AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir”...

  • + A
  • - A
  • 11-06-2021, 15:02


    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    Seçki istənilən ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Ermənistanda, nəhayət, qəbul etməlidirlər ki, hətta bu cür ciddi, ölkədaxili məsələlərində Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. İstər Ermənistan iqtidarı, istərsə də müxalifəti artıq seçicini inandırmaq, onun dəstəyini qazanmaq üçün, yeri gəldi-gəlmədi Azərbaycan faktoruna istinad edirlər: hakimiyyətdə qalmaq istəyənin də məhz bu ada ehtiyacı var, onu hakimiyyətdən salmaq istəyənin də. Ermənistandakı siyasətçilərin seçki ritorikasından az qala belə nəticə çıxır ki, oradakı hakimiyyət məsələsi ya Azərbaycanda həll olunur, ya da onun həlli ölkəmizin mövqeyindən xeyli dərəcədə asılıdır...

    Zənnimcə, 44 günlük Vətən müharibəsindəki hərbi məğlubiyyətindən sonra, bu cür ab-hava son 33 ildə Ermənistan ictimai-siyasi mühitinin məruz qaldığı ən ağır mənəvi sarsıntı, düşüncə məğlubiyyəti deməkdir. Ermənistanın düşdüyü bu acınacaqlı durumun əsas səbəbi odur ki, oradakı bütün hakimiyyətlər onilliklər ərzində öz toplumunu xəstə xəyallar və miflər üzərində “bəsləyib”. Bu hakimiyyətlərin hər biri erməni cəmiyyətinə təlqin edib ki, qonşunun mal-mülkünə, torpağına göz dikməklə, hərbi təcavüz edib onları ələ keçirməklə, tarixi saxtalaşdırmaqla guya rahat və təminatlı yaşamaq mümkündür. Azərbaycan isə haqq etdiyi tarixi Qələbəsi ilə sübut etdi və hələ də sübut edir ki, bu, əsla belə deyil. Verilən çörəyə xəyanət və qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir...

    Bəlkə, Ermənistan cəmiyyəti seçki prosesində müşahidə etdiyi iyrəncliklərdən sonra, nəhayət, anlayar ki, daha ağır faciələrdən xilas olmağın yolu yalnız budur: başqalarına qarşı ərazi iddialarından əl çəkmək, kommunikasiyaların açılmasına təzyiq kimi deyil, uğradıqları iqtisadi tənəzzüldən yeganə çıxış yolu qismində yanaşmaq, 10 noyabr və 11 yanvar üçtərəfli Birgə Bəyanatlara əməl etmək və Azərbaycan daxil, bütün qonşularla dinc birgəyaşayış şəraitində yaşamaq. Əks təqdirdə, Ermənistanda hakimiyyət seçiminin üstünü indiki kimi malalamağa, pərdələməyə də ehtiyac qalmayacaq. Kimsə, yaxud kimlərsə heç gizlətmədən, görüntü də yaratmadan, açıq şəkildə öz protektorunu-prefektini və ya canişinini gətirib Ermənistanda yuxarı başda əyləşdirəcək. Bu, ermənilər üçün daha böyük milli faciə demək olacaq. Seçim özlərinindir. Amma artıq əmin olmalıdırlar ki, Azərbaycana yönəlik istənilən siyasi-hərbi təxribatın qarşısı birmənalı şəkildə qətiyyətlə alınacaq. Artıq əlavə 30 ilə də ehtiyac yoxdur, çünki uydurduqları miflər 44 gün ərzində darmadağın edilib. Yeni miflər uydurmaq və Ermənistan cəmiyyətini bunlara inandırmaq yolunu seçən erməni siyasətçiləri də bilməlidirlər ki, bu, onları da şəxsi mənada siyasi fəlakətə aparır. Nə qədər çətin olsa da, çox inanmaq istərdim ki, ilk növbədə, Ermənistan cəmiyyətinin özü belələrini bağışlamayacaq...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR