Məşhur Məmmədov,
Milli Məclisin deputatıAzərbaycan Silahlı Qüvvələr Gününü qeyd edir. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə 1998-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Lakin bu il əvvəlkilərdən çox fərqlidur. İstər yaranan il - 1918-ci il olsun, istərsə də yenidən qüvvəyə mindiyi tarix -1998-ci il, Azərbaycan həmişə qonşu dövlətlər tərəfindən basqıya məruz qalmış, torpaqları işğal altında qalmış, öz Ordu gününü sözün həqiqi mənasında ürəkaçıqlığı ilə keçirə bilməmişdi. Tarixə nəzər salsaq görərik ki, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Təəssüf ki, ordununà rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Elə buna görə də keçmiş SSRİ dövründə Azərbaycandan orduya çağırılanlar əsasən tikinti işlərinə cəlb edilirdi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
O vaxt Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb etsə də, ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır, hərb tarixinə salnamələr yazmaqda davam edir. Bu ordu işğal olunmuş əraziləri 30 ilə yaxın bir müddətdən sonra düşməndən azad etdi, ölkənin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaət hərb tarixində hələ çox danışlacaq. Əlverişli relyefi olmayan Şuşa şəhərini topsuz-tüfəngsiz alanlar da Azərbaycan Ordusunun əsgərləri idi. Bu il çox bayramları əvvəlki illərə nisbətən qürurla qeyd etmişik. Silahlı Qüvvələr Günü isə qürurla qeyd olunacaq ən asas bayramımızdır. Çünki Zəfər Qələbəsini bizə bəxş edən Silahlı Qüvvələrimizin hərbçiləri və onların Ali Baş Komandanı cənab İlham Əliyevdir.
Xalq olaraq Ordumuzu da, Ali Baş Komandanımızı da bu qürurlu günləri bizə yaşatdıqları üçün bayramları münasibəti ilə təbrik edir, hər birinə can sağlığı arzulayırıq.