AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan–Özbəkistan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi, geoiqtisadi məkan kimi formalaşmasına böyük töhfə verir

  • + A
  • - A
  • Bu gün, 14:55

    Azərbaycan–Özbəkistan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi, geoiqtisadi məkan kimi formalaşmasına böyük töhfə verir

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsinin və qarşıdakı perspektivlərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər, müxtəlif sahələrdəki əməkdaşlığa dair açıqlanan rəqəmlər bir daha göstərdi ki, Azərbaycan-Özbəkistan əlaqələri dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sürətlə inkişaf edir. Dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilən Azərbaycan–Özbəkistan münasibətləri eyni zamanda Türk dünyasında əməkdaşlığın genişlənməsinə, Mərkəzi Asiya və Cənubi Qafqazın vahid siyasi və geoiqtisadi mərkəzə çevrilməsinə xidmət edir.
    Azərbaycan-Özbəkistan dostluğundan və qardaşlığından bəhs edərkən bir məsələni xüsusi vurğulamalıyıq ki, münasibətlərin dinamik inkişafında, müttəfiqlik səviyyəsinə yüksəlməsində iki ölkənin prezidentləri arasındakı səmimi dostluğunun böyük rolu var.
    “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır” –deyə cənab İlham Əliyev müsahibəsində bu barədə deyib.
    Əlbəttə, dövlət başçılarının dostluğu dövlətlərarası sıx və intensiv siyasi dialoqun formalaşmasına mühüm töhfə verir. Bu baxımdan son beş ildə prezidentlərin 15 dəfə qarşılıqlı səfərlər etməsi həm onların dostluğunun, həm də Azərbaycanla Özbəkistan arasındakı sıx siyasi dialoqun təzahürüdür. Cənab Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
    Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin 2024-cü ilin avqustunda qardaş ölkəyə, Prezident Şavkat Mirziyoyevin isə ötən ilin iyulunda respublikamıza etdiyi dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni səhifələr açıb. Cənab İlham Əliyevin sözügedən səfəri zamanı prezidentlərin görüşləri ilə yanaşı, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi, dövlət başçılarının iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü əlaqələrin gələcək inkişafı üçün yeni hədəflər müəyyənləşdirib. O cümlədən, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması iki qardaş dövlətin əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldib.
    Prezident Şavkat Mirziyoyevin 2025-ci ilin iyulunda Azərbaycana dövlət səfəri zamanı isə Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışı, “Sea Breeze” istirahət mərkəzi və Xankəndi şəhərindəki tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq, prezidentlərin Ağdamda Qarabağ atlarının “Zəfər” şousunu izləmələri, Ağdamda Şahbulaq qalasına getmələri Azərbaycan-Özbəkistan qardaşlığının, dostluğunun, müttəfiqliyinin sarsılmazlığını nümayiş etdirdi.
    Prezident İlham Əliyevin müsahibəsindən aydın olduğu kimi, dövlətimizin başçısının bu yaxınlarda Özbəkistana dövlət səfəri gözlənilir. Təbii ki, bu səfər Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək siyasi səviyyəsinin, iki qardaş dövlətin strateji tərəfdaşlığının və sarsılmaz müttəfiqliyinin növbəti təcəssümü, münasibətlərin daha da genişlənməsinə mühüm təkan verəcək. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.
    Son illərin statistikası Azərbaycanla Özbəkistanın iqtisadi əməkdaşlığının dinamik artım tempinə malik olduğunu göstərir. Prezident İlham Əliyev müsahibəsində iki dövlət arasındakı ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil etdiyini bildirib. Ticarət dövriyyəsinin artmasında enerji, nəqliyyat və digər strateji sferalarda edilən əməkdaşlıqlar mühüm rol oynayır. O cümlədən, işğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin birgə istehsalı, “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə hotel və yaşayış kompleksinin, Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin salınması, digər bu kimi əməkdaşlıqlar Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin hərtərəfli olduğunu göstərir. Yaxın gələcəkdə həmçinin yaşıl enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin mühüm elementinə çevriləcək.
    “Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək” – deyə Prezident İlham Əliyev müsahibəsində iki dövlətin iqtisadi əməkdaşlığı ilə bağlı deyib.
    Azərbaycanla Özbəkistan beynəlxalq və regional platformalar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İki dövlətin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyanın dərinləşməsinə təsirsiz ötüşmür. Cənab Prezident İlham Əliyev müsahibəsində bununla bağlı qeyd etdi ki, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.
    Bildiyimiz kimi, 2025-ci ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edilib. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. Platformanın yaradılmasında əsas məqsəd Mərkəzi Asiya ölkələrinin inkişafına xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlığın, regional və beynəlxalq iqtisadi inteqrasiyanın gücləndirilməsidir. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Belə bir format Cənubi Qafqazın və Mərkəzi Asiyanın vahid geoiqtisadi və geosiyasi məkanda birləşməsi deməkdir ki, bunun da təməlində Azərbaycanın ərsəyə gətirdiyi iqtisadi əməkdaşlıq reallıqları dayanır. Azərbaycanın bu platformada iştirakı ölkəmizin Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən aktor olduğunu, Avrasiya coğrafiyasında orta gücə çevrildiyini nümayiş etdirir. Azərbaycan–Özbəkistan tərəfdaşlığı və müttəfiqliyi isə Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi, geoiqtisadi məkan kimi birləşməsinə böyük töhfə verir.
    Vahid geoiqtisadi və geosiyasi məkanın formalaşdırılması həm Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası, həm də iştirakçı dövlətlərin nəqliyyat və logistika imkanlarının bir-biri ilə daha yaxından əlaqələndirilməsi, o cümlədən, Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Məsələn, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin yaxın gələcəkdə Orta Dəhliz və TRIPP layihəsinə inteqrasiya olunması Azərbaycana və Mərkəzi Asiya dövlətlərinə yeni iqtisadi dividendlər vəd edir.
    “Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.
    Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir” – deyə cənab Prezident İlham Əliyev bildirib.
    Son illərdə Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə əlaqələri tamamilə yeni mərhələyə qədəm qoyub. Bunu həm ikitərəfli əlaqələr, həm də TDT çərçivəsində, “C6” formatında əməkdaşlıq da təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyev cənablarının Özbəkistana gözlənilən dövlət səfəri yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin deyil, həm də TDT və “C6” çərçivəsində əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR