“Azərsu” ASC istehlakçılara göstərilən abonent xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir.
ASC-dən Azadmedia.az-a bildirilib ki, müasir dövrdə sosial şəbəkələrdən istifadənin geniş vüsət alması nəzərə alınaraq bir sıra xidmətlər sosial şəbəkələr üzərindən tətbiq edilir. “Azərsu” ASC-nin “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət” elektron xidmətinin Teleqram sosial şəbəkəsi üzərindən aparılmasına başlanıb. Bu xidmətin köməyi ilə vətəndaşlar içməli su və tullantı su sistemlərində baş vermiş qəzalarla bağlı “Azərsu” ASC-yə asanlıqla müraciət edə bilərlər.
Qeyd edək ki, indiyədək bu xidmətdən istifadə “www.azersu.az” saytı və “www.e-gov.az” portalına keçid almaqla aparılırdı. Bundan sonra abonentlər “Telegram” şəbəkələrinə qoşulmaqla xidmətdən yararlana biləcəklər. Təqdim edilən xidmətdən mobil qurğulardan Teleqram Mesencer proqramını yükləməklə (App Store, Play Market və sair) istifadə etmək mümkündür. Teleqram səhifəsinə qoşulduqdan sonra “Azərsu” ASC-nin xidmətləri təqdim edilən “Azersu” (Azersubot) səhifəsinə keçid edilir. “Ana səhifə”də təqdim olunan xidmətlərin siyahısı verilir və vətəndaşlar “Qəza bildirişi” xidmətini seçməklə su təchizatı və tullantı sularının axıdılması sistemində baş verən qəzalar barədə məlumat göndərə bilərlər. Bu məqsədlə əks əlaqə üçün aktiv əlaqə telefonu, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsindəki FİN kodu daxil etməli, daha sonra qəzanın içməli su və ya tullantı su xəttində olduğunu təsdiqləməli və tələb olunan digər məlumatları daxil etməlidir. Növbəti əməliyyatda qəzanın baş verdiyi ərazi daxil edilir və qəzanın fotoşəkli göndərilir. Müraciətin sistemdə qeydiyyatı uğurla tamamlandıqda bu barədə məlumat ekranda göstərilir.
Müraciət qeydiyyata alındıqdan sonra cəmiyyətin müvafiq struktur vahidinə icraya yönləndirilir. Daxil olan müraciət aidiyyəti əməkdaşlar tərəfindən baxılaraq araşdırılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Müraciət müvafiq qaydada icra olunduqdan sonra nəticəsi haqda məlumat abonentin elektron poçt ünvanına, SMS vasitəsilə mobil telefonuna və Teleqram səhifəsinə göndərilir.
Yaxın günlərdə bu xidmətin Feysbuk sosial şəbəkəsi üzərindən də aparılması mümkün olacaqdır.
Tətbiq olunan yeni xidmətin istifadə təlimatı www.azersu.az saytında yerləşdirilib. https://azersu.az/az/blog/2726
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.