AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni ili təmtəraqlı keçirməyək - TƏKLİF

  • + A
  • - A
  • 16-12-2020, 19:20


    “Yeni il” və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə sayılı günlər qalıb. Biz bir tərəfdən Ordumuzun Qarabağdakı qələbəsinə görə çox sevincliyik. Digər tərəfdən isə Şəhidlərimizə ağlayır, yas tuturuq. Onların ruhuna hörmətsizlik olmasın deyə əyləncəli tədbirlərdən, hər hansı addımlardan yayınmağa çalışırıq. İndiki məqamda əksəriyyət hesab edir ki, Yeni illə bağlı tədbirləri elə qeyd etməliyik ki, həm şəhidlərimizin ruhu inciməsin, həm də qələbə sevincimizi bayramla birlikdə keçirə bilək. Çoxları isə ümumiyyətlə, Yeni ilin qeyd edilməsini doğru hesab etmir.

    AzadMedia.az bir neçə tanınmış şəxsin məsələyə münasibətini öyrənib.


    “Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin” sədri Sevinc Orucova bu məsələdə konkret fikir yürütməyin çətin olduğunu hesab edir. Şəhid xanımının fikrincə, bu hər kəsin şəxsi münasibətidir.
    “Mən öz adımdan deyə bilərəm ki, həyat yoldaşım Raquf Orucov şəhid olandan biz Yeni ili qeyd etmirik. Nəinki Yeni ili, heç bir bayramı qeyd etmirik. İndi şəhid ailələrinin necə vəziyyətdə olduğunu güman edirəm. Onların yaraları yenidir. Onların ocaqları sönüb. Qapılarını açan yoxdur. Qələbəni bizə yaşatsalar belə, gəlin, buna fərdi yanaşaq. O oğullarımızın sayəsində biz küçələrdə qələbə sevincini qeyd edirdik. Hərə bir baxış bucağından baxır. Digər tərəfdən, pandemiya şəraitindəki itkilərimiz, acılarımız da çoxdur. Eyni zamanda, biz qəhrəman oğullarımızı itirmişik. Mən öz şəxsi fikrimi söyləyirəm. O ailələrin acılarına həssaslıqla yanaşmalıyıq. Deyəndə, güləndə hər birimiz düşünməliyik ki, qonşuluğumuzda bir şəhid ailəsi var. Bir oğul yolu gözləyən ana, yaralı qazi, şəhid atasını gözləyən övlad var. Bunları unutmalı deyilik. Mən düşünürəm ki, gurultulu, dəbdəbəli bayrama ehtiyacımız hələ ki yoxdur. Çünki yaralarımız yenidir. Müharibəni qələbə ilə bitirsək də, acılarımız çoxdur. Mən bayram haqqında hələ də düşünmürəm. Bu mənim şəxsi fikrimdir. Bəlkə də deyə bilərlər ki, xeyirlə-şər qardaşdır. Bu ilimiz çox ağır keçdi, lakin onunla yanaşı, biz gözlədiyimiz zəfəri qazandıq. Şəhidlərimizin ruhu xətrinə, ailələrinə hörmət əlaməti olaraq bu bayramı susqunluq içərisində keçirməyə üstünlük verirəm”.
    “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə təklif edib ki, 2021-ci il quruculuq ili olsun:

    “Əvvəla onu deyim ki, bu dəqiqə Yeni il heç kimin yadına düşmür. Bizim şəhidlərimiz ilə bağlı kədərimiz, acımız, ağrımız böyükdür. Hər kəs əlindən gəldiyi qədər şəhidlərin hüznünü yaşayır. Eyni zamanda da bu hüzünün arxasında bizim qəhrəmanlıq salnaməmiz, böyük zəfərimizin coşqusu var. Bu coşqu ilə də biz böyük zəfər paradı keçirdik. Bizim insanlarımızda da ruh yüksəkliyi var. Bununla yanaşı, bizim ikinci bir müharibəmiz də var. Yaxınlarımızın, dostlarımızı qəfildən aparır. Bu pandemiyadır. Həm pandemiya, həm şəhidlərimizə görə mən düşünürəm ki, Yeni ili böyük, təntənəli keçirməyə ehtiyac yoxdur. Onsuz da karantin qaydalarınının tələblərinə əməl etmək lazımdır. Hər kəs evində öz ailəsi ilə keçirə bilər. 2020-ci ilin bütün çətinliklərinə, ağrılarına baxmayaraq, həm şəhidlərimizin olması, həm də pandemiyanın insanları depresiyaya salması ilə bərabər böyük zəfər ili kimi tarixə düşdü. Hesab edirəm ki, 44 günlük müharibə ərzində biz qazandığımız uğurların sevincini hələ tam yaşamamışıq, hələ dərk etməmişik. Buna aylar, illər lazımdır. Düşünürəm ki, gələn il quruculuq ili olmalıdır ki, biz Qarabağı yenidən quraq. Arzu edirəm ki, 2021-ci ildə bu pandemiya keçib getsin, quruculuq işlərində heç bir şəhər kənarda qalmasın. Şəhidlərimizin ruhu həmişə şad olsun, hər zaman xatırlayaq”.
    Xalq artisti, xanəndə Mənsum İbrahimov da insanlara, xüsusilə gənclərə çağırış edib ki, gəlin, şəhidlərimizin ruhuna hörmətlə yanaşaq:
    “Qələbəmizə görə biz igid şəhidlərimizin ruhuna borcluyuq. Mənim də ailəmdən 2 şəhid var. Qardaşım oğlu, şəhid İbrahimov İsrafil xüsusi təyinatlı hərbçi idi. Xalamın nəvəsi Nərimanov İdris də şəhid olub. Onların hamısı bizim xalqımızın qəhrəmanlarıdır. Cənab prezidentimiz dünən axşam onları təltif etdi. Onların içərisində mənim qardaşım oğlu da var idi. O bir orden, bir medal ilə təltif olundu. Təbii ki, biz hamımız onların ruhuna hörmət etməliyik. Elə etməliyik ki, onların ruhu bizdən inciməsin. Təbii ki, biz zəfər qazanmışıq. Qarabağımızı geri qaytarmışıq. Lakin düşünməliyik ki, onların analarının hələ də gözləri yaşlıdır. Yeni ili təmrəraqlı, xüsusi şəkildə keçirməyə ehtiyac yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR