Belə bir deyim var ki, "yeni ili necə qarşılasan, elə də yola salarsan". Qarabağda 44 günlük müharibə və koronavirus pandemiyası insanlarda bayram əhval-ruhiyəsinə təsir etsə də, hər kəs çalışır ki, imkan daxilində bayramı yaxşı qarşılasın. Paytaxtda dekabrın 21-dən fəaliyyətə başlayan "Kənddən-Şəhərə" qış yarmarkası da Bakı sakinlərinə bayram bazarlığı etmək fürsəti yaradıb. Sputnik Azərbaycan bu gün fəaliyyətini başa vuran yarmarkada Yeni il öncəsi qiymətlərlə maraqlanıb.
Öncə qeyd edək ki, "Kənddən-Şəhərə" qış yarmarkası bir neçə il öncə təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasından məhsulların çeşidi və keyfiyyəti baxımdan kəskin fərqlənir. Bu baxımdan yaxşı məhsul almaq üçün hər zaman marketlərə üz tutan alıcılar rahatlıqla yollarını bu yarmarkadan sala bilərlər. Portağal, naringi, alma, armud, tərəvəz məhsulları, eləcə də quru meyvə və çərəzlərin çeşidi bol, qiyməti isə fərqlidir.
Bayram süfrəsi üçün qoz ləpəsinin qiyməti 11 manatdan başlayaraq 14 manatadək dəyişir. Fındıq ləpəsi isə 10-12 manata təklif olunur. Yarmarkada qərzəkli qozun qiyməti 4-5, fındığın qiyməti isə 5-6 manatdır. Bayram süfrəsinin bəzəyi olan plov üçün düyünün qiyməti 3-6 manata, şabalıd 5 manat, qaysı 6 manat, kişmişin qiyməti isə 3 manat 60 qəpikdən 15 manatadək dəyişir. Yeni il süfrəsinin atributu sayılan hind quşunun isə kiloqramı 12 manatdır. Kənd çolpalarının bir ədədi 6-7 manatdır. Yarmarkada ətin qiyməti bazarla müqayisədə nisbətən ucuz təklif olunur. Buradan bir kiloqramı 9 manat 60 qəpiyə mal əti, 12 manata isə qoyun əti almaq mümkündür. Xanı balığı 7 manat, sazan 8 manat, kütüm 14 manat, sudak 11 manatadır.
Meyvə və tərəvəzlərin qiyməti isə keyfiyyətinə görə dəyişir. Bazarda kiloqramı 40 qəpikdən başlayaraq 2 manatadək alma, 1 manat 70 qəpik-2,50 qəpiyə armud, 3 manata ananas, 1 manat 20 qəpik-2 manata naringi, 1 manat 50 qəpiyə-2 manata portağal təklif olunur. Xurma 4 manat, üzüm 2 manat 40 qəpiyə satılır. Əncir 8 manat, alma qurusu 6 manatdır. Tərəvəzlərdən pomidor 50 qəpiyə, xiyar 1 manat 50 qəpiyə, badımcan 1 manat 20 qəpik-1 manat 80 qəpik, bibər 1 manat 30 qəpik-2 manat 80 qəpiyə satılır. Kartofun kiloqramı 45, soğanın qiyməti isə 75 qəpikdən başlayır. Yarmarkada balın kiloqramı 20-25 manata təklif olunur. Artıq 10 gündür ki, fəaliyyətə başlayan yarmarkada alıcı bolluğu müşahidə edilir.
Kənddən şəhərə məhsul gətirən sahibkarlar da müştəri sarıdan narazı deyillər. Gəncədən yarmarkaya məhsul gətirən fermer İmanova Zemfira yarmarkada iştirakından razıdır. Onun sözlərinə görə, bayramqabağı olsa da bal alanlar kifayət qədərdir: "Pandemiya dövründə insanlar bala daha çox üstünlük verir. Mən şoraba da satıram. Bayram süfrəsində şorabanın öz yeri var. Alıcı yarmarkada boldur. Belə davam etsə, məhsulumu satıb evimə qayıdacam".
Qubanın Yergüc kəndindən yarmarkaya məhsul gətirən fermer Cavad Ağammədov isə məhsulunun çoxunu satdığını söyləyir. Onun sözlərinə görə, yarmarkada alıcı sarıdan problem yoxdur: "Məhsulların qiymətini elə müəyyən etmişik ki, hər kəs alıb bayram süfrəsi aça bilsin".
Yarmarkada alıcıların qiymətlərlə bağlı fikri isə müxtəlifdir. Şölə Ağayeva adlı alıcı deyir ki, yarmarkadan alış-veriş etmək marketlə müqayisədə sərfəlidir: "Dünən portağalı mağazadan 2, ananası isə 4 manata almışam. Burada görürəm, ananas 3 manata, portağal 1 manat 50 qəpiyədir".
Nabat Məmmədova isə bazarla müqayisədə yarmarkada elə də ciddi qiymət fərqinin olmadığını deyir: "Hind quşu bazarda da 12 manatdır, burada da. Balıq da həmçinin. Bazara baxanda yarmarkada qoz, fındıq ləpəsi bir az ucuzdur. Amma məhsulların keyfiyyəti yaxşıdır".
Bazarlarda isə bayram öncəsi qiymətlər xeyli bahalaşıb. Yaşıl bazarda ən ucuz almanın bir kiloqramı 2 manatdır. Qoz, fındıq ləpəsinin qiyməti 15-16 manat, hətta 22 manatadək dəyişir. Hind quşu 12-14, kənd toyuğu 8 manata təklif olunur. Şabalıd 8-10 manat, ərik qurusu 12 manat, kişmiş 9-18 manatdır.
Satıcıların dediyinə görə, qiymətlərdə bahalaşmaya səbəb topdansatışda qiymət artımının olmasıdır. Satıcılar yarmarkaların təşkilindən sonra bazarlarda alıcılıq qabiliyyətinin zəiflədiyini də bildirdilər. Burada olarkən karantin qaydalarına elə də əməl edilmədiyinin şahidi olduq. Amma bazarlardan fərqli olaraq yarmarkalarda karantin qaydalarına ciddi əməl olunurdu. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların satış yarmarkasında içəri daxil olan müştərilərin hərarəti Aqrar İnkişaf Könüllüləri tərəfindən yoxlanılır və onlar dezinfeksiya olunaraq içəri buraxılırlar. Qeyd edək ki, qış yarmarkası Nərimanov və Binəqədi rayonu, Xırdalan şəhərində 30 dekabr tarixinə qədər davam edəcək.