Bu sahəyə qadağa qoyulması absurddur - Ekspert
Karantinin yumşaldılması ilə əlaqədar bəzi sahələrin fəaliyyətinə icazə verildiyi halda, repetitorluğun qadağan edilməsi absurddur.
Bunu AzadMedia.az-a təhsil eksperti Qoşqar Məhərrəmov deyib. O bildirib ki, müəyyən standartlar hazırlamaqla repetitorluq fəaliyyətinə icazə verilməlidir:
“Bütün təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması qərarı yanlış idi. Şəhərlərimizin hansında yoluxma sayı artmışdısa, həmin yerlərdə təhsil fəaliyyətləri dayandırıla bilərdi. Buraya repetitorluq da daxildir. Bu, könüllülük prinsipi və az sayda şagirdin iştirakı ilə aparılan fəaliyyətdir. Yəni heç kimi repetitor yanına, kursa getməyə məcbur etmirlər. Bu səbəbdən bu xidmətlərin fəaliyyətinin qadağan edilməsinə əsas yoxdur.
İctimai iaşə obyektlərinin, çimərliklərin və bəzi yerlərin fəaliyyətinə icazə verildiyi halda insanların fərdi hazırlıq keçməsinə qadağa qoyulması absurd görünür. Onsuz da bölgələrdə bəzi repetitorlar fəaliyyət göstərir. Təlim-tədrislə, repetitorluqla məşğul olan mərkəzlərin də fəaliyyətinə icazə verilməlidir və bunun üçün müəyyən standartlar olmalıdır. Ümid edirəm ki, Operativ Qərargahın müsbət cavabından sonra Təhsil Nazirliyi müəyyən protokollarla onların açılmasına icazə verəcək”.