AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur

  • + A
  • - A
  • 24-05-2021, 16:29


    Əliabbas Salahzadə
    Millət vəkili

    Vətən müharibəsində qələbəmizin yaratdığı reallıqlar Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivlərini yenidən nəzərdən keçirməyi zəruri edib.

    Bu məsələlər mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən tədbirdə geniş və ətraflı şəkildə müzakirə edildi.
    Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin səkkiz il öncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılması barədə verdiyi qərar da dövlətimizin başçısının digər uzaqgörən addımları qədər düşərli olmuşdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya səviyyəsində get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edir.

    Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, Mərkəz beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı. Mərkəz bütün sahələrdə Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmiş, bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmiş, tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başlamışdır. COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəz yenə də çox fəal işləyir, yeni texnologiyalardan tam yararlanmaqla öz səylərini davam etdirir.

    “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusu isə cənab Prezidentin dediyi kimi, regionda son hadisələr, Vətən müharibəsi nəticəsində vəziyyətin tam dəyişməsi ilə aktuallaşmışdır. Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi.

    Müzakirə iştirakçıları olan Nizami Mərkəzinin üzvləri əsasən sabiq dövlət başçıları, keçmiş nazirlər, keçmiş səfirlər, nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etmiş şəxslər olduğundan dialoqlarda yüksək mədəniyyət, kübarlıq duyulurdu və müzakirə olunan məsələlərin ciddiliyi barədə təsəvvürlərin dəqiqliyini artırırdı.

    Cənab Prezident müzakirədə işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsində beynəlxalq bankların rolunu necə görməsi barədə sualı cavablandırarkən ölkəmiz üçün nəyin sərfəli olduğunu açıq söylədi. İşğaldan azad olunmuş ərazilərin daha müasir arxitekturaya, daha müasir tələblərə cavab verən bir bölgə kimi inkişaf etdirilməsinə diqqət çəkdi və qeyd olundu ki, əcnəbi və yerli investorlar əgər işğaldan azad edilmiş ərazilərdə layihələri həyata keçirməyə kömək etsələr, bizi bu sevindirmiş olardı.

    Müdrik dövlət başçımız müharibədən sonrakı düzəndə Azərbaycan-Ermənistan münasibətlərinin qurulması və Qarabağın iqtisadi cəhətdən dirçəldilməsi işinə supergüc dövlətlərin, eləcə də BMT-nin, Avropa İttifaqının, ATƏT-in Minsk qrupunun, Qoşulmama Hərəkatının necə köməklik göstərə biləcəyi barədə ona verilən sualları da tutarlı arqumentlərə cavablandırdı, Azərbaycanın milli maraqlarından çıxış etdi. Nizami Mərkəzi, bu nadir beynəlxalq institut, eyni dəyərləri paylaşan insanlar sayəsində yaranıb. Nizami Mərkəzindəki böyük şəxsiyyətlərın sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərdən meyarları müəyyən edir. Hamını əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR