AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan NATO tipli orduya keçidi sürətləndirəcək - Şuşa Bəyannaməsinin daha bir sirri

  • + A
  • - A
  • 19-06-2021, 18:40

    Azərbaycan NATO tipli orduya keçidi sürətləndirəcək - Şuşa Bəyannaməsinin daha bir sirri

    Türkiyə ilə hərbi müttəfiqliyimizin ən yüksək səviyyəyə qalxması Azərbaycanın peşəkar orduya, NATO və ya Türkiyə tipli orduya keçidini sürətləndirə bilər. “Yeni Müsavat” yada salır ki, Prezident İlham Əliyev də Türkiyə ordusunun kiçik modelini quracağımızla bağlı anons vermişdi. Şuşa Bəyannaməsi ilə bu yöndə əlavə fürsətlər açılır. Çünki bəyannaməyə görə, ölkəmizə qarşı hər hansı üçüncü dövlətin hərbi təhdidi, müdaxiləsi olarasa Azərbaycan və Türkiyə birgə mübarizə apara bilərlər. Bu da özlüyündə iki ordunun mütəmadi birgə hərbi təlimlər keçməsini, Azərbaycanın NATO-da ikinci güclü ordu olan türk silahlı qüvvələrinin təcrübəsinə yiyələnmək imkanlarını genişləndirir.

    Xüsusən də nəzərə alsaq ki, Ermənistan hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyib və bunu kapitulyasiyadan sonra da vaxtaşırı büruzə verir. Məsələn, Ərdoğan və Əliyevin Şuşa səfərini Ermənistan XİN-i həyasızcasına “Türk-Azərbaycan təcavüzü”, “sülhə qarşı demarş” kimi qiymətləndirmiş, “qədim erməni şəhəri Şuşi”nin “işğal” altında olmasından dəm vurmuşdu.

    O baxımdan Azərbaycanın NATO standartlarına uyğun ordu quruculuğu işi bundan sonra daha intensiv, sistemli və kompleks şəkil ala bilər. Artıq sovet ordu sisteminin yanaşmalarından tədricən uzaqlaşmaq zamanıdır. Bəyannamənin daha bir mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq NATO Azərbaycana girdi. Bununla demək olar ki, Azərbaycan öz təhlükəsizliyini tamamilə təmin edir. Azərbaycanın uzun müddət heç bir hərbi bloka qoşulmaması, ikitərəfli, bərabərhüquqlu sazişlərin imzalanması son nəticədə buna hesablanmışdı.

    “Şuşa Bəyannaməsi”nin imzalanması Azərbaycana “NATO xaricindəki müttəfiqin xüsusi statusu”nu qazandırır. Eyni zamanda bu, ABŞ-ın strateji ortaqları - İsrail, Cənubi Koreya, Yaponiya, Avstraliya kimi Azərbaycanın üzərində də NATO-nun siyasi və hərbi çətiri kimi qəbul edilməlidir. Bu gün Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün qarantı olan bu təhlükəsizlik çətiri Türkiyə tərəfindən açıldı. İndi yaxınlıqdakı qonşuları da daxil olmaqla bütün dünya, bu reallıqla hesablaşmaq məcburiyyətində qalacaq.

    Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu fikirlərlə şərik olduğunu dedi. Onun sözlərinə görə, Türkiyə ordusu NATO standartlarına uyğun qurulub: “Şuşada bəyannamə imzalananda da cənab Ərdoğan qeyd etdi ki, Azərbaycan ordusunu Türkiyə ilə birgə modernləşdirəcəyik. Yadınıza salım ki, müstəqilliyin ilk illərində çoxsaylı övladlarımız Türkiyə hərbi məktəblərində təhsil almağa göndərildilər. Həmin məktəblər elə NATO hərbi təhsili demək idi. Ona görə 44 günlük müharibədə türk hərbi təhsili almış zabitlərimizin bacarığı özünü göstərdi”.

    Deputat hesab edir ki, bu bəyannamə və onun müvafiq bəndləri hər iki ordunun birgə təlim keçməsi üçün mühüm sənəddir: “Hazırda Türkiyədə hərbi hava qüvvələri təlimlər keçir, orada helikopterlərimiz iştirak edəcək. Yəni bütün bunlar ölkəmizin müdafiəsi üçün sevindirici haldır”.

    Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusu qarşısına qoyulan tapşırıqları 44 günlük müharibədə məharətini göstərdi. Onun sözlərinə görə, istər NATO yanaşması, istər postsovet təcrübəsindən irəli gələrək biz ordu sistemimizi yaratmışıq: “Ən böyük sınaq müharibə idi və uğurla başa çatdı. Bundan sonra ordunun daha da təkmilləşdirilməsi istiqamətində addımlar atacağıq. Xüsusən də Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi ilə bu yöndə məqsədyönlü iş gedəcək. Əslində Azərbaycanda Türkiyə silahlı qüvvələrinə oxşar model var. Sadəcə, müəyyən dəyişikliklər, yanaşmalarda fərq olacaq”.

    Ş.Ramaldanov hesab edir ki, tam Türkiyə modeli olmasa da, daha optimal ordu ortaya çıxaracağıq: “Silahlı qüvvələrdə dəyişikliklər olacaq və bu yenilik Türkiyə modeli ilə yaxın olmalıdır. Şuşa Bəyannaməsindən də irəli gələrək iki qardaş ölkə bir yerdə fəaliyyətə hazır olmalıdır. Əlbəttə ki, birgə fəaliyyət üçün modellər də yaxın olmalıdır. Ona görə bu istiqamətdə iş gedir, nəticələrini görəcəyik”.

    Polkovnikin fikrincə, Şuşa sənədinin əhəmiyyətini hələ indi tam dərk etmirik: “Onun müsbət nəticəsini illər sonra biləcəyik. Azərbaycanın gələcəyi, ölkənin inkişafı, regionun sabitliyi və təhlükəsizliyi üçün bu bəyannamə tarixi addımdır. Tarixdən uzaqlaşdıqca onun önəmini hiss edəcəyik. Bu razılaşma ordunun daha da güclənməsinə xidmət edəcək”.

    Siyasi şərhçi Ramiyə Məmmədovanın da fikrincə, bəyannamədən sonra hərbi müttəfiqlik əlaqələri genişlənəcək. Ekspert güman edir ki, buna qədər də Azərbaycan Türkiyə ordu təcrübəsinə yiyələnib: “Qarabağda əldə olunan zəfərdə Türkiyə hərb məktəbində oxumuş zabitlərimizin biliklərinin həm də nəticəsi idi. Azərbaycan heç bir hərbi alyansa üzvü olmasa da, Qoşulmama Hərəkatında iştirak etsə də, öz ordu quruculuğunda NATO standartlarına üstünlük verməkdədir. Bu da özünü dolayısı ilə Türkiyə sistemini öyrənməkdə göstərir. Bəyannamədən sonra Türkiyə ordusu Qarabağ ərazisində də hərbi təlimlər keçirə bilər. Bunun bir tərəfi Azərbaycan ordusunun müasirləşdirilməsinə görədirsə, digər tərəfdən dünyaya, Ermənistana və türk dünyasının rəqiblərinə bir mesaj olacaq. Yəni Türkiyə ordusu Qarabağda təlimlərlə bölgədə olduğunu nümayiş etdirəcək”.

    Siyasi təhlilçi istisna etmir ki, hərbi müttəfiqliklə yanaşı Türkiyədə hərb təhsili alan zabitlərimizin sıralarının sayı genişləndirilsin: “Türkiyə Şuşa Bəyannaməsi ilə artıq Naxçıvanın deyil, eyni zamanda bütün Azərbaycanın qarantı oldu. Yəni Azərbaycanın bu gün həm ərazi bütövlüyü, həm də müstəqilliyi NATO ölkəsi olan Türkiyə tərəfindən zəmanətə alındı. Bu, həm də NATO-nun zəmanəti kimi qiymətləndirilməlidir. Necə ki Naxçıvana, indi bütün Azərbaycana bu alyans siyasi sığorta qazandırdı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR