AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan mədəniyyətinin paytaxtı-Şuşa

  • + A
  • - A
  • 14-01-2021, 11:30


    Nurəddin ƏDİLOĞLU yazır.

    Ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərini Azərbaycanımızın mədəniyyət paytaxtı elan etməsi doğma Qarabağda mədəni irsimizin inkişafına verilmiş böyük töhfədir

    Qarabağın incisi sayılan qədim Şuşa şəhəri təkcə əsrarəngiz təbiəti ilə deyil, Azərbaycan mədəniyyətinin beşiyi, eləcə də dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli sənətkarların - musiqiçi, memar, nəqqaş, rəssam və ədiblərin Vətəni kimi də məşhurdur. XIX əsrin qabaqcıl şəxsiyyətlərindən biri olan Mir Möhsün Nəvvab Şuşada anadan olmuşdu. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş və riyaziyyatçı idi. Şuşada “Məclisi-fəramuşan” adlanan ədəbi məclisə rəhbərlik edən Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı bir əsər yazıb. Amma bu əsər o zaman çap olunmayıb. Sovet dövründə də üzə çıxarılmayıb. Yalnız müstəqillik dönəmində işıq üzü görüb. Bundan başqa Mir Möhsün Nəvvab muğamları, onların yaranma tarixini araşdırıb, hər muğamı öz xarakterinə görə təbiət hadisələrinə, insan duyğularına bənzədib. Məsələn, “Rast”ı bahar mehinə, “Çahargah”ı ildırım çaxmasına oxşadıb…

    Mir Möhsün Nəvvabın tərtib etdiyi "Tərkireyi-Nəvvab"da yüz şairin adı çəkilir. XIX əsrin sonu XX əsrin əvvəlində təkcə Şuşada onlarca ədib, mühərrir, tarixçi, filosof, şair fəaliyyət göstərib. Onlardan Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Cavanşir, Mirzə Adıgözəl bəy, Mirzə Yusif, Mir Möhsün Xəzani, Mirzə Camal, Həsənəli xan Qarabağlı kimi şəxsiyyətlərin adlarını çəkmək olar. Azərbaycan poeziyasına ana dilimizin şirinliyini gətirən klassik şairimiz Molla Pənah Vaqif də Qarabağda yaşayıb - yaratmışdır. Ədəbiyyatşünasların fikrincə , Qasım bəy Zakir, Baba bəy Şakir, Abdulla bəy Asi və başqa söz ustadlarının

    ədəbi irsi Vaqifin poeziyası ilə üzvi surətdə bağlıdır. Azərbaycan folklorunun mühüm janrlarından biri olan bayatı janrının vətəni də Qarabağ elləri olmuşdur. XVII əsrin bayatı ustası da, Qarabağın Güləbird kəndindən (Laçın rayonu) Sarı Aşıq olmuşdur. İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ yetişdirmişdir. Şuşa ədəbi mühitinin Qarabağın bağrından qopan Ağabəyim Ağa, Məhəmməd bəy Cavanşir, Gülablı Qənbər, Aşıq Valeh, Cəfərqulu xan Nəva, Əli Murad və onlarla başqa söz zərgərlərinin yaradıcılığına böyük təsiri olub.

    Azərbaycanın mədəniyyət tarixində mühüm rol oynayan digər məşhur şəxsiyyətlər – müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyli, publisist, folklorşünas Ceyhun Hacıbəyli, sonuncu Qarabağ xanının qızı, şairə Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski Şuşada anadan olmuşlar...

    XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" adlandırılıb. Şuşanın “Qafqazın konservatoriyası" adlandırılması isə Qarabağ torpağının əsl musiqi ocağı, incəsənət mərkəzi olduğunu və bu musiqi ocağının Azərbaycan mədəniyyətində tutduğu yeri daha dolğun aydınlaşdırır. Eyni zamanda, bu torpağın yetişdirdiyi musiqiçilərin, incəsənət xadimlərinin bütün Qafqazda-burada yaşayan xalqlar arasında böyük şöhrət qazandığını və musiqi mədəniyyətinin inkişafında mühüm rol oynadığını sübut edir.

    Şuşa teatrının tarixi də XIX əsrin axırlarından başlayıb. Amma mənbələrdə göstərilir ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırır.

    Azərbaycanın tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının qoyulması təkzibolunmaz və məlum faktlardan biridir. 1755-ci ildə Qarabağ xanlığı paytaxtı Şahbulaq qalasından ilk dövrlərdə öz banisinin adı ilə

    Pənahabad adlandırılan Şuşa qalasına köçürülmüş və şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilmişdir.

    Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşa şəhəri 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olub, 1822-1840-cı illərdə Qarabağ əyalətinin, 1840-1923-cü illərdə isə müxtəlif inzibati-ərazi vahidlərinin tərkibində olmuş Şuşa qəzasının mərkəzi funksiyasını yerinə yetirib.

    Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib.Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb.

    Buna baxmayaraq, Şuşa şəhəri təbiəti və saf havasına, eləcə də müalicə əhəmiyyətinə görə Sovet illərində kurort şəhəri hesab olunub. Şuşa o dövrdə həm də özünün memarlıq abidələri ilə də məşhur idi . XVIII – XIX əsrlərdə burada inşa edilmiş bir çox memarlıq abidələri – saraylar, məscidlər, karvansaralar, yaşayış evləri özlərinin orijinal memarlıq üslubuna görə seçilirdilər... Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.

    İşğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər verilib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən Şuşada abadlıq-quruculuq işlərinə başlanılıb: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi.” Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin müdrik fikirlərinin birində deyilir: "Hər bir millətin bətnindən dünyaya elə övladlar gəlir ki, onlar sanki özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa, hətta ümumi insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. İnsanlar indi də onlardan

    mənfəət görməkdədir. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər..."

    Bu gün işğaldan azad edilmiş torpaqların hər qarışı, hər şəhəri, qəsəbəsi, kəndi bizim üçün doğmadır, dəyərlidir. Ancaq ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Vaxtı ilə Azərbaycanın umummilli lideri Heydər Əliyev də Şuşa barədə dəyərli fikirlər söyləmişdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”

    Bəli, böyük qürur hissi ilə deyə bilərik ki, qüdrətli Azərbaycan dövləti artıq yeni dövrə qədəm qoyub. Əminik ki, Şuşaya qayıdışımız yenə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna rol oynayacaq. Yenə Şuşada Vaqif poeziya günləri bərpa ediləcək və “Xarı bülbül” festivalı keçiriləcək. Yenə Cıdır düzündə Qarabağ atlarının kişnərtisi musiqinin ritminə köklənəcək...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR