bilərdilər? Bu qədər adam tutublar. Nəyi sübut ediblər? 3-5 ilə vaxt gələr və bütün baş verənlər xırdalıqlarına qədər açıqlanacaq. İndilik isə hər şeyi Allahın ümidinə buraxmışıq. Bu gün vəzifədə olanlar bilir ki, İlqar təqdim edildiyi kimi insan olmayıb. Onu kiminsə güdazına verdilər.
- Eldar Mahmudova və onun azadlıqdakı müavinlərinə müraciətlər etmişdiniz ki, qardaşım sizin əmrlərinizin icraçısı olaraq həbs olunub. Ona köməklik edin?
- Bacımın haralarasa müraciətləri olub. Amma heç bir cavab yoxdur.
- İlqar Əliyev işdən çıxarılandan sonra onun yaxınlarının da MTN-dən uzaqlaşdırılması xəbəri yayılmışdı. Qohumlarınızdan kimisə işdən çıxarmışdılar?
- Bacım oğlu 5 il MTN-in Akademiyasında oxumuşdu, 3 il də MTN-də işləmişdi. Peşəkar işçilərdən olub. İlqarı həbs etdilər, 3 gün sonra da bacım oğlunu çağırıb işdən çıxardılar. O, tamam başqa idarədə işləyirdi. Bu günün özündə də heç yerə işə götürmürlər. Hara müraciət edir, deyirlər ki, İlqar Əliyevin bacısı oğlusan, səni işə götürmək olmaz. İlqar Əliyevin cinayətini sübut etmişdiz ki, onun bacısı oğluna qarşı belə addım atırsız? İlqar nə etmişdi? Bu dövlətə xidmət etmişdi. Budur qarşılığı?
-Yəqin ki, qardaşınızla vəzifədə olduğu vaxtlarda şəxsi söhbətləriniz olub. Nə deyirdi?
- O deyirdi ki, belə şey olmaz. Bunun axırı yoxdur. Çalışırdı ki, adamlara imkanları daxilində kömək etsin. Müxalifətçisinə də, vəzifədə olanına da. Axır zamanlar sistemə nifrət edirdi.
- Bunu açıq şəkildə də deyirdi?
- Yox, bunların yanında onu deyə bilməzdi. O dəqiqə İlqara qarşı hərəkətə keçərdilər. Aramızda olan söhbətlərdə deyirdi. O, bacardığı qədər haqqın yanında dayanmağa çalışırdı. İlqar Əliyev pis adam olmayıb və yaxşı adamlara qarşı pislik etməyib.
- Necə düşünürsüz, İlqar Əliyevin ölüm işi həqiqətləri üzə çıxaracaq?
- İstintaq gedir və biz bilirik ki, İlqar özünü öldürəcək qədər zəif deyildi. Gözləyirik, inanırıq ki, gec-tez orada nə baş verdiyi bilinəcək. Hələlik isə hər şeyi Allahın ümidinə buraxıb gözləyirik.
Yada salaq ki, İlqar Əliyev Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra - 2015-ci il oktyabrın 17-də həbs edilmişdi. Az bir vaxtda İ.Əliyevə ittiham elan edib, onu Bakı İstintaq Təcridxanasına (BİT) göndərmişdilər. İ.Əliyev BİT-də 2 aya yaxın qaldı. 2015-ci il dekabrın 20-də onun meyitini kəndirdən asılmış vəziyyətdə saxlanıldığı kamerada aşkar etdilər. Bu gün də onun ölümünün üzərində sirr pərdəsi qalmaqdadır...