AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankının proqnozu Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsindən xəbər verir

  • + A
  • - A
  • 10-06-2021, 16:42


    İqbal MƏMMƏDOV,
    Milli Məclisin deputatı

    Azərbaycanın bu gün sosial-iqtisadi sahələrdə əldə etdiyi mü­hüm uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahat­lar, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan əhəmiyyətli addımlar dünyanın iqtisadi azadlıq səviyyəsini tədqiq edən institutları tərəfindən yüksək qiymətləndirilir. Bu baxım­dan Dünya Bankının yenilənmiş proqnozu xüsusi diqqət çəkir. Belə ki, bankın “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına əsasən, bu il Azərbaycan iqtisadiyyatının 2,8 faiz artacağı, gələn il isə iqtisa­di artımın 3,9 faiz olacağı proqnozlaşdırılır. Hesabatda 2023-cü ildə ÜDM-in artım tempinin də 3,4 faiz səviyyəsində qərarlaşacağı vurğu­lanır.

    Yeri gəlmişkən, Azərbaycanda son illərdə aparılan iqtisadi islahatlar da Dünya Bankı tərəfindən dəstəklənib, ölkə rəhbərliyinin uğurlu sosial-iqti­sadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

    Xatırladım ki, adıçəkilən ban­kın hazırladığı “İqtisadi inklüziv­liyin vəziyyəti-2021” hesabatda Azərbaycan həyata keçirdiyi inklüzivlik proqramları ilə digər ölkələrə nümunə rolu oynadığı bildirilir. Burada əsasən, respublikamızda “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” təhlil edilərək, dövlətin əhalinin bu həssas təbəqəsinə münasibəti yüksək dəyərləndirilir.

    İlk dəfə təqdim olunan “İqtisadi inklüzivliyin vəziyyəti-2021” hesaba­tına görə, inklüzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafı­nı reallaşdırmaq üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dol­ları dəyərində) göstəricisinə əsasən, Azərbaycan sənəddə sıralanan ölkələr arasında liderdir.

    Ötən ilin dekabr ayında Dünya Bankının daxili audit strukturları tərəfindən aparılan müfəssəl diaqnos­tika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı möv­qeyi də xeyli yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

    Onu da qeyd edim ki, ilkin hesa­batda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə ara­sında 34-cü olduğu halda, araşdırma­dan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.

    Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

    Beləliklə, Dünya Bankının yuxarıda vurğulanan proqnozları bir daha təsdiqləyir ki, Vətən müharibəsinin və pandemiyanın təsirlərindən irəli gələn müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yeni mərhələdə də öz inkişafını dayandırmayıb. Bu, bir neçə səbəblə bağlıdır. Əvvəla, Azərbaycanın iqtisadi cəhətdən azad ölkə olması danılmaz faktdır. Respublikada əlverişli biznes, investisiya mühitinin mövcudluğu bunun bariz ifadəsidir. Digər tərəfdən, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu, liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsinin və siyasi iradənin məntiqi nəticəsidir. Bütün bunlar isə dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR