“Xüsusi karantin rejiminin gücləndirilməsi və “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş yeddi ekspress marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
“Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.
Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və “Bakı Metropoliteni”nin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspress marşrutlara olan tələbatın kəskin (84%) azalması müşahidə edilib.
Həmçinin, agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.
Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən yeddi sayda ekspress xətlər iki ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspress xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.
“İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik”, - qurumdan bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.