12-14 mart tarixlərində Bakıda keçirilməli olan, lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qapalı zallarda idman yarışlarına qadağa qoyması səbəbindən ləğv edilən karate üzrə Premyer Liqa yarışı Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.
“Mən Bakıda bu yarışı keçirə bilməyəcəyimizi bildikdən dərhal sonra Türkiyə Karate Federasiyasının prezidenti Esat Dəlihasanla əlaqə saxladım. Ona bu yarışı keçirməklə bağlı təklif verdim. Həmkarım da bu təklifimlə razılaşdı. O, həm də Ümumdünya Karate Federasiyasında (WKF) İdarə Heyətinin üzvlərindən biridir.
Bu barədə fikrimi WKF-in prezidenti Antonio Espinosa da bildirmişəm. Onsuz da bir çox ölkələrin karateçiləri Azərbaycana İstanbul vasitəsilə gələcəkdi. İndi onlara da İstanbulda yarışmaq asan olar. Sadəcə, yarışın bizdən alınıb, İstanbula salınması üçün Gənclər və İdman Nazirliyinin rəsmi məktubu lazımdır”.
Qeyd edək ki, analoji hal ötən ilin sonlarında gimnastika idman növündə də baş verib. Dekabrda Bakıda keçirilməli olan idman gimnastikası üzrə Avropa çempionatı Türkiyənin Mersin şəhərinə salınmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.