Azərbaycanın intellektual gələcəyi – Çinlə strateji tərəfdaşlığın potensialı

Süni intellekt (Sİ) iqtisadi rəqabətqabiliyyətliliyini, dövlət idarəçiliyinin keyfiyyətini və formalaşmaqda olan qlobal texnoloji sistemdə ölkələrin mövqeyini müəyyən edən əsas sahələrdən birinə çevrilir.
Bu səbəbə görə də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Meyin yerli mediada dərc edilmiş “İnnovativ inkişaf və hamının rifahı naminə: 2026-cı il Ümumdünya Süni İntellekt Konfransı süni intellektin qlobal idarə olunmasında yeni səhifə açır” adlı məqaləsi həm Çinin nailiyyətlərini, həm də Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yeni və perspektivli istiqamətinin meydana çıxmasını əks etdirir. Məqalənin əsas ideyası süni intellektin inkişafının texnoloji yarışla məhdudlaşmamasından ibarətdir: bu proses beynəlxalq əməkdaşlıq, məsuliyyətli idarəetmə və imkanların ədalətli şəkildə bölüşdürülməsini tələb edir.
Məhz belə sistemli mövqe Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında ifadə olunmuşdur. Bu yanaşmanın normativ özəyini “insan hər şeydən üstündür” prinsipi təşkil edir: texnologiyalar insanın nəzarətindən kənarda qalan müstəqil qüvvəyə çevrilməməli, cəmiyyətin rifahına, tərəqqisinə və təhlükəsizliyinə xidmət etməlidir. Çin yanaşması bir-biri ilə sıx bağlı olan inkişaf, təhlükəsizlik, sivilizasiya və idarəetmə kimi dörd istiqaməti özündə birləşdirir. İnnovasiyalar açıq və əlçatan olmalı, texnoloji risklər vaxtında müəyyənləşdirilərək nəzarətdə saxlanılmalı, mədəni müxtəliflik nəzərə alınmalı, beynəlxalq normalar isə həmrəylik və geniş konsensus əsasında hazırlanmalıdır. Bununla da Çin məsuliyyətli texnoloji inkişafın bütöv fəlsəfəsini irəli sürmüş olur.
Bu konsepsiyanın əməli davamı kimi Şanxayda Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatı təsis edilmişdir. Müstəqil hökumətlərarası strukturun yaradılması siyasi təşəbbüslərdən dayanıqlı beynəlxalq arxitekturanın formalaşdırılmasına keçidin reallaşdırılması deməkdir. Təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanır, bütün dövlətlər üçün açıqdır və birgə məsləhətləşmələr, birgə töhfə və ümumi fayda prinsipləri üzərində qurulur. Onun vəzifələrinə kadr hazırlığı, strategiyaların, idarəetmə normalarının və texniki standartların əlaqələndirilməsi, süni intellektin tətbiqi sahələrdə istifadəsinin təşviqi, eləcə də Qlobal Cənub ölkələrinin imkanlarının genişləndirilməsi daxildir. Xüsusilə mühüm məqam ondan ibarətdir ki, burada beynəlxalq idarəetmə təkcə məhdudiyyətlər sistemi kimi deyil, həm də dövlətlərə bilik, infrastruktur və real inkişaf vasitələri təqdim edən mexanizm kimi başa düşülür.
Məhz bu prinsiplər Çinlə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini obyektiv surətdə qiymətləndirməyə imkan yaradır. Belə qarşılıqlı fəaliyyət müstəqil siyasətdən imtinanı, suveren səlahiyyətlərin ötürülməsini və ya başqa bir modelin mexaniki şəkildə təkrarlanmasını nəzərdə tutmur. Əksinə, Çinin mövqeyi dövlətlərin iri yaxud kiçik olmasından, inkişaf səviyyəsindən və ictimai quruluşundan asılı olmayaraq onların bərabərliyi prinsipinə əsaslanır, hər bir xalqın modernləşmə yolunu müstəqil seçmək hüququnu tanıyır və maraqların könüllü şəkildə uzlaşdırılmasını əsas olaraq götürür. Deməli, süni intellekt sahəsində tərəfdaşlıq Azərbaycanın texnoloji suverenliyini zəiflətmək deyil, əksinə, milli mütəxəssislərin hazırlanması, öz infrastrukturunun inkişaf etdirilməsi, həllərin lokallaşdırılması və açıq texnologiyalara çıxış imkanlarının genişləndirilməsi vasitəsilə onu möhkəmləndirmək potensialına malikdir. Bir çox ölkənin məhdud sayda qapalı rəqəmsal platformadan asılılığının artdığı bir şəraitdə Çinlə əməkdaşlıq şaxələndirmə və strateji müstəqilliyin gücləndirilməsi üçün əlavə imkanlar yaradır.
Bu tərəfdaşlığın praktiki dəyəri Çinin texnoloji bazasının miqyası ilə müəyyən olunur. Süni intellektin ardıcıl şəkildə dövlət inkişaf planlarına daxil edilməsi, iri elmi-sənaye ekosisteminin formalaşdırılması, açıq modellərin yayılması və intellektual həllərin geniş tətbiqi Çini qlobal rəqəmsal transformasiyanın aparıcı mərkəzlərindən birinə çevirmişdir. Ayrı-ayrı alqoritmlərin hazırlanmasından süni intellektin sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, dövlət xidmətləri və sosial sahəyə inteqrasiyasını nəzərdə tutan “Sİ+” təşəbbüsünə keçid xüsusilə mühüm əhəmiyyət kəsb edir. Elmi tədqiqatların, inkişaf etmiş istehsal sisteminin və nəhəng daxili bazarın vəhdəti sayəsində Çin texnoloji nailiyyətlərin praktik nəticələrə çevrilməsi sahəsində nadir təcrübəyə malikdir.
Çinlə əməkdaşlıq Azərbaycan üçün milli modernləşmə vəzifələrinə birbaşa cavab verən imkanlar açır. Söhbət mütəxəssislərin hazırlanmasından, Azərbaycan dilində işləyən modellərin yaradılmasından, intellektual nəqliyyat sistemlərinin və Orta Dəhlizin rəqəmsal infrastrukturunun inkişaf etdirilməsindən, süni intellektin energetika, kənd təsərrüfatı, iqlim proqnozlaşdırılması və dövlət xidmətləri sahələrində tətbiqindən gedə bilər. Birgə laboratoriyaların yaradılması, tədqiqat proqramlarının həyata keçirilməsi və yerli texnologiya şirkətlərinin dəstəklənməsi də perspektivli istiqamətlər sırasındadır. Bununla yanaşı, əsas prioritetlər sırasında hazır məhsulların sadəcə satın alınması deyil, həllərin lokallaşdırılması, biliklərin ötürülməsi və Azərbaycanın öz kompetensiyalarının formalaşdırılması yer almalıdır.
Belə bir yanaşma ölkənin milli inkişaf kursuna uyğundur. Azərbaycan süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində strategiyalar qəbul etmiş, Çinin təşəbbüsü ilə yaradılmış Süni İntellekt Potensialının Gücləndirilməsi üzrə Beynəlxalq Əməkdaşlıq Dostları Qrupunda iştirak edir, mütəxəssislərini təlim və mübadilə proqramlarına göndərir, çoxtərəflilik və bərabərhüquqlu inkişaf prinsiplərinə əsaslanan Çin təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyir. Buna görə də Azərbaycanın Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatına qoşulmasını və onun fəaliyyətində fəal iştirakını gözləmək məntiqli olardı. Bu, ölkəmizə həm bilik və texnologiyalara çıxış əldə etmək, həmçinin süni intellektin formalaşmaqda olan qlobal idarəetmə sistemində öz maraqlarını müdafiə etməklə beynəlxalq norma və standartların müzakirəsində iştirak etmək imkanı vermiş olardı.
Səfir xanım Lu Meyin məqaləsi süni intellektin Çin-Azərbaycan tərəfdaşlığının yeni strateji dayağına çevrilə biləcəyini əsaslı şəkildə göstərir. Bu əməkdaşlığın təməlini etimad, qarşılıqlı tamamlanma və imkanların birgə yaradılması təşkil etməlidir. Belə formatda Çinlə əməkdaşlıq Azərbaycanın müstəqilliyini məhdudlaşdırmır, əksinə, onu möhkəmləndirir: texnoloji tərəfdaş seçimini genişləndirir, ölkənin milli kadr və elmi potensialını artırır, Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda daha fəal iştirak etməsi üçün əlverişli şərait yaradır. Texnologiyaların idxalından həllərin birgə yaradılmasına keçid Azərbaycana öz inkişaf istiqamətlərini müstəqil müəyyənləşdirmək kimi suveren hüququnu qorumaqla “rəqəmsal” və “intellektual gələcəyinə” daha da yaxınlaşmağa imkan verəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.