Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.
Bu barədə Milli Məclis məlumat yayıb.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Parlamentin komitə sədri Hicran Hüseynova bildirib ki, zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib.
“Həmçinin 2020-ci ilin dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə bir sıra əlavə və dəyişiklik edilməsinə ehtiyac olduğu üzə çıxıb”, - deyə H.Hüseynova əlavə edib.
Sonra tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fikirlərini açıqlayıb. O, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb.
Qeyd edib ki, günün tələbləri baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı var.
“Ötən 15 ildə beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, Azərbaycanın özünün inkişafından doğan məsələlər, bugünkü həyatımızın diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Zamanın və həyatımızda baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə və çağırışlara cavab verməliyik. Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi”.
Bahar Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan bütün qurumların fəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub.
Sonra dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.