AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir

  • + A
  • - A
  • 7-03-2021, 11:06


    İqbal MƏMMƏDOV,
    Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü


    Azərbaycanda son 17 il ərzində investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verilib. Bu istiqamətdə qarşıya qoyulan əsas vəzifələr sərmayə qoyuluşunun artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi olub.

    Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət, beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi tanınması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
    Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə, həm də sahibkarlığın inkişafına güclü təkan verib. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Bu isə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafını sürətləndirib. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
    Özəl bölmənin inkişafına, iş adamlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına pandemiya dövründə xüsusilə əhəmiyyət verilib, sektorun müəyyən problemlərlə üzləşməməsi üçün hökumət tərəfindən operativ tədbirlər reallaşdırılıb. Bununla əlaqədar Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün qısa və ortamüddətli yol xəritəsi hazırlanıb.
    İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2020-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 57 faizi aqrar sektorun (istehsal və emal), 43 faizi sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı qəsəbələrinin payına düşüb.
    Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın – kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb. Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin ayrılması məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq Elektron Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. Ötən il bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Bu müraciətlərdən kredit tələbatı 148 milyon manat olan 433-nə fond tərəfindən zəmanət verilib.
    Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86,1 milyon manat təşkil edib. Zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74,8 milyon manat olub.
    Digər dəstək mexanizmi olan sahibkarların 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyasının verilməsi nəzərdə tutulur ki, bunun da 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə fondun vəsaiti hesabına həyata keçirilir. Bu mexanizmə əsasən, faiz subsidiyası sahibkarların ötən il martın 10-na mövcud kreditləri üzrə kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında 12 ay ərzində verilir.
    Pandemiya nəticəsində iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən özəl bölmədə nəzərə çarpan qeyri-müəyyən vəziyyət iş adamlarının ixrac fəaliyyətində müəyyən çətinliklərin yaranmasına, onların potensial sifarişlərinin azalmasına səbəb olub. Nəticədə xarici ticarət dövriyyəsi həcm və dəyər baxımında azalıb. Buna görə də Azərbaycan hökuməti vəziyyəti nizamlamaq, qeyri-neft ixracının azalmasının qarşısını almaq məqsədilə stimullaşdırıcı və dəstəkləyici qərarlar qəbul edib.
    Məsələ ilə əlaqədar diqqəti bəzi məqamlara yönəltmək istəyirəm. Belə ki, qeyri-neft məhsullarının ixracını sürətləndirmək üçün qeyri-neft məhsullarının “ixrac qeydi ilə satışı”nın həyata keçirilməsi qərara alınıb. Bununla da ixrac prosesində qeyri-neft məhsullarının ƏDV-yə sıfır dərəcə ilə cəlb olunması yerli istehsal məhsulunun qiymət üstünlüyünə malik olmasına zəmin yaradıb.
    Respublikada biznes mühitinin liberallığı, ixracatçılar arasında rəqabətin təmin edilməsi postpandemiya dövründə ixracın diversifikasiyasına müsbət təsir göstərib. Bu dövrdə kiçik və orta sahibkarlığın ixracda payının artırılması istiqamətində ucuz maliyyə resurslarına əlçatanlığı, ixracyönümlü kreditlərin verilməsi və müxtəlif dəstəkləyici (beynəlxalq keyfiyyətin tətbiqi, tədqiqat və inkişaf xərcləri) tədbirlərin göstərilməsi ixracın diversifikasiyasında məhsul çeşidliliyinin artırılmasına əlverişli şərait yaradıb.
    Pandemiya dövründə özəl bölməyə, sahibkarlığa xüsusi önəm verilməsindən bəhs edərkən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinin Milli Məclisdə qəbul olunması barədə müəyyən məlumatları da diqqətə çatdırmaq istərdim. Xatırladım ki, icazə verilən yoxlamalar istisna olunmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulub.
    Bununla belə müəyyənləşdirilən məhdudiyyətlər nəzərə alınmaqla sözügedən müddətdə bir sıra yoxlamalar davam etdirilə bilər. Məsələn, vergi və maliyyə bazarları, gömrük auditi sahələrində, özəl tibb fəaliyyətinin subyektlərində yoxlamaların gerçəkləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizlik qaydalarına riayət olunması, habelə qida məhsullarının təhlükəsizliyinə nəzarətin reallaşdırılması ilə bağlı da yoxlamalar planlaşdırılır. Yanğın və tikintiyə dövlət nəzarəti, həmçinin təhlükə potensiallı obyektlərin, eyni zamanda, dağ-mədən sahələrinin təhlükəsiz istismarına, radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da bu qəbildəndir.
    Əlavə olaraq “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyənləşdirilən nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamaların aparılması da nəzərdə tutulur.
    Bu məsələdə diqqətçəkən mühüm məqamlardan biri də yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Başqa sözlə, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyətinin yoxlanılması nəzərdə tutulmur. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilmir.
    Xatırladım ki, dəyişikliklər son nəticədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
    Sahibkarlığın inkişafından danışarkən, Dövlət Vergi Xidmətinin reallaşdırdığı bəzi tədbirlərə də nəzər salmaq istərdim. Belə ki, adıçəkilən qurum bu gün ölkədə iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsində mühüm rol oynayır. Bu baxımdan, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlər kimi diqqət çəkir.
    Yeri gəlmişkən, bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz ifadəsini tapıb. Belə ki, burada cəmiyyət, biznes və dövlət üçlüyünün əhəmiyyəti vurğulanmaqla yanaşı, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri sırasında qeyd edilib. Həmçinin İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergiödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR