Politoloq Seynur Əsgərli – “ Cənab Prezidentimiz, diplomatiya arenasında, Ordumuz savaş meydanında düşmənin belini qırdı "
"Əslində, Tovuz hadisələri Ermənistanın Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdi idi. Lakin ilk dəfə deyildi ki, işğalçı Ermənistan Azərbaycana qarşı uğursuz diversiya aksiyaları həyata keçirirdi.
Onu da, qeyd etmək lazımdır ki, Ermənistanla dövlət sərhədində hər hansı bir əməliyyatın başlanması və keçirilməsi dövlətimizin maraqlarına uyğun deyildi. Belə ki, dövlətimizin sadəcə və başlıca məqsədi işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etmək idi. Elə buna görə də, həmin cəbhədə Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyini anlayan işğalçı Ermənistan təxribat törətməklə birlikdə, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsini buraya cəlb etmək niyyəti güdürdü. Ancaq istər savaş meydanında və istərsə də, diplomatiya arenasında Ermənistan rəhbərliyi bu niyyətinə heç bir şəkildə çata bilmədi, əksinə, dünya mediasının və bütünlükdə beynəlxalq aləmin qınaq obyektinə çevrildi.
Elə ilk başda Ali Baş Komandanınımızın əmri ilə, Ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarımız onu göstərdi ki, mənfur Ermənistanın terror siyasəti və hərbi təcavüzü nəticəsi tamamilə uğursuz nəticələnəcəkdir və 30 ildir, masada gözlədilən Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti və Ordumuzun məğlubedilməz gücü və qüdrəti xalqımızı qətiyyətlə müdafiə edir və beləliklə hər şey istədiyimiz kimi sonlanacaqdır.
Beləliklə, ordumuzun qələbəsindən ruhlanan xalqımızın mənəvi dəstəyindən güc alan igid vətənpərvər oğullarımız torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda döyüşlərə tam hazır idilər və bunun üçün Ali Baş Komandanın əmri ilə 44 günlük əvəzsiz rəşadət göstərdilər və dünyaya xalqımızın qüdrətini bir daha sübut etdilər. Elə inandığımız kimi də oldu, Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin elədi.
Torpaqlarımız Cənab Prezident İlham Əliyevin ali diplomatiyası və Ordumuzun gücü ilə tamamilə işğaldan olundu və haqq, ədalət zəfər çaldı. Qarabağ Zəfəri!
Ali Baş Komandanımızın da bildirdiyi kimi, II Qarabağ müharibəsi, Böyük Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə müharibəsi və bu müddət ərzində, əldə etdiyimiz Qarabağ Zəfəri ordumuzun şücaətini, xalqımızın birliyini əks etdirən qəhrəmanlıq salnaməmizdir. Mənfur erməninin başına ağır zərbə kimi vurulan bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda heç vaxt çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilərimiz də oldu, mülki vətəndaşlarımızdan ölən və yaralananlar da oldu. Lakin hər zaman olduğu kimi, bu dəfə də igid oğullarımız canlarını fəda edərək, mənfur düşmənin ayağının müqəddəs torpağımıza dəyməsinin qarşısını mərdliklə, birdəfəlik aldılar, onların qanları yerdə qalmadı, qisasları alındı. Təcavüzkar Ermənistanın xaincəsinə hücumunun qarşısı ordumuz tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda, düşmənə ağır zərbə endirildi, onun çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi.
II Qarabağ müharibəsi, ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiqləmiş oldu. Nəticə etibarilə, Ordumuz bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və gücsüzdür. Xalqımız üçün sonsuz qürur mənbəyidir ki, hərbçilərimiz savaş meydanında, düşmənə tutarlı cavab verərərk onu məğlub elədi, güclü siyasi liderimiz, Cənab Prezidentimiz isə, diplomatiya arenasında düşmənin belini qırdı.
Qələbən mübarək, Azərbaycan!
Qarabağ Azərbaycandır və Nida!
Politoloq Seynur Əsgərli