Ceyhun Məmmədov
Milli Məclisin deputatıPrezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də Füzuli və Xocavənd rayonlarına səfər etdilər. Cənab İlham Əliyev səfər zamanı Azərbaycan ordusunun qələbəsi, tarixi ədaləti bərpa etməsi və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı bir çox vacib məqamlara toxundu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şərəfli missiyasını uğurla yerinə yetirdi, düşməni əzəli torpaqlarımızdan qovdu, düşmən üzərində mütləq qələbəsini təmin etdi, tarixi ədaləti bərpa etdi. Ordumuz təkcə yeddi rayonu deyil, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini düşməndən azad etdi.
Onu da qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərlərdən ibarətdir, Ordumuz heç zaman mülki əhaliyə qarşı müharibə aparmadı, ancaq erməni hərbi birləşmələrinə qarşı döyüşdü. 90-cı illərin əvvəllərində Xocalı soyqırımını törədən Ermənistan ordusunun əli 2020-ci ildə də bir çox azərbaycanlı günahsız mülki vətəndaşın qanına batdı. Bu erməni vəhşiliyinin ən bariz nümunələrindəndir.
Prezident İlham Əliyev səfər zamanı çıxışında Hadrut şəhərinin işğaldan azad olunmasının hərbi və siyasi əhəmiyyətinə də xüsusi toxundu. Cəbrayıl rayonundan sonra Hadrutun azad edilməsi Azərbaycan Ordusunun hərbi əməliyyatları davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düzgün strategiya seçərək əvvəlcə Hadrutu sonra Füzulini işğaldan azad etdi. Ermənistan ordusu isə Azərbaycan Ordusunun digər istiqamətlərdən hücum edəcəyini gözləyirdi. Ancaq ordumuz çətin döyüş şəraitinə baxmayaraq, sıldırım qayalardan keçərək növbəti mərhələdə Şuşanı işğaldan azad etdi.
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfər, Azərbaycan Ordusunun bütün çətinliklərə baxmayaraq, nümayiş etdirdiyi peşəkarlıq və şücaət bu gün dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir, hətta bir sıra hərbi ekspertlər, mütəxəssislər bu müharibəni XXI əsrin müharibəsi adlandırırlar.
Ali Baş Komandan İlham Əliyev çıxışında erməni vəhşiliyinə də geniş toxundu: “Ermənilər işğal etdikləri bütün əraziləri vəhşicəsinə dağıdıblar. Hətta evlərin daşlarını, damlarını oğru kimi söküb aparıblar, qəbirləri təhqir ediblər. Ermənilər bu dağıntıları müharibədən sonra, məhz işğal dövründə törədiblər”.
Ermənilər bizim tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, hətta alban kilsələrini də dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Onlar Hünərli kəndindəki Alban məbədini də erməniləşdirmək istəmiş, burada erməni dilində yazılar yazmış, ancaq buna nail ola bilməmişlər.
Azərbaycanın müxtəlif yerlərində Xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, o da yarıdağılmış vəziyyətdədir. Saxlanılan məscidlərdən ermənilər müxtəlif məqsədlər üçün istifadə ediblər.
Ermənilər Azığ mağarasında da bir çox dəyişikliklər edərək bu qədim yaşayış məskənini mənimsəməyə cəhd ediblər. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycana məxsusdur, xalqımızın tarixi sərvətidir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya -tarixi irsimizə böyük ziyan vurmuşlar.
Budur Ermənistanın həqiqi mahiyyəti. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Görsünlər, onlar havadarlıq etdiyi dövlət Azərbaycanlılara qarşı hansı vəhşilikləri törədib. Necə bizim dədə-baba torpaqlarımızı dağıdıblar, çalışıblar bizim tarixi irsimizi silsinlər, tarixi saxtalaşdırsınlar.
Qeyd etmək lazımdır ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, artıq Qarabağda böyük quruculuq işlərinə başlanılmışdır. Azərbaycan işğaldan azad olunmuş bölgələrdə infrastruktur layihələrinin icrasına başlayıb. 15 martda bölgə iqtisadiyyatına mühüm töhfə verəcək Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olundu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası baxımından da böyük əhəmiyyət daşıyır. Bu, ilk layihə deyil, artıq bir neçə yol layihəsi icra edilməkdədir.
İndi Füzulidən Şuşaya da yol çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək, Horadizdən Zəngilana qədər yol çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq.
Bütün bunlarla yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bölgədə bir sıra tarixi abidələrin bərpasına başlayıb. Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş əraziləri dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək. Bunun üçün Azərbaycanın güclü siyasi lideri, böyük iqtisadi potensialı var.