AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu əbədidir, sarsılmazdır!

  • + A
  • - A
  • 30-09-2020, 13:03

    Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu əbədidir, sarsılmazdır!
    Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz təməllər üzərində qurulub. Bu gün bu kəlmə Azərbaycan mediasında hər addımbaşı rast gəlinən ən sevimli və qürurlu bir kəlməyə çevrilib. Çünki qardaşlığımız elə bağlar üzərində köklənib ki, onu heç bir qüvvə sıradan çıxarda bilməz. Tarixi faktlar sübut edir ki, min illərə söykənən qardaşlıq əlaqələrimiz var. Bu gün Türkiyə-Azərbaycan birliyi regionun dominantlığını təşkil edir. İki güclü dövlət beynəlxalq arenada birgə mövqedən çıxış edir və öz milli maraqlarının qorunması istiqamətində önəmli addımlar atırlar. Cənubi Qafqaz regionunda iqtisadi-enerji layihələrin birgə işlənib reallaşması buna ən gözəl nümunədir. Həm də gerçəkləşən layihələr bölgənin təhlükəsizliyinin təminatına çevrilib.

    Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub.

    Bu, ondan irəli gəlir ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb, sevincli, kədərli günlərdə biri digərinin yanında olmasına zəmin yaradıb.

    Erməni təxribatı nəticəsində baş verən bütün hadisələr zamanı qardaş Türkiyənin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını bəyan etməsi Azərbaycan-Türkiyə birliyinin əyani təcəssümüdür.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib, dəfələrlə bəyan edib ki, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyil. Adekvat addım da hər zaman Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən atılır. Türkiyənin dövlət rəhbəri çıxışlarında səsləndirdiyi "Azərbaycanın işğal altındakı torpaqlarını azad etməliyik”, "qardaşlarımızı heç vaxt tək qoymarıq”, “Türkiyə həmişə Azərbaycanın yanındadır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” fikirləri, qəti və aydın mövqeyi ölkəmizə birmənalı dəstəyi, işğalçı Ermənistan hökumtinə ciddi mesajı müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibəti bir daha gündəmə gətirdi.

    Çoxəsrlik böyük tarixi köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu günkü mərhələsi isə ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir. Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri tərəfindən bu gün həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

    Bu günlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərin keçirilməsi möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsinin davamı oldu. Unutmayaq ki, iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad "iki dövlət - bir ordu” modelinin əməli nümunəsi olub. Bu il isə Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmirdə, Yevlaxda keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradını bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayandıqlarını göstərdi.
    Prezidentimiz İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə Bakının mövqeyini bir daha bəyan etdi: "Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

    Göründüyü kimi, iki ölkə arasındakı əlaqələr, münasibətlər yüksələn xətlə inkişaf edir. Elə bu səbəblərdən Prezident İlham Əliyevin olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirməsi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi, hər iki dövlətin xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar hər zaman olduğu kimi yenə də bəlli dairələrin, mənfur qonşuların yuxusunu ərşə çəkdi. Tarixinin çətin sınaqlarından uğurla çıxan bu iki qardaş dövlət arasındakı münasibətlərə, əlaqələrə heç bir qüvvə mane ola bilmədi və heç bir zaman da mane ola bilməyəcək.

    Bu yaxınlarda "TRT Haber" kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Türkiyə üçün qardaş ölkədir, əminəm ki, azərbaycanlı qaçqınlar tez, ya gec öz əzəli doğma torpaqlarına qayıdacaqlar deməsi münasibətlərin qarşılıqlı olmasına, Türkiyənin haqq səsimizi dəstəkləməsinə sübutdur.

    "Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir".

    Bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirsə də, bu kəlmələr hər zaman üçün aktualdır.


    Bu gün yenə Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri yox, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir.

    Bütün bunları nəzərə alaraq fəxrlə, birmənalı demək olar ki,Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu əbədidir, sarsılmazdır!

    İbrahim Cəfərov

    ADAU-nun rektoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR