AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat xaricə sərmayə yatıran iş adamlarını Türkiyəyə dəstək olmağa səslədi

  • + A
  • - A
  • 26-10-2020, 20:28

    Deputat xaricə sərmayə yatıran iş adamlarını Türkiyəyə dəstək olmağa səslədi


    Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.

    Ölkəmiz Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir.

    İqtisadiyyat xəbərlərini oxuyanda görürük ki, Azərbaycana dəstəyi Türkiyənin siyasətilə yanaşı, iqtisadiyyatından da vaz keçməyib. Belə ki, Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, siyasi təzyiqlərin nəticəsi olaraq Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin də həcmi azalmağa doğru gedir, bu da hazırkı durumda valyuta tələbinə mənfi təsirsiz ötüşmür.

    Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Bu siyasi dəstəyə müxtəlif don geyindirməyə çalışsalar da, buna nail ola bilmədilər, cənab Prezident çıxışlarında, müsahibələrində və bəyanatlarında dəfələrlə Türkiyənin yalnız siyasi dəstək verdiyini vurğulasa da, bu qardaşlıq mövqeyinə və siyasi dəstəyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də təəssüf ki, müzakirə olunur.

    İqtisadi statistikaya nəzər yetirdikdə Türkiyənin cəlb etdiyi xarici invesitisiyaların təqribən 5 faizi Azərbaycan iş adamlarının payına düşür. Mən bir millət vəkili kimi xaricə sərmayə yönəldən sahibkarlarımıza səslənir, onları daha çox Türkiyəyə investisiya yatırmağa çağırıram. Çünki bütün təzyiqləri gözə alaraq haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları xarici ölkələrə yüksək məbləğdə sərmayə yatırırlar. O vəsaitlər Türkiyə iqtisadiyyatına yönələrsə həm qardaş dövlətin iqtisadiyyatına dəstək etmiş olarlar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər.

    Bununla da Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarını davam etdirən Azərbaycan qardaş ölkənin iqtisadiyyatında yaxından iştirakını artırmış olar.

    Azərbaycan Türkiyənin son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda qardaş ölkənin və regionun iqtisadiyyatına, təhlükəsizliyinə töhfə verəcəyinə əmindir. Tezliklə siyasətdə olduğu kimi sarsılmaz Türkiyə iqtisadiyyatı da dünyaya meydan oxuyacaq. İnanıram ki, Azərbaycan dövləti və sahibkarları hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək.

    Hər birinizi bacardığınız şəkildə qardaş Türkiyə iqtisadiyyatına dəstək verməyə səsləyirəm!

    Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır!

    Məşhur Məmmədov,

    Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR