AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir?”

  • + A
  • - A
  • 14-08-2020, 16:11

    “Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir?”

    Millət vəkili Qənirə Paşayeva Rusiyanın Ermənistana silah verməsinə münasibət bildirib.

    "Qafqazinfo" xəbər verir ki, deputat qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərini öz havadarlarının hərbi-siyasi dəstəyi ilə uzun illərdir işğal altında saxlayır:

    "Beynəlxalq səviyyədə qəbul görmüş rəsmi istilahla desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Və Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır.

    Dünən belə olub, bu gün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutunun həmsədri olmaqda davam edir… Bu, əlbəttə, təzaddır.

    Bəli, Ermənistanın Rusiyadan silah alması yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur. Rusiya Ermənistana hansı əsaslarla silah satır? – Bəlli deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir.

    İctimaiyyətə də bəlli olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

    Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur.

    Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

    Beləliklə, iyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkə respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir; Qazaxıstanla Türkmənistan qardaş ölkədir; İranda milyonlarla soydaşımız (öz dədə-baba torpqlarında) yaşayır… - bütün bunlara baxmayaraq, işğalçı Ermənistana Azərbaycana qarşı işlətməkçün silah-sursat daşınmasına etiraz etməyiblər…

    Əlbəttə, Gürcüstan kimi, adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər, bu, həm beynəlxalq hüquq normalarına uyğun olardı, həm də, biz, qardaş və qonşuların dəyanətini görmüş olardıq. Azərbaycan öz tərəfindən belə dəyanəti qonşu və qardaşlarına qarşı dəfələrlə göstərib…

    Son günlərdə Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. “Hədəf ölkə” haradır? Heç bir şübhə yeri yoxdur ki, söhbət Azərbaycan Respublikasından gedir…

    Hər şey bir yana axı o daşınan hərbi yük azərbaycanlı qanını axıtmaq, Azərbaycan torpaqlarının işğalını davam etdirmək, müharibə ritorikasını gücləndirməkçündür bu, adıkeçən dövlətlərin nəyinə lazımdır?!.
    Ermənistan-Rusiya münasibətləri sözün mənfi emosiyası ilə “özünəməxsus” özəlliyə sahibdir. İşğalçı Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub; 15 may 1992-ci ildə (tarixə diqqət edin: 8 mayda Şuşa, 18 mayda Laçın işğal olunub…) Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir.

    Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində işbirliyini əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxstan, Qırğız Respublikası və Tacikstan ilə) inkişaf etdirməyə çalışır. Əslində, Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə işbirliyi ortamı yüksək olmayıb.

    Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Nəzərə alsaq ki heç bir beynəlxalq hüquq norması işğalçıya silah satmağı təsbit və təşviq etmir, o halda meydana çıxan suallar daha da çoxalır. Çünki Azərbaycan torpaqlarının işğal altında olduğu mühüm beynəlxalq sənədlərdə qeyd olunub və hansı rayonların işğal altında tutulduğunu bilməyən dövlət və beynəlxalq təşkilat yoxdur.
    Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, ÜDM-də silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
    Daha bugünlərdə Ermənistanın Serbiyadan silah alması barədə KİV-lərdə geniş məlumat yayıldı.

    Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı öncədən hazırladığını göstərən faktlardan biri də budur ki, döyüş başlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.

    Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa, birmənalı olmayan reaksiyalar doğurdu. Zatən başqa cür ola da bilməzdi. Həqiqətən də,çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi; bundan başqa, Azərbaycan Kosovonun dövlət müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Təbii ki, bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi; Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.

    Bunun ardınca, Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirdi ki, “rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini dedi. Bu çərçivədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç respublikamızda oldu, danışıqlar aparıldı, respublikamızın narahtlığı bir daha ifadə olundu. Nazir N.Stefanoviç jurnalistlərə verdiyi müsahibədə fikirlərini bu şəkildə ümumiləşdirdi: “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli işbirliyinə nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə işbirliyini genişləndirmək barədə razılığa gəldik”.

    Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır; yalnız ənənəvi müttəfiq(lər)ini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR