Dövlət Proqramının icrası ölkədə ipəkçiliyin kompleks inkişafına təkan verir
Bildiyimiz kimi Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əksini tapır. Tədbirlər Planına baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də daxil olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün baramaqurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılır, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.
Azadmedia.az saytı xəbər verir ki, sentyabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib.
İclasda komitə sədri Tahir Mirkişili və komitəyə daxil olan deputatlar Məşhur Məmmədov, Əli Məsimli, Şəki Rayon İH baçşısı Elxan Usubov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Özbəkistan Respublikasının “Uzbekipaksanoat” Assosasiyasının sədri Baxram Şaripov və digər şəxslər iştirak edərək Azərbaycanda baramaçılığın inkişafı və perspektivi mövzusunda müzakirə aparıblar.
İclasın əsas məqsədinin rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəlməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil ediyini saytımıza söyləyən Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Deputat qeyd edib ki, onlayn iclsda istehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətə davamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi habelə, yerli ipəkçilik məhsullarının satış həcminin artırılması üçün belə iclasların keçirilməsi və təcrübə mübadiləsinin aparılması qərara alınıb.
Məşhur Məmmədov onu da qeyd edib ki, neft amilindən asılılığın azaldılması istiqamətində davamlı şəkildə aparılan islahatlar mövcud potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması və iqtisadiyyatın ənənəvi sahələrinin, o cümlədən aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradıb. Respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçiliyin inkişafı bu baxımdan xüsusi önəm daşıyır. Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.