AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ordumuza “İrəli getməyin” çağırışını edənlərə cavabımız - “Dayanmayacağıq!”

  • + A
  • - A
  • 7-10-2020, 09:46

    Ordumuza “İrəli getməyin” çağırışını edənlərə cavabımız - “Dayanmayacağıq!”

    Ermənistanın təxribatlarından sonra Azərbaycan tərəfin işğal altındakı torpaqlarını azad etmək üçün başladığı Vətən müharibəsinin 11-ci günüdür. Ordumuz hər gün yeni-yeni ərazilərimizi düşməndən təmizləyir. Uğurlu hərbi əməliyyatlarımızın davam etdiyi bu günlərdə Azərbaycana “irəli getməyin” deyənlər də az deyil və hər keçən gün onların sayı artmaqdadır. 30 ilə yaxındır ki, ermənilərin işğalçılıq siyasətini qulaqardına vuran beynəlxalq güclər, dövlətlər sanki indi yuxudan ayılıblar...

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına verdiyi müsahibədə belə çağırışların olmasından söz açıb. Dövlət başçısı deyib ki, bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, “nəbadə irəliyə getməyin, ara verin”.

    Müstəqil şərhçilər və hərbi ekspertlər belə çağırışların hər bir müharibədə olduğunu qeyd edərək, yaranan “Nə etməliyik” sualına ən müxtəlif mövqelər sərgiləyirlər.

    Siyasi şərhçi Əhəd Məmmədli bu cür çağırışlara məhəl qoymadan əməliyyatları davam etdirməyi vacib sayır: “Məşhur şeirimizdə deyilən kimi, bizə bu cür çağırışlar vız gəlməlidir. Qardaş Türkiyəmizi arxamıza alıb, torpaqlarımızı tam şəkildə azad etməkdə davam etməliyik. Bu cür çağırışlar hələ çox olacaq. Belə çağırışlara fikir verməməli, işimizə davam etməliyik. Diplomatik meydanda da heç də hər şey düşmənlərimizin istədiyi kimi getmir, əksinə, bizim istədiyimiz kimi gedir. Döyüş meydanında üstünlüyümüzün davam etdiyini gördükdə beynəlxalq aləm erməniləri reallıqla barışmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırır. Məsələn, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: ”Putinin münaqişə ilə bağlı danışıqlar üçün Azərbaycan və Türkiyə ilə planı yoxdur. Hazırda müharibə davam etsə də, Bakı və Ankara ilə dialoqlar yüksək səviyyədə davam edir". Azərbaycan acısından bu çox önəmli açıqlamadır. Bizim üçün əsas Rusiyanın neytrallığını qoruyub saxlamaqdır. Çünki əsas təhlükə bu ölkədən gələ bilər. Artıq Böyük Britaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

    İranın XİN müavini də Ermənistanı işğal edilmiş ərazilərdən çıxmağa çağırıb. Döyüş meydanı ilə bərabər diplomatik meydanda da uğurlarımız önəmlidir. Bütün bunlar onu göstərir ki, diplomatik meydanda da uğurlu olmaq istəyiriksə, döyüş meydanında uğurlu antiterror əməliyyatını davam etdirməliyik".

