Astara gömrüyündə faciə: Sıxlıq yarandı, qadın öldü
Astara Gömrük Məntəqəsində İrana getmək istəyən Azərbaycan vətəndaşı İlqar Kərimovun növbədə vəfat etdiyi bildirilir.
Aztv.tv-nin azadliq.org-a istinadən məlumatına görə, onun ürəktutmadan öldüyü güman edilir. Hadisə dekabrın 28-də, günün ikinci yarısında baş verib. Hadisənin şahidi, Astara şəhər sakini Fərbiyə İbayevanın dediyinə görə həmin gün İrana getmək istəyənlər çox olub: "Adamlar gömrüyün qapısında toplaşdılar. Qapını səhər saat 9-da açanda basabas düşdü. Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi. Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.
Mərhumun yaxınlarının dediklərinə görə İlqar Kərimov İrana bazarlığa gedirmiş. Ürək xəstəsi olub. Yolda dərman qəbul etsə də təsiri olmayıb. Astara Gömrük İdarəsində isə İlqar Kərimovun növbədəki sıxlıq üzündən ölməsi fikri ilə razılaşmırlar. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmaya başlandığı bildirilir.