AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin xüsusi sessiyası çağırılacaq - İDDİA

  • + A
  • - A
  • 11-07-2020, 17:00

    Milli Məclisin xüsusi sessiyası çağırılacaq - İDDİA
    Milli Məclisin fövqəladə sessiyasının çağırıla biləcəyi ilə bağlı xəbərləri, güman ki, oxumusunuz. Doğrudan da, belə bir söhbət var, amma onun bu ana nə günü bilinir, nə gündəliyi. Jurnalistlərin və dost-tanışların çoxsaylı suallarına, bir qayda olaraq, “bilmirəm” cavabını verirəm, çünki bu, doğrudan da belədir. Bununla belə, suallar və onların bildirdiyi ictimai maraq əsaslı olduğundan, “bilmirəm” cavabı yetərli sayıla bilməz. Konkret bilməsək də, bəzi gümanları qura bilərik. Bunun üçün Milli Məclisin səlahiyyətlərinə baxmaq gərəkdir”.

    AzadMedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

    E.Qədirli bildirib: “Fövqəladə sessiyanın çağırılması aşağıdakı ehtiyacların birindən və ya bir neçəsindən doğa bilər:

    1. Qanunun qəbulu.

    MM-in iki komitəsində üzvəm: a) Hüquq Siyasəti və Dövlət Quruculuğu; b) Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə Mübarizə. Bu komitələrin heç birində yeni layihə yoxdur. Olsaydı, mən bilərdim. Başqa komitələrdə yeni layihə olmuş ola bilər və mənim ondan xəbərsiz olmağım mümkündür. Amma elə bir layihə varsa, o, plenar iclasdan ən azı 3 gün öncə bütün deputatlara göndərilməlidir. Bu ana hər hansı bir layihə bizə göndərilməyib. Ayrıca, fövqəladə sessiya qanunun qəbulu üçün çağırılacaqsa, deməli üç oxunuş proseduru işə düşməli olacaq. Elə bir söhbət də hələ yoxdur.

    2. Büdcədə dəyişiklik.

    Əslində, bu məsələ qanunun qəbulu ilə rəsmiləşdirildiyinə görə, onu da birinci bənddə yaza bilərdim. Sadəcə, büdcə çox xüsusi bir qanun olduğuna, epidemiya dönəmində iqtisadiyyatımıza böyük ziyan dəydiyinə görə, onu ayrıca göstərmək istədim.

    3. Beynəlxalq müqavilənin təsdiqi və ya ləğvi.

    Doğrusu, hansı müqavilənin təcili təsdiqinə və ya ləğvinə ehtiyacın yarana biləcəyini güman etməkdə çətinlik çəkirəm. Bu, ən az ehtimal olunan variantdır, məncə.

    4. Vəzifələrə təyinatlar.

    Elə vəzifələr var ki, kimisə təyin etməkdən və ya çıxarmaqdan öncə, Milli Məclisin razılığı alınmalıdır. Məsələn, Baş Nazir (təyin), Baş Prokuror (həm təyin, həm çıxarılma). Elə vəzifələr də var ki, orada Prezidentin təqdimatı əsasında Milli Məclis özü təyin və azad edir (məsələn, Mərkəzi Bankın İdarə Heyəti), ya da, yenə də Prezidentin təqdimatı əsasında, seçir (məsələn, İnsan Hüquqları üzrə Müvəkkil). Müvəkkil ötən ilin son aylarında seçilib, Baş Prokuror və Mərkəzi Bankın sədri isə bu yaz təyin olunublar. Ali Məhkəməyə və bir neçə apellyasiya məhkəməsinə hakimlərin təyinatı da bu yaxınlarda oldu. Konstitusiya Məhkəməsində iki hakimin 70-dən yuxarı yaşı var (Südabə Həsənova – 73 və Rafael Qvaladze – 72). Konstitusiya Məhkəməsi haqqında qanunun 14.3 maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Bununla belə, elə oradaca yazılıb ki, Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsini icra etməyə davam edir. Ola bilsin, bu iki hakimin yerinə yeni təyinatlar olsun. Amma buna görə fövqəladə sessiyanı çağırmağa dəyərmi? Sanmıram. Bunu payız sessiyasında da rahat etmək olar. Onsuz da, yaşdan əlavə, dekabrda Südabə Həsənovanın səlahiyyət müddəti bitir. Nə qalır? Baş Nazir? Prinsipcə, mümkündür, amma bununla bağlı nəsə deyə bilmərəm.

    5. Hərbi doktrina.

    Qüvvədə olan hərbi doktrina var. Prezident orada nələrisə dəyişdirməyi istəyə bilərmi? Bilər. Bunun üçün Milli Məclisin təsdiqi lazımdır. Bu halda mənim, təhlükəsizlik və müdafiə sahəsinə cavabdeh olan komitənin bir üzvü kimi, bundan xəbərim olmalıdır. Bu ana elə bir xəbər yoxdur.

    6. Hərbi və ya fövqəladə vəziyyət.

    Burada qayda belədir – Prezident bununla bağlı fərmanını 24 saat ərzində Milli Məclisin təsdiqinə göndərməlidir. Bu ana bununla bağlı heç bir rəsmi məlumat yoxdur.

    7. Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq.

    Bu, Milli Məclisin səlahiyyətlərindən biridir. Hərbi və fövqəladə vəziyyətlər məsələsində olduğu kimi, burada da təşəbbüs Prezidentdən gəlməlidir. Söhbət hansı vəzifələrdən gedə bilər? Məsələn, fövqəladə vəziyyət elan olunarsa və Daxili İşlər Nazirliyinin imkanları yetməzsə, silahlı qüvvələrin cəlbi mümkün sayıla bilər (küçələrdə patrullar, komendant saatı və s.)”

    Pravda.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR