Cəmiyyətdə bu problem dərinləşir – Millət vəkili
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 165 vətəndaşımızı qəbul edib və onlayn qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Azadmedia.az xəbər verir ki, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub. Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem geniş vüsət alır. Məsələdən ciddi narahatlıq keçirən millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.
Vətəndaşlarla müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
Qənirə Paşayeva eyni zamanda son 1 həftədə 40-a yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında danışıb.