AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kreml Paşinyanı niyə indidən baş nazir "təyin" etdi - Rusiyanın seçimi Ermənistanda böhranı daha da dərinləşdirə bilər

  • + A
  • - A
  • 30-03-2021, 18:53

    Kreml Paşinyanı niyə indidən baş nazir "təyin" etdi - Rusiyanın seçimi Ermənistanda böhranı daha da dərinləşdirə bilər

    Ermənistanda siyasi böhrandan çıxış yolları axtarılır. Ancaq hələlik ölkədə davamlı sabitliyə təminat verən variant tapılmayıb. Və bu, o deməkdir ki, Ermənistanda siyasi böhran hələ uzun müddət davam edəcək.

    Ermənistan baş naziri Nikol Paşinyan indiki siyasi şərtlər daxilində ölkəni idarə edə bilməyəcəyini anlayır. Ona görə də, öz siyasi rəqiblərini fakt qarşısında qoymağa çalışır. Yəni erməni baş nazir onu hakimiyyətdən kənarlaşdırmaq istəyənlərə seçki ilə siyasi dəyişiklik variantı təklif edir.

    Bu, Ermənistan baş naziri üçün öz siyasi rəqiblərini sıradan çıxartmaq baxımdan, ən optimal variant sayılır. Bəzi ictimai rəy sorğularında öz siyasi rəqiblərini qabaqlayan erməni baş nazir seçkilərdə qalib gələcəyini düşünür. Bu baş verərsə, seçicilərin etimadını yenidən qazanarsa, baş nazir Nikol Paşinyan öz hakimiyyətini ciddi şəkildə möhkəmləndirmiş olacaq.

    Təbii ki, ictimai rəy sorğularında baş nazir Nikol Paşinyandan ciddi şəkildə geri qalan müxalifət düşərgəsi də bu reallığı anlayır. Ona görə də, seçkilərə razı olsa da, baş nazir Nikol Paşinyanın iştirakını əngəlləməyə çalışır. Onun istefa verib, tamamilə kənara çəkilməsində birbaşa maraqlıdır.

    Ancaq bu, sadəcə, Ermənistan müxalifətinin tələbi və ya istəyi ilə baş tutacaq məsələ deyil. Çünki, Ermənistanın siyasi məkanında Rusiya faktoru da böyük önəm daşıyır. 2018-ci ildəki siyasi proseslərdən fərqli olaraq, indi bu faktor daha güclüdür. Və Ermənistan müxalifəti bu faktorun təsiri ilə mütləq hesablaşmaq məcburiyyətindədir.

    Kremldəsə, Ermənistandakı siyasi böhrana iki ölkə arasındakı müttəfiqlik prizmasından yanaşmaq həvəsi o qədər də güclü deyil. Əksinə, Rusiya Ermənistanda siyasi böhranın həllini özünün geopolitik maraqlarının təmin edilməsində bir vasitə hesab edir. Yəni, Ermənistanda nə baş verməsindən və ya kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Moskva anlaşmaları mütləq icra edilməlidir.

    Təbii ki, Kremldə hakimiyyət dəyişikliyi halında Ermənistanın müəyyən problemlər yarada biləcəyini nəzərə alırlar. Erməni müxalifətinin revanşist əhval-ruhiyyədə olması, Moskva anlaşmalarına zidd açıqlamalar verməsi Kreml prinsipial seçim qarşısında qoyur. Bu reallıq Rusiyaya həmişə sadiq olmuş Köçəryan-Sarkisyan cütlüyünün nəzarətində olan Qarabağ klanını məmnun etməyə bilər.

    Məsələ ondadır ki, son vaxtlar Kremlin "Putinin dostu" hesab olunan keçmiş prezident Robert Köçəryandan məsafə saxlamağa çalışdığı müşahidə edilir. Hər halda, Rusiya siyasi dairələri Ermənistan baş naziri Nikol Paşinyanın istefasına Qarabağ klanının ümid bəslədiyi redaksiyadan uzaqdır. Əksinə, Kreml bu istefanın Ermənistanda hakimiyyət dəyişikliyinə yol açmasında maraqlı olmadığına eyham vurur.

    Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Ermənistan baş nazirinin istefası onun şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir" deməklə, N.Paşinyanın siyasi rəqiblərinin ümidlərini boşa çıxarıb. Hər halda, erməni müxalifəti Kremlin bu mövzuda müzakirələr ilə Ermənistanın yeni baş nazirini nişan verəcəyini düşünürdülər.

    Amma D.Peskovun fikrincə, erməni baş nazir istefa versə belə, onun seçkilərədək öz vəzifəsinin icrasına davam etməsi vacibdir: "Ona görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur".

    Eyni zamanda D.Peskov Rusiya prezidenti ilə erməni baş nazirin tez-tez müxtəlif məsələləri müzakirə etdiklərini də söyləməklə, əslində, Kremlin prinsipial seçimini açıqlamış kimi görünür. Yəni, Kreml D.Peskovun vasitəsilə Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olmadığını diplomatik dillə revanşistlərə çatdırmağa çalışır. Və bu, o deməkdir ki, Kreml Ermənistanda yeni baş naziri artıq seçib. Rusiya indiki baş nazir Nikol Paşinyan ilə yola davam etmək niyyətindədir.

    Maraqlıdır ki, D.Peskov dolayısı ilə də olsa, baş nazir Nikol Paşinyana "stavka" edilməsinin əsas səbəbinə də toxunub. O, bildirib ki, Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətləri var. Ancaq Rusiya Azərbaycanla da qarşılıqlı fayda verə biləcək münasibətlərə malikdir: "Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl etibarlı münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı fayda gətirən çox cəhətləri ola bilər”.

    Bu, o deməkdir ki, Kreml erməni revanşistlərin ucbatından Azərbaycan ilə münasibətlərin korlanmasına yol aça biləcək proseslərin başlanmasında qətiyyən maraqlı deyil. Üstəlik, revanşistlərin Azərbaycanı narazı sala biləcək davranışlarının Rusiyanın geopolitik maraqlarına da zərbə vuracağını diqqətə alır. Yəni, Kreml üçün Ermənistanda məhz Moskva anlaşmalarını hər hansı ciddi problem yaratmadan icra edəcək hakimiyyətin mövcudluğu indi heç vaxt olmadığı qədər önəmlidir.

    Hazırda Kremlə Moskva anlaşmalarının icrasına heç bir problem yaratmayacağına tam təminat verən yalnız Nikol Paşinyandır. O, bir neçə dəfə "Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil. Bu, Ermənistan üçün fəlakət olardı" deməklə, Kremlin dəstəyini təmin etməyə artıq nail olub.

    Göründüyü kimi, böyük ehtimalla Ermənistanda növbədənkənar parlament seçkiləri elə də çox şeyi dəyişməyəcək. Baş nazir Nikol Paşinyan həm Rusiyanın dəstəyini alıb, həm də seçkilərin əhəmiyyətli hissəsinin səslərini qazanmaq şansına sahibdir. Kremlin "Savaşın dayandırılmasında Rusiyanın rolunu heç kim unutmasın" mesajı isə müharibə tərəfdarlarına - revanşistlərə ciddi xəbərdarlıq sayıla bilər.

    Yəni Rusiya Ermənistanda savaş əhval-ruhiyyəsində olanların hakimiyyətə gəlişində maraqlı deyil. Əksinə, indi Kreml baş nazir Nikol Paşinyanın timsalında, Moskva anlaşmalarını qeyd-şərtsiz yerinə yetirməyə təminat verənlərin hakimiyyətdə qalmasını üstün tutur.

    Belə anlaşılır ki, Kreml hələ seçkilərdən xeyli əvvəl N.Paşinyanı demək olar, yenidən baş nazir təyin edib. Halbuki, bu, həm də Ermənistanda siyasi böhranın davam edəcəyi ilə bağlı ehtimalları da gücləndirir. Hər halda, revanşistlərin Paşinyan hakimiyyətinin Moskva anlaşmalarının icrasına yönəlik addımlarına müqavimət göstərəcəklər şübhə doğurmur.

    Bu baxımdan, Kreml Ermənistan üçün sabitlik deyil, məhz Rusiyanın maraqlarının təmin edilməsi variantını seçib. Və bunu Rusiyanın maraqları ilə bağlı iki pis variantdan daha yaxşısının seçilməsi kimi də dəyərləndirmək olar.

    "Yeni Müsavat"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR