AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə beynəlxalq vebinar keçirilib - Foto

  • + A
  • - A
  • 22-05-2021, 12:15


    Azadmedia.az xəbər verir ki, 21 may – Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə “Sülh və inkişaf: Müxtəliflik niyə vacibdir” mövzusunda beynəlxalq vebinar keçirilib.

    “Sülh Əlaqələndiriciləri” (Connectors for Peace) təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu ilə baş tutan tədbirdə BMT tərəfindən təsis edilmiş bu beynəlxalq gün haqqında məlumat verilərək, onun getdikcə artan aktuallığı nəzərə çatdırılıb. Mədəni müxtəlifliyin dünyada təşviqi istiqamətində birgə səylərin vacibliyindən danışan moderator açılış nitqi ilə çıxış etmək üçün sözü UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə 2005-ci il Konvensiyasının katibi Tüssan Tiendrebeoqoya verib.

    Mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətdə mövcud olan qlobal çağırışlardan bəhs edən T.Tiendrebeoqo bu çağırışlara cavab vermək üçün Konvensiyanın universal alət olduğunu bildirirək bu çərçivədə üzv ölkələrin birgə səylərindən söhbət açıb.

    Panelçilər arasında ilk çıxış edən Azərbaycanın Respublikasının mədəniyyət naziri Anar Kərimov bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edərək müxtəlifliyin beynəlxalq ictimaiyyət üçün önəmindən danışıb. Şərq və Qərb arasında yerləşən Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin mehriban birgəyaşayış məskəni olduğunu qeyd edən nazir, mədəni müxtəlifliyin, multikulturalizmin və dialoqun xalqımızın ənənəvi dəyərlərinə çevrildiyini bildirib.

    Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinin dövlət siyasətində də öz əksini tapdığını qeyd edən Anar Kərimov, ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi müxtəlif strukturların mövcud olduğunu, yerli qanunvericilikdə mədəni özünüifadə müxtəlifliyinin geniş təşviq edildiyini əyani misallarla diqqətə çatdırıb.

    Ölkəmizin təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də multikulturalizm və mədəniyyətlərarası dialoqun aktiv təbliğatçısı olduğunu vurğulayan nazir Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif bölgələrində yerləşən mədəni irs nümunələrinin təmiri və bərpası üçün görülən işlər barədə ətraflı danışıb.

    Çıxışda həmçinin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, eləcə də Bakı Beynəlxalq Humanitar Forumları haqqında məlumat verilib.

    Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda fəal olduğunu bildirən Anar Kərimov onu da diqqətə çatdırıb ki, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərində mədəni irs planlı şəkildə məhv edilib və bu ərazilərin 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər mədəniyyətimizə qarşı təcavüz dayandırılmayıb.

    Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini bildirib.

    Beynəlxalq vebinarda daha sonra çıxış edən Çinin Kommunikasiyalar Universitetinin Paylaşılan Birgə Gələcək İcması İnstitutunun təmsilçisi Yanqi Janq, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının baş icraçı direktoru Maykl Şuman tədbirin mövzusu üzrə müxtəlif aspektlərə toxunublar.
    Vebinarın sonunda sual-cavab formatında panel müzakirələri keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR