Azərbaycan-Ermənistan sərhəddində baş verən sərhəd olayları Qazaxın 7 kəndinin də taleyinə aydınlıq gətirdi. Zəngəzur istiqamətindəki “Qaragöl olayları” Azərbaycan və Ermənistan cəmiyyətinə müxtəlif mesajlar verdi. İlk növbədə Azərbaycan öz ərazisindən bir santimetr də güzəştə gedən deyil. Məlumdur ki, Paşinyan Qaragöl haqq-hesabını ölkəsinin gücsüzlüyünü revanşistlərə göstərmək üçün qabartdı. Ermənistanın baş naziri bu olaylarla xalqını Qazağın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasına psixoloji olaraq hazırlayır.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, sözügedən kəndlərin qaytarılması gündəmdədir:
“Məlumdur ki, Azərbaycan dövlət sərhədlərini müəyyən edir. Bu, 1975-ci il SSRİ xəritəsinə əsasən aparılır. Həmin xəritəyə görə, Qazağın 7, Naxçıvanın isə Kərki kəndi Azərbaycan inzibati ərazisinə daxildir. Ona görə də bu kəndlərin qaytarılması reallaşmalıdır. Hətta Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri arasında Kərki və Qazağın 7 kəndi istiqamətində danışıqlar aparıldığına dair erməni mətbuatında xəbər var. Bu informasiya rəsmi olmasa da, hər hansı bir prosesin getdiyini bilirik.
Lakin həmin prosesi qəlizləşdirən məsələ Kərki kəndinin eksklav, Qazaxın 7 kəndindən 3-nün anklav olmasıdır. Bu kəndlərin qaytarılması zamanı mütləq şəkildə bir dəhliz açılmalıdır. Kərki kəndi inzibati ərazimizə daxil edilirsə və əhalimiz qayıdıb orada yaşayırsa, mütləq Naxçıvanla Kərki kəndi arasında dəhliz olmalıdır. Eyni proses Qazağın 7 kəndi üçün də keçərlidir. İki dəhlizə ehtiyac var. Ona görə də məsələ bir qədər qəlizdir. Azərbaycanın belə bir tələbi var: Qarabağ məsələsinin necə həll etdiksə, digər ərazilərimizi də bir yolla həll edəcəyik.
A.Nərimanlı qeyd edib ki, məsələnin yaxın müddətdə həlli çətin görünür:
“Çünki ilk növbədə münasibətlərin normallaşması və kommunikasiyaların açılması lazımdır. Müharibədən sonra Ermənistan hakimiyyətinə ciddi təzyiq var. Bu kəndlərin qaytarılması Paşinyan üçün qəbuledilməzdir. Ona görə də ən azı seçkiyə qədər bu məsələ gündəmə gəlməyəcək. Müəyyən razılaşmalar var, lakin indiki zaman üçün nəzərdə tutulmur.
Azərbaycan ərazisində erməni terrorçuların əsir götürülməsindən sonra Ermənistandakı ailələr hakimiyyətə qarşı etirazlar yağdırdılar.
Erməni dversantlarından müəyyən işlərin yerinə yetirilməsi üçün istifadə edə bilərik. Fikrimcə, seçki öncəsi də bir neçə terrorçu qaytarıla bilər. Bu, Azərbaycanın Ermənistan daxili siyasətinə təsiri deməkdir. Düşünürəm ki, bu durum ziyanımıza olmayacaq. Azərbaycan tərəfi müəyyən erməni terrorçularını qaytarmaqla qarşılığında müəyyən məsələlərin həllinə nail ola bilər”.