Modern.az Milli Məclisin deputatı Ülvi Quliyevlə müsahibəni təqdim edir:
- Ülvi müəllim, dünya mediasında bir çox həmkarlarım, ekspertlərin bir qismi Covid-19 pandemiyasını az qala üçüncü dünya müharibəsi ilə eyniləşdirirlər. Amma 2020-ci ilin sonu xalqımız və dövlətimiz adına möhtəşəm oldu. Ötən ilə siz Azərbaycan üçün necə dəyərləndirirsiniz?
- Dünən Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi. Dövlətimizin başçısı tərəfindən ötən ilin dəyərləndirilməsi belə oldu: “Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”.
Prezidentimizin həmin fikirlərini tam şəkildə bölüşürəm, eyni zamanda bunu da deməyi özümə mənəvi borc hesab edirəm. Bütün dünya gördü ki, xalqımızı və müzəffər Ordumuzu haqq savaşında inamla qələbəyə aparan İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanımız var.Vətən müharibəsi günlərində əldə etdiyimiz tarixi nailiyyətlərimizdən biri məhz ümumxalq birliyimizlə bağlıdır. Onu bədxahlarımızdan bundan sonra da qorumağı bacarmalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Pandemiyaya baxmayaraq, 2021-ci ilə yalnız qalib xalqlara xas ola biləcək mənəvi-psixoloji üstünlüklə qədəm qoyduq. Yeni ilin elə ilk günlərində şahmat ustamız Teymur Rəcəbovun erməni şahmatçısı üzərindəki parlaq qələbəsi də təsadüfi deyildi. Bu qələbədə yüksək peşəkarlıqla yanaşı, həmin psixoloji ruh yüksəkliyinin və bundan doğan məsuliyyətin təsiri də az deyil. Teymur Rəcəbov 2021-ci ildə Azərbaycan xalqınını durumunu öz qələbəsi ilə ifadə etdi.
Fürsətdən istifadə edib,Teymur Rəcəbovu səmimi qəlbdən təbrik edirəm. Bu uğur təkcə şahmat lövhəsindəki qələbə demək deyil.
- Təbriklərinizə biz də qoşuluruq. Amma bu qələbələrdən sonra Tarif Şurası benzinin və dizelin qiymətlərini artırdı. Bu qərar cəmiyyətimizdə birmənalı qarşılanmayıb,sosial şəbəkələrdə çoxsaylı tənqidi fikirlər yer almaqdadır. Tarif Şurasının bu qərarına münasibətinizi bilmək istərdik.
- Qiymət artımı hansı ölkədə baş verirsə-versin, heç vaxt birmənalı qarşılanmır və cəmiyyətlər bu cür qərarları təqdir etmirlər. Bu da təbiidir. Tarif Şurasının qərarını əsaslandırdığı məqamlara toxunmadan, şəxsi fikirlərimi bölüşə bilərəm. Ötən ilin 10 ayını Covid-19-la bağlı pandemiya, məhdudiyyətlər, karantin şəraitində yaşamalı olduq. İnsanlarımızın sağlamlığının qorunması, itkilərimizin minimuma endirilməsi məqsədilə hökumətin müəyyən etdiyi məhdudiyyətlər zəruridir və ÜST-nın tövsiyyələrinə söykənir. Dünya dövlətləri kimi, Azərbaycan da həmin tövsiyyələrə riayət etməyə məcburdur. 2020-ci ildə dünya iqtisadiyyatında ciddi geriləmələr, bəzi ölkələrdə 9%-dən yuxarı həddə azalmalar qeydə alınıb, ölkəmizin iqtisadiyyatı isə 4% civarında kiçilib. Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Məlumdur ki, iqtisadiyyatımızda, büdcənin formalaşmasında neft- qaz satışından gəlirlər əhəmiyyətli rol oynayır. 2020-ci il həm də Ermənistan üzərində tarixi qələbə ilimiz oldu. Müharibə həm də çox böyük maliyyə məsrəfləri deməkdir. İqtisadiyyata və büdcənin formalaşdırılmasına ciddi təsiri olan bu amillərə baxmayaraq, 2019 -2020-ci illər ərzində ölkəmizdə sosial paketlərin həcmində məhdudiyyətlərə imkan verilməyib, əksinə onların həcmi artırılıb,əhatə dairəsi genişləndirilib. 2019-cu ildə təkcə iki sosial paket üzrə maliyyə yükü 2,3 milyard, 2020-ci ildə isə 3 milyard manat təşkil edib. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təxminən 5 milyona yaxın insanı əhatə edib. Rəqəmlərlə sizi və oxucularınızı yormaq istəmirəm. Bir onu diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan çox az sayda ölkələrdən biridir ki, obyektiv amillərlə bağlı olan iqtisadi çətinliklərin ciddiliyinə baxmayaraq, son iki ildə nəzərdə tutduğu heç bir sosial layihəni təxirə salmayıb, o cümlədən məcburi köçkünlərlə, aztəminatlı ailələrlə,şəhid ailələri və müharibə əlilləri ilə, sosial reablitasiyaya ehtiyacı olanlarla bağlı və digər layihələr tam şəkildə icra olunub. İki məsələyə də diqqət çəkmək istərdim. Azərbaycan Ordusu Ermənistanı diz üstə çökdürsə də, orada revanşist qüvvələr hələ də qalmaqdadır. Bu,o deməkdir ki, hərbi xərclərimizin azalmasına da imkan verilə bilməz.
Eyni zamanda, Qarabağ faktiki olaraq yenidən qurulmalıdır, düşmən torpaqlarımızı viran qoyub. Bütün bu obyektiv çətinliklərin fonunda istənilən ölkədə hansısa sahədə qiymət artımı qaçılmaz ola bilər.İqtisadçı-ekspertlərdən bəziləri son qiymət artımını devalvasiya təhlükəsini önləməklə əlaqələndirirlər. Zənnimcə, vacib olan məsələlərdən biri odur ki, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimuma endirilməsi üçün hökumət müvafiq tədbirləri artıq nəzərdə tutub. Məsələn,dizel yanacağından istifadə etməklə sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiyalar veriləcək.Yanvar ayının sonunadək bunun mexanizmi açıqlanacaq. Kənd təsərrüfatı sahəsində subsidiyaların məbləğinə yenidən baxılacaq. Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti bir litr üçün 1 manatdır. Bu, Rusiya bazarındakı qiymətlə eyni qiymətdir,əksər MDB ölkələrindəki qiymətlərdən isə aşağıdır. Ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır, onun bir parçasıdır. Bu səbəbdən, ümumi obyektiv çətinliklərin nəzərə alınmaması mümkünsüzdür. Hazırkı vəziyyətdə aidiyyatı qurumlar ona nəzarət etməlidirlər ki, başqa sahələrdə qiymət artımından sui-istifadə olunmasın,süni qiymət artımına yol verilməsin.