    Polkovnik Şair Ramaldanov heç bir çağırışın ordumuzu saxlaya bilməyəcəyini söylədi: “Azərbaycan Ordusu irəli getmir, ordumuz öz torpaqlarını azad edir. Prezidentimiz bütün zəngələrə də bu formada cavab verərək, öz qəti mövqeyini bildirir, şərtlərini çatdırır. Bu şərtləri də heç kimdən gizlətmir. Mövqeyini açıq ifadə edir. Deyərdim ki, buna onun tam olaraq əsası var. Bunlara hazırlıqlar gedirdi. Cənab Prezident hücum diplomatiyası deyilən bir hücum xətti seçmişdi. Bu haqda cəmiyyət bilir. Həmin hücum diplomatiyası nəticəsində cənab Prezident Azərbaycan Ordusunun növbəti düşmən təxribatına cavab olaraq işğal altındakı torpaqlarımızı güc yolu ilə azad edəcəyimiz barədə fikirləri ilə bütün beynəlxalq qurumları buna hazırlamışdı. Azərbaycan dövlətinin bu gün atdığı addımlar beynəlxalq hüquq normalarına zidd deyil. Özünü müdafiə hüququndan istifadə edərək, Azərbaycan BMT-nin qəbul etdiyi dörd qətnaməni əsas götürərək, beynəlxalq qurumların yerinə yetirməli olduqları məsələləri özü həyata keçirmək məcburiyyətində qalıb. Bütün təzyiqlərə, çağırışlara, zənglərə baxmayaraq, Azərbaycan prezidenti öz şərtini irəli sürdü. Bu şərtlərə əməl edə biləcək hər hansı bir təklif olarsa, bu bəlkə Ordumuzu dayandıra bilər, atəşkəs əldə olunar. Digər hər hansı bir təzyiq, çağırışlar Azərbaycan Ordusunu öz məqsədindən saxlaya bilməyəcək, o cümlədən cənab Prezidenti də”.

    Hərbi ekspert Üzeyir Cəfərov də fərqli düşünmür: “Heç kimə qulaq asmaq lazım deyil. Öz işimizi görməliyik və görürük də. Biz onların çağırışlarını eşitməyə hazırıq, amma bir şərtlə ki, onlar da Azərbaycanın çağırışlarını eşitməlidir. Azərbaycan 27 il idi ki, bunların çağırışlarını eşidirdi. Rəsmi Bakı onlara deyirdi ki, bu əclaf toplumu, yaramaz yığınını başa salın. Bu ağır ifadələri ona görə işlədirəm ki, Gəncə kimi ikinci ən böyük şəhərimizi vuran, Bakı ətrafında buna cəhd edən, mülki vətəndaşları aramsız olaraq atəşə tutan faşistlər bundan sonra bir qədər güc toplamağı düşünürlər. İndi çıxılmaz vəziyyətdədirlər. Erməni havadarları Azərbaycana ağıl vermək istəyirlər. Halbuki özlərinin bir qram da olsun, normal düşüncə qabiliyyətləri yoxdur. Necə olur ki, ermənilərin Azərbaycan şəhərlərini atəşə tutmasından sonra mülki vətəndaşlardan 27 nəfər həyatını itirib, 141-i yaralanıb, amma heç birinin səsi çıxmır? Azərbaycanın mədəni irsini məhv edən Ermənistana heç kəs bir kəlmə söz demir. Biz dayanmağa hazırıq, amma bir şərtlə ki, sonuncu erməni əsgəri Azərbaycan ərazisindən geri çəkilsin. İndi ermənilərə vaxt lazımdır. Görün necə ağılsız fikir söyləyirlər, deyirlər ki, biz taktiki olaraq geri çəkilmişik. Dünya tarixində görünməmiş bir şeydir. Onlar çox ağır durumdadırlar. Azərbaycana yalvarırlar ki, hücum əməliyyatlarını dayandırın, bunlar bir az nəfəs alsınlar. Səhər oxudum, artıq keşişlərini müharibəyə cəlb edirlər. Dünən jurnalistlərinə, bu gün də keşişlərinə silah verirlər. Azərbaycan bu işi sona çatdırmalıdır. Prezident də çıxışında dedi. Müraciətlər olursa olsun, biz öz işimizi görməliyik. İndiyə qədər bizi eşidirdilər, amma heç bir iş görmürdülər. Şəxsən deyirəm ki, döyüş əməliyyatları sona qədər aparılmayıb dayandırılsa, öz narazılığımı ifadə edərəm. Başa düşürəm, şəhidlər veririk, yaralananlar olur. Amma buna son qoyulmalıdır. Bunun başqa yolu yoxdur”.
    Yeni Müsavat"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR