Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
Qədim tarixə malik olan xalqımız bir əsrdə ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalmışdı və belə bir halın varlığı 1993-cü ildə baş verdi ki, həmin vaxt müdrik xalqımız özünü itirmədi, uzaqgörən ziyalılarımız Naxçıvana, böyük tarixi şəxsiyyət- Heydər Əliyevə üz tutdular. Həmin vaxtlarda Ulu Öndər xalqını, millətini sınmağa, sarsılmağa qoymadı, ünvanlanan dəvəti qəbul edib Bakıya gəldi və qətiyyətin, gücün, ağlın, zəkanın idrakını göstərdi. Böyük qurtuluş missiyasını öz üzərinə götürdü və bu qayıdış, məhz Azərbaycanın qurtuluşu oldu. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən görkəmli siyasətçi, təcrübəli dövlət xadimi öz missiyasını fədakarlıqla yerinə yetirdi. Qeyd olunan vaxtlarda Ulu Öndər Azərbaycanı dağılmaqdan, milli fəlakətdən xilas etdi, bir sözlə dövlətçiliyimizin əsaslarının qorunub saxlanmasının təməlini qoydu. Xalqın millət, torpaq, vətən, bayraq sevgisini özünə qaytardı. Əgər Mustafa Kamal Atatürk Osmanlı dövlətinin külünün yerində yeni bir çağdaş Türk Cumhuriyyətini yaratdısa, Heydər Əliyev də güclü iqtisadiyyata malik, qüdrətli Azərbaycan dövlətini formalaşdırdı. Heydər Əliyev yox olmaqda olan Azərbaycanı var etdi, bir kərə yüksələn bayrağımızın enməsinə imkan vermədi. Bəli, bu gün ulu öndər Heydər Əliyevin ideyaları uğurla, müvəffəqiyyətlə həyata keçirilməkdədir. “Ot kökü üstə bitər” deyiblər! Zamanın sınağından çıxmış və hal-hazırda ulularmızın yaşadılan bu müdrik kəlamını açıqlamağa ehtiyac belə yoxdur. Cənab İlham Əliyev prezidentliyə namizədliyini ilk dəfə irəli sürərkən, bəzi bədxahlar onun hələ gənc, təcrübəsiz olmasını, belə bir mühüm postun öhdəsindən gələ bilməyəcəyini bəhanə gətirərək, bir növ xalqı çaşbaş salmağa, ara qarışdırmağa çalışsalar da, buna heç cür nail ola bilmədilər.
Təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasi kursun kim tərəfindən davam etdirilməsi məsələsi, yalnız xalqın iradəsi sayəsində nümkün ola bilərdi. Əslində bu belə də oldu və cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazandı və sübut etdi ki, Azərbaycan xalqı ona etimad göstərir. Şübhəsiz ki, zaman körpüsü öz işini görmüşdü və cənab Prezident qeyd olunan zaman körpüsünə qədər çox yol keçmişdi. Çox keçmədi ki, müdrik atanın iti ağlı, dərin zəkası öz bəhrəsini verdi və bütün qaranlıqları parçalandı.
Fakt budur ki, cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyarkən xalqın dərin hörmət və inamını qazanmışdı. Azərbaycanda neft strategiyasının yeni erası da, məhz həmin vaxtlardan başlandı. O, dünyanın aparıcı neft şirkətləri, neft istehsalı və satışı ilə məşğul olan dövlətlərlə bir çox sazişlərin bağlanmasına, Azərbaycana sayı-hesabı bilinməyən sayda investisiyaların gətirilməsinə çalışdı, dövlətin, xalqın mənafeyinin qorunmasına nail oldu. Beləliklə, cənab İlham Əliyev “neft strategiyası təkcə iqtisadi məsələ deyil, həm də siyasi və diplomatik məsələdir” - deyən, ümummilli lider Heydər Əliyev kursunu uğurla davam etdirdi. 20 sentyabr 1994-cü ildə dünyanın əsas neft şirkətlərinin ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük saziş imzalandı. Sonralar cənab İlham Əliyev bu barədə demişdi: “Həmin gün Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi idi”.
Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışları, Azərbaycanın haqq səsini dəstəkləyən əcnəbiləri öz ətrafına yığması, çox uğurlu nəticələr vermişdi. Onun belə bir mötəbər təşkilatda qaldırılan məsələlərlə bağlı sənədlər yayması və həmin sənədlərə Böyük Britaniya, Rusiya, Türkiyə, Macarıstan, Avstriya, latviya, Litva, İspaniya, Hollandiya və s. kimi nüfuzlu dövlətlərin nümayəndələrinin imza atmaları, sözün həqiqi mənasında çox böyük uğurun əsaslarını qoydu. Əfsuslar olsun ki, cənab Prezident vəzifəsinin icraasına başladığı ilk günlərdə, Azərbaycan xalqına böyük bir itki üz verdi. Ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsi, bütün Türk dünyasını sarsıtdı və xalqımız bu itkini milli faciə kimi qarşıladı. Ümummilli rəhbərin ruhuna ən böyük etiram, məhz elə onun qurub-yaratdığı, qurucusu olduğu dövləti yaşatmaq, inkişaf etdirmək oldu. Cənab İlham Əliyev belə bir məsuliyyəti öz çiyinlərinə götürdü və qısa bir zaman kəsiyində bu yükü daşımağa qadir olduğunu əməli addımları ilə də sübuta yetirdi.
Cənab Prezident fəaliyyətinin ilk günlərindən ölkəmizdə əsaslı islahatların həyata keçirilməsini olduqca vacib addım hesab etdi. O, vaxtilə Nazirlər Kabinetində keçirdiyi ilk iclasında iqtisadi və sosial məsələlərin həllini daim diqqət mərkəzində saxladığını bildirdi və həmin vaxtlarda haqlı olaraq qeyd etmişdi ki, “Azərbaycanda bu günə qədər əldə olunmuş iqtisadi naliyyətlər yeni uğurların qazanılmasına tam təminat yaradır və bunun üçün hər cür imkan da var. Azərbaycanda yaradılmış bu iqtisadi iqlim o qədər gözəldir ki, yeni nəticələr əldə etmək üçün çox yaxşı şərait var. Əlbəttə, hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və vəzifə borcunu vicdanla yerinə yetirsin. İlk növbədə hər kəs insanlara böyük diqqətlə yanaşmalıdır. Biz Azərbaycan xalqı üçün işləyirik”. Ölkə rəhbərinin söylədikləri və həyata keçirmək istədiyi hər bir məmur üçün, hər bir vəzifə sahibi üçün öz işini məsuliyyətlə yerinə yetirməyə, ölkənin problemlərinin həllində daha da fəal iştirak etməyə çağırış idi.
Ölkə Prezidentinin dəfələrlə Azərbaycanın ayrı-ayrı rayonlarında, bölgələrində olması, sahibkarlarla işgüzar görüşlər keçirməsi, problemlərin aradan qaldırılması istiqamətində verdiyi tapşırıqlar və atdığı digər addımları yaddaqalan hadisələrdəndir. Bütün bunlar onu göstərir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin dövlətimizi parçalanmaq, məhv olmaq təhlükəsindən birdəfəlik xilas etməsi, məhz Azərbaycan Respublikasının qurtuluşu oldu. Bəli, həmin gün, yəni 15 iyun günü xalqımızın və dövlətimizin tarixinə Qurtuluş günü olaraq birdəfəlik həkk olundu. Onillər, əsrlər, keçəcək, məhz gələcək nəsillər də həmin günün əhəmiyyətini bir daha yada salıb, lazımınca qiymətləndirəcəklər. Çünki, həmin gün ulu öndər Heydər Əliyevin əvəzsiz rolu sayəsində müasir tariximizə xilas günü olaraq həkk olunub.
Məşhur Məmmədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR