“Xəmsə”nin rəhbəri həbs olunacaqmış? - erməni şirkət işində gəlişmə
“Türkiyə şirkətinin pullarını mənimsəyən Mürvət Həsənli Türkiyədə Ömür Oralın yanında olarkən bir daha ona bildirib ki, Azərbaycana gələcəyi halda onu həbs edəcəklər.
Bunu təsdiq etmək üçün bir generala da zəng edib ki, o da dediklərini təsdiq etsin. Bu günlərdə də həmin şəxs daha yüksək vəzifəyə təsdiq olunacaq. Dediklərim sadəcə sözlər deyil. Bu bir həqiqətdir”.
Bunu vəkil Aslan İsmayılov “Emre Piliç” şirkəti ilə çəkişməsi olan “Xəmsə” MMC rəhbəri Mürvət Həsənli barəsində Feysbukda yazıb.
“Emre Piliç” şirkətində erməni şəriklərin olduğu üzə çıxandan sonra “Xəmsə” MMC Türkiyədə yumurta idxalını dayandırıb və əməkdaşlığa son qoyub. Şirkətin türk rəhbəri Ömür Oral isə iş adamını məhkəməyə verərək ondan pulunu tələb edir.
A.İsmayılov isə onun hüquqlarını müdafiə etməklə yanaşı “Emre Piliç”də səhmləri olan erməni - Bozaçyanla Oskayana da qahmar çıxıb. M.Həsənli isə vəkili erməniləri müdafiə etdiyinə görə ittiham edir.
Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb.
Ən azından onun bu işi götürməsinə heç nə vadar etmirdi. Sadəcə, maddi maraq onu cəlb edib və indi erməninin hüquqlarını müdafiə edir ki, ondan alacağı qonorarı rahatlıqla xərcləsin.
Ulus.Az xəbər verir ki, vəkil A.İsmayılov M.Həsənliyə həbs ediləcəyini təsdiqləyən generalın adını açıqlamayıb. Hər halda bu günlərdə yüksək vəzifəyə kimin gedəcəyindən məlum olacaq. Bəlkə də M.Həsənlinin özünə vəzifə veriləcək.
Bu arada “Beynəlxalq Diaspor Mərkəzi Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.
Müraciətdə Oralın Azərbaycandan çıxarılması tələb olunub və 5 milyon azərbaycanlının təhqir edildiyi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan mediasında milliyətcə erməni olan Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan ortaq olduğu Türkiyənin iri broyler şirkəti olan “Emre Piliç”in Azərbaycana quşçuluq məhsulları idxal etdiyi ciddi rezonans doğurub.
Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb.
Məlumatlara görə, bu şirkət ən çox “Qaradaşlı” Broylerlə əlaqə qurub. Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar. Ancaq xəbər tutan kimi əməkdaşlığı dayandırıblar